Suallar və cavablar
Son vaxtlar qondarma erməni “soyqırımı” ilə bağlı avantüralar yenidən dünya gündəmindədir. Real tarixi faktları görməzdən gələrək, heç bir əsası olmayan saxta “dəlillərlə” beynəlxalq ictimaiyyətin mövqeyini çaşdırmağa yönələn bu kimi bədnam kampaniyalar çərçivəsində əsl həqiqətlərin daha geniş miqyasda təbliğinə zəruri ehtiyac yaranır. 2011-ci ildə Ankarada “Centerfor Strategic Research” tərəfindən ingilis dilində nəşr edilən “Armenianallegations and historicalfacts. Questions and answers” (“Əsassız erməni iddiaları və tarixi faktlar. Suallar və cavablar”) kitabı bu baxımdan erməni yalanlarına qarşı mübarizədə əsas vasitələrdən biri hesab oluna bilər.
Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, Milli Məclisin deputatı Gövhər BAXŞƏLİYEVA tərəfindən Azərbaycan dilinə tərcümə olunan və dərci üçün müəyyən ixtisarla redaksiyamıza təqdim edilən bu kitab yalnız elmi ictimaiyyətə deyil, ümumilikdə hər bir azərbaycanlı üçün tarixi gerçəkləri öyrənmək baxımından dəyərli istinad mənbəyi ola bilər. Onu müəyyən hissələrlə diqqətinizə təqdim edirik.
1-ci sual:
Şərqi Anadolu ermənilərin qədim yurdu sayıla bilərmi
Erməni tarixçiləri özləri bu fikirlə razı deyillər. Anadolu tarixini nəzərdən keçirərək onların bəzi ziddiyyətli mülahizələrinə diqqət yetirək.
1. İncildə Nuh nəzəriyyəsi. Bu fikrə görə, ermənilər İncildə adı çəkilən Nuhun nəvəsi Haykdan törəyiblər. Nuhun gəmisi Ararat dağına yan aldığına görə bu fikrin tərəfdarları belə bir nəticəyə gəlirlər ki, ermənilərin qədim yurdu Şərqi Anadolu olmalıdır və əlavə edirlər ki, Hayk 400 ilə yaxın yaşamış, öz hökmranlığını ta Babilə kimi yaymışdır. Bu iddia bütövlükdə rəvayətlərə əsaslanır, onun heç bir elmi sübutu yoxdur, bu baxımdan müzakirə obyekti ola bilməz. Tarixçi Avqust Karriyer ümumiyyətlə bu fikri rədd edir və yazır: “Bu, tamamən erməni tarixçiləri tərəfindən yayılan məlumatlara əsaslanır, onların əksəriyyəti isə uydurmadır”.
2. Urartu nəzəriyyəsi. Bəzi ermənilər iddia edirlər ki, onlar eramızdan 3 min il əvvəl Anadolunun şərqində mövcud olan Urartunun əhalisini təşkil ediblər. Urartu sonralar Midiya dövləti tərəfindən süquta yetirilmiş və dağıdılmışdır, ərazisi bir zamanlar Lidiya və Midiya dövlətləri arasında mübahisəyə səbəb olmuş və sonda Midiya dövlətinin tam təsiri altına düşmüşdür. Bu iddia heç bir fakta əsaslanmır. O dövrə aid Anadoluda tapılan heç bir yazılı mənbədə erməni adının heç bir forması aşkarlanmayıb, erməni və Urartu dilləri arasında heç bir oxşarlıq yoxdur: birincisi hind-Avropa dillərinə aiddirsə, ikincisi Ural-Altay dillərinə mənsubdur. Onların mədəniyyətləri də müxtəlifdir. Ərzurum ərazisində tapılan ən son arxeoloji tapıntılar bu fikri aydın şəkildə təsdiqləyir. Bütün bunlara əsaslanaraq demək olar ki, Urartu əhalisinin ermənilərdən ibarət olduğu iddiasını təsdiq edən heç bir dəlil yoxdur.
3. Frakiya-Frigiya nəzəriyyəsi. Erməni tarixçilərinin ən çox meyil etdiyi bu nəzəriyyədə deyilir ki, onlar Balkan yarımadasından mənşəyini alan və eramızdan əvvəl XVI əsrdə illiriyalıların təzyiqi altında Şərqi Anadoluya köçən frakiya-frigiya tayfasından əmələ gəliblər. Bu nəzəriyyə ermənilərin adının ilk dəfə eramızdan əvvəl 521-ci ildə Midiya çarı Daranın Bisütun yazısında çəkildiyi faktına əsaslanır: “Mən erməniləri məğlub etdim”. Sözügedən nəzəriyyə qəbul edildiyi halda, Nuh və Urartu nəzəriyyələrini təkzib etmiş olur.
4. Cənubi Qafqaz nəzəriyyəsi. Bu fikir ermənilərin irqcə və mədəniyyətcə Cənubi Qafqaz xalqlarına mənsub olduqlarını, buna görə də köklərinin buradan gəldiyini iddia edir. Bu da öz növbəsində, ancaq Daranın onları Qafqazda məğlub etdiyi faktına söykənir. Ermənilər istənilən Qafqaz irqinə heç bir halda aid deyillər.
5. Turan nəzəriyyəsi. Bəzi ermənilər Qafqazın bəzi türk qəbilələri ilə əlaqələrinin olduğunu sübut etmək üçün erməni dilinin və mədəniyyətinin onların dili və mədəniyyəti ilə oxşarlığını təqdim edirlər, amma bütün təqdim olunanların ciddi dəlillərə ehtiyacı var.
Sayılan nəzəriyyələrin hər hansı biri təsdiqlənərsə, ermənilərin Şərqi Anadoluda köklərinin olmadığı, iddia edildiyi kimi, orada 3-4 min il əvvəl yaşadıqlarının doğru olmadığı ortaya çıxacaq. Bütün bu nəzəriyyələrin irəli sürülməsi ancaq türklərin erməniləri min illərlə yaşadıqları ana yurdlarından sürgün etməsi iddialarını dəstəkləmək üçündür, amma onlar faktlara əsaslanmır.
2-ci sual:
Türklər ermənilərin ərazilərini gücləmi ələ keçiriblər
Ermənilərin müəyyən zaman ərzində birgə yaşadıqları ərazi heç vaxt müstəqil, suveren dövlət kimi onlar tərəfindən idarə olunmayıb. Bu ərazi ermənilərin orada məskunlaşmaları haqqında məlumatlarda qeyd edildiyi kimi, ən qədim tarixlərdən bəri başqaları tərəfindən idarə edilirdi.
Eramızdan əvvəl 521-ci ildən 344-cü ilədək həmin ərazi Fars dövlətinin əyaləti idi. Eramızdan əvvəl 344-cü ildən 215-ci ilə qədər o, Makedoniya imperiyasının ərazisi idi. Eramızdan əvvəl 215-ci ildən 190-cı ilə qədər Selevkilər tərəfindən idarə edilirdi. Eramızdan əvvəl 190-cı ildən eramızın 220-ci ilinə kimi Roma imperiyası və Parfiya dövləti arasında tez-tez hökmdarlarını dəyişirdi. 220-ci ildən V əsrin əvvəllərinə kimi Sasanilər imperiyasının əyaləti olmuşdur, sonralar VII əsrədək Bizans imperiyasına mənsub idi. VII əsrdən X əsrə qədər ərəblər tərəfindən idarə olunurdu. X əsrdə yenə Bizans imperiyasının tərkibinə qaytarıldı və sonda XI əsrdən başlayaraq türklərin hökmranlığı altına düşmüşdür.
Sadalanan müxtəlif dövlətlərin hakimiyyəti altında bu ərazidə yaşayan ermənilər müstəqilliyin heç bir növünü davamlı olaraq saxlamaq və ya vahid erməni dövləti yaratmaq iqtidarında deyildilər. Ən yaxşı halda bir neçə erməni zadəgan ailəsi qonşu hökmdarların feodal vassalı kimi onları əhatə edən güclü imperiyalar arasında bufer ərazisi kimi xidmət edən müəyyən bölgələri idarə edirdilər. Bu yolla həmin erməni “knyazlıqları”nın çoxu yerli erməni zadəganları tərəfindən öz feodal əraziləri çərçivəsində və ya qonşu imperiyaların öz hərbi qüvvələrini düşmənlərdən qorumaq məqsədilə yaradılmışdır. Bunun ən uğurlu misalı Baqratid ailəsidir ki, erməni millətçi tarixçiləri tərəfindən onların tarixi müstəqilliyinin mövcudluğunun sübutu kimi daim irəli sürülür, amma əslində, bu ailə ərəb xəlifələri tərəfindən əraziyə nəzarət etmək üçün təyin edilib. Bəzi hakimiyyətdə olan, “erməni” sayılan ailələr əslən daha çox fars idilər, nəinki erməni. Onların müstəqil dövlətin heç bir növünü yaratmağa qadir olmadıqlarını erməni tarixçi Asiyalı Gevork təsdiq edir: “Ermənilər yerli əyanlar kimi yaşayırdılar. Onlarda milli birlik hissi olmayıb. Aralarında heç bir siyasi əlaqə və ya tellər yox idi. Yeganə bağlılıqları qonşu əyanlarla idi. Bu səbəbdən sahib olduqları hər hansı milli hiss məhəlli sayılırdı”.
Sözügedən erməni knyazlıqları əsrlər boyu müxtəlif nəhəng imperiyaların və dövlətlərin idarəsi altında yaşamış, mənfəətlərinin maksimal dərəcədə təmin olunmasını güdərək tez-tez tərəf dəyişirdilər, buna görə də dövrün tarixçiləri tərəfindən daim tənqidi və kəskin rəylər alırdılar. Misal üçün, Roma tarixçisi Tasit öz “Annallar”ında “Ermənilər gah Roma, gah da ki, Fars imperiyasını dəstəkləyərək, tərəf dəyişirlər” yazmış və bu fikri ermənilərin “qəribə xalq” olduqlarını söyləyərək tamamlamışdır.
Ermənilərin əsl dövlət qurmalarının uğursuz cəhdləri, qonşuları ilə müqayisədə hər zaman zəif olmaları, yaşadıqları ərazinin hər tərəfi əhatə edən daha güclü qonşu süzerenlər arasında münaqişə səhnəsi olması faktı, onların tarixdə peyda olduqlarında ilk dəfə yaşadıqları torpaqlardan daim köçürüldükləri və ya özlərinin xoşluqla köçməsi öncə məhz bu şərtlərin nəticəsidir, sonra isə ermənilər arasında birliyin və gücün olmamasındadır. Beləliklə, Fars dövlətindən qaçdıqdan sonra onlar Mərkəzi Anadoluda, Kayseridə məskunlaşıblar. Bundan əvvəl isə Sasanilər tərəfindən Mərkəzi İrana, ərəblər tərəfindən Suriyaya və Ərəb yarımadasına, Bizansdan Mərkəzi Anadoluya və İstanbula, Makedoniyaya, Frakiyaya, Bolqarıstana, Rumıniyaya, Macarıstana, Transilvaniyaya və Krıma köçürülüblər. Səlib yürüşü zamanı isə onları Kipr, Krit və İtaliyaya köçürüblər. Monqollardan qaçaraq onlar Mərkəzi Asiyada, Qazanda və Həştərxanda yerləşiblər və son olaraq, ruslar tərəfindən Rusiyanın daxili ərazilərinə köçürülüblər. Bu əsrlər sürən köçürmələr və miqrasiya nəticəsində ermənilər Siciliyadan tutmuş Hindistana qədər, Krımdan tutmuş Ərəbistana qədər geniş ərazidə yayılıblar və beləliklə də, 1915-ci ildə Osmanlıların onları köçürdüklərindən əsrlər öncə ermənilərin “erməni diasporu” adlandırdıqları icmalar yaranmağa başlayıb.
Ermənilər xristianlığı qəbul edəndən 150 il əvvəl, 451-ci ildə Bizans kilsəsindən ayrılıblar, bu da əsrlər sürən Bizans-erməni qarşıdurmalarına gətirib çıxarmış və XI əsrin sonlarından başlayaraq türklərin Anadoluda məskunlaşmalarına qədər davam etmişdir. Bizans sahib olduğu bütün ərazilərdə yunan ortodoksluğunun yayılmasını dəstəkləyərək erməniləri Yer üzündən silməyə və erməni knyazlıqlarını aradan qaldırmağa çalışırdı. Dövrün erməni tarixçiləri ermənilərin bizanslılar tərəfindən necə sürgün olunduqlarını, onlardan düşmən qüvvələr əleyhinə Bizans ordusunun avanqardı kimi necə istifadə olunmasından tam təfərrüatı ilə bəhs edirlər. Bunun nəticəsidir ki, Səlcuq türkləri XI əsrin sonlarından başlayaraq Anadoluya gəldikləri zaman orada heç bir erməni knyazlığına rast gəlməyiblər; qarşılarını alan yeganə qüvvə bizanslılar idi. Səlcuq hökmdarı Alp Arslan erməni knyazlığı olan Aninın torpaqlarını 1064-cü ildə zəbt edib, amma bu knyazlıq artıq 1045-ci ildə, yəni, 19 il əvvəl dağıdılmış və sürgün edilən ermənilərin yerini doldurmaq üçün yunanlara verilmişdi. Buna görə Səlcuq türklərinin nəinki erməni dövlətini, knyazlığını belə dağıtdıqlarını iddia etmək səhv olardı. O, artıq Bizans tərəfindən məhv edilmişdi və yaranan sosial və iqtisadi vəziyyət, faktiki olaraq, türklərin orada məskunlaşması üçün əlverişli şərait yaratmışdı. Dövrün erməni tarixçiləri Anadolunun türklər tərəfindən işğalını onların Bizansın pis idarəsindən və zülmündən azad edilməsi kimi təqdim edirlər. Erməni tarixçisi Asoğik yazır: “Ermənilərin bizanslılara qarşı olan ədavəti üzündən onlar türklərin Anadoluya girməsini alqışlayıb, hətta kömək belə ediblər”. Erməni tarixçisi Edessalı Matiasın dediyinə görə, türklər onun şəhəri Edessanı (indiki Urfa) zəbt edəndə ermənilər sevinmiş, bu hadisəni xalq içində geniş qeyd etmişdilər.
Erməni knyazlığı 1080-ci ildə Kilikiyada yaranıb, amma bu, iddia edildiyi kimi, türklərin Anadoluda məskunlaşmaları nəticəsində yox, daha çox Bizansın Şərqi Anadoluda erməni knyazlığını dağıtması və bu səbəbdən Kilikiyaya erməni axınının nəticəsi olaraq baş vermişdi. Həmin knyazlıq türklərə yaxşı münasibət bəsləmişdir, baxmayaraq ki, Müqəddəs torpaqlara yola düşən və onların ərazisindən keçən Səlib yürüşü iştirakçılarına kömək göstərmiş, əvvəl Bizansın, onun süqutundan sonra əhli-səlib krallıqlarının, monqolların və sonunda Kiprin idarəsini ələ alan katolik Luzinyan ailəsinin hakimiyyətini qəbul etmişdilər. “İmansızlar”a göstərilən bu münasibət erməni qriqorian kilsəsini sarsıdır və kilsənin daxili bölünməsinə gətirib çıxarır ki, bu da öz növbəsində, knyazlığın 1375-ci ildə Suriya və Misir məmlükləri tərəfindən işğalında mühüm rol oynayıb. Sonuncu erməni knyazlığının buraxdığı ən önəmli iz Eçmiədzində müstəqil kilsənin yaranması idi ki, bu da bu günə qədər vacib bir məsələ olaraq qalan erməni ortodoksal kilsəsində daxili parçalanmanı gücləndirən amil idi.
Beləliklə, Şərqi Anadolu II Mehmet Fateh və Sultan I Səlim Yavuz tərəfindən zəbt ediləndə bu ərazi Bizansın süqutundan sonra Ağqoyunlu və Səfəvilər dövlətinə məxsus idi. Səlim Yavuz isə Kilikiyanı məmlüklərdən aldı. Odur ki, Osmanlı türkləri erməni dövlətini və ya knyazlığını zəbt və ya istila etməmiş, onlar artıq digər xalqlar tərəfindən işğal olunmuşdular.
3-cü sual:
Türklər tarix boyu ermənilərə hücum edib incidiblərmi
Erməni təbliğatçıları onların Osmanlı imperiyasının ermənilərə qarşı həyata keçirdiyi “soyqırımı” iddialarını dəstəkləmək üçün belə bir fikir irəli sürürlər ki, türklər qeyri-müsəlman xalqları, xüsusən ermənilərlə tarix boyu pis rəftar ediblər, çünki əks təqdirdə, türklərin ermənilərlə 800 ilə yaxın yanaşı, sülh şəraitində yaşamalarından sonra hansı səbəbdən birdən-birə qalxıb onlara qarşı soyqırımı törətdiklərini anlatmaq çətin olacaq. Bundan əlavə, ermənilər türklərin hakimiyyətini xristianlıq və islam arasında daim gedən mübarizə kimi təqdim etməyə çalışıblar ki, müasir xristian ölkələrində onların türklərə qarşı iddialarına inam yaratsınlar.
Tarixi dəlillər bu iddiaları tamamilə inkar edir. Biz artıq dövrün erməni tarixçilərinin yazılarında Bizans ermənilərinin Səlcuq türklərinin işğalını necə salamladıqları, qeyd etdikləri və onların Bizansın zülmündən xilas olunmasına görə minnətdarlıqları barədə məlumatlıyıq. Səlcuqlar Bizansın məhv etməyə çalışdığı erməni kilsəsinin müdafiəsini təmin etdilər. Bizansın erməni kilsələrinə, monastırlar və keşişlər üçün təyin etdiyi ağır vergiləri Səlcuqlar ləğv etmiş və faktiki olaraq bütün bu növ institutları ümumiyyətlə vergidən azad etmişdilər. Erməni icması dini və təhsil məsələləri daxil olmaqla, öz daxili işlərini istədikləri kimi aparmaqda sərbəst buraxılmış və heç vaxt ermənilər və ya istənilən digər qeyri-müsəlman xalqları islamı qəbul etməyə məcbur edilməmişlər. Faktlara əsasən ermənilərin dini lideri Səlcuq sultanı Məlikşahın yanına gəlmiş, bu himayəyə görə təşəkkürünü bildirmişdi. Erməni tarixçisi Edessalı Matias yazır ki, “Məlikşahın ürəyi xristianlara qarşı sevgi və xeyirxahlıq ilə doludur; o, İsa peyğəmbərin övladları ilə yaxşı rəftar eləyir və o, erməni xalqına bolluq, sülh və xoşbəxtlik bəxş etdi”.
Səlcuqlu Sultan, Kılıç Arslanın ölümündən sonra həmin tarixçi yazırdı: “Kılıç Arslanın ölümü bütün xristianları matəm içinə saldı, çünki o, mərhəmətli və böyük şəxsiyyətli bir insan idi”.
Səlcuq türklərinin ermənilərlə yaxşı rəftarı Taşirk ailəsi kimi bəzi erməni zadəgan ailələrinin islamı öz istəkləri ilə qəbul etməsi faktı və türklərlə çiyin-çiyinə Bizansa qarşı döyüşlərdə iştirakları ilə təsdiqlənir.
Türk ənənəsi və müsəlman hüququ türk və müsəlman imperiyalarında qeyri-müsəlmanlarla yaxşı rəftar olunmasını diktə edirdi. Buna görə türklər qeyri-müsəlmanlarla bağlanan razılaşmalarda onların “zimmi” statusunu qəbul etməsi və nizamı saxlaması, hüquq və ənənələrinin müdafiəsinin təmin edilməsi üçün vaxtında vergilərin ödənməsi barədə razılığa gəlirdilər. Müxtəlif dinlərə mənsub olan insanlarla görünməmiş tolerantlıqla rəftar edilirdi. Bu da xeyirxahlığa və insani dəyərlərə əsaslanan dövrün fəlsəfəsində öz əksini tapır. İslam dünyasında məşhur olan Yunus Əmrə və Mövlana Cəlaləddin Rumi kimi dahi filosofların şüarı “bütün 72 müxtəlif xalqlara eyni baxış” və “kimliyindən və dinindən asılı olmayaraq xoş gələcəksiniz” olub. Belə bir rəftar xristian hökmdarlarının və işğalçıların nəinki müsəlmanlar və yəhudi kimi qeyri-xristian dinindən olanlara, xristianlığın digər təriqətlərinə mənsub olanlara qarşı belə rəftarının tam əksidir. Misal üçün, erməni qriqorianlara qarşı bizanslıların təqibi, Moreyada və Egey adalarında yaşayan yunan ortodokslarının Venesiya tərəfindən təqib olunması və bogomillərin macarlar tərəfindən təqibi.
Osmanlı imperiyasının yaranması və genişlənməsi, xüsusilə də Bizansın süqutu və bunun ardınca Sultan Mehmet Fatehin 1453-cü ildə İstanbulu fəth etməsi ermənilərin və digər qeyri-müsəlman və müsəlman xalqlarının yeni dövlətdə dini, siyasi, sosial, iqtisadi və mədəni rifahının yeni mərhələsinin təməlini qoydu. Osmanlı imperiyasının ən birinci hökmdarı Osman Qazi (1300-1326) erməniləri Bizansdan müdafiə etmək üçün Şərqi Anadoluda, Kütahyada onların ilk dini mərkəzinin yaradılmasına icazə verdi. Bu mərkəz sonralar Osmanlıların paytaxtının dəyişilməsi ilə bərabər əvvəl 1326-cı ildə Bursaya, 1461-ci ildə isə İstanbula köçürülmüş və Sultan Mehmet Fatehin fərmanı ilə patriarx Hovakimin və onun davamçılarının rəhbərliyi altında erməni patriarxatı qurulmuşdur. Nəticədə minlərlə erməni İrandan, Şərqi və Mərkəzi Anadoludan, Balkanlardan və Krımdan İstanbula məcbur olduqları və ya təqib edildikləri üçün yox, Osmanlı Fatehin öz imperiyasını erməni həyatının əsl mərkəzinə döndərməsi səbəbindən köçmüşdür. Beləcə, erməni icması və kilsəsi böyümüş və Osmanlı imperiyasının genişlənməsi və çiçəklənməsinin bir hissəsi kimi inkişaf etmişdir.
Osmanlı imperiyasının qriqorian erməniləri, digər əsas dini icmalar kimi, öz dini liderinin rəhbərliyi altında milli icmaya birləşdirilmişdi. Belə ki, Sultan Mehmet Fatehin İstanbulun erməni patriarxatının yaradılmasına dair fərmanında deyilirdi ki, patriarx yalnız dini lider yox, eyni zamanda, ermənilərin dünyəvi lideridir. Ermənilər müsəlmanlarla eyni hüquqlara malik idilər, amma bununla bərabər, onlara xüsusi imtiyazlar verilirdi ki, onlardan ən önəmlisi hərbi xidmətdən azad olunmalarıdır. Ermənilər və digər qeyri-müsəlman xalqları müsəlmanlarla, demək olar ki, eyni vergiləri ödəyirdilər, xərac və ya cizyədən başqa, çünki bu vergilər növü onlara islam dinində olan qanuna əsasən təyin edilmişdi, amma müsəlmanlara aid olan zəkat və üşr vergiləri onlardan götürülmüşdü. Erməni dini liderləri dindaşlarından özləri təyin etdiyi vergiləri yığıb dövlətin xəzinə məmurlarına təhvil verirdilər.
Ermənilərin öz dini, mədəni, təhsil və xeyriyyə məsələlərini həll etmək üçün lazımi maliyyə dəstəyinin təmin olunması məqsədilə xüsusi vəqflərin yaradılmasına icazələri var idi, bununla bərabər, ehtiyac duyulanda Osmanlı dövləti xəzinədən bu işləri həyata keçirən erməni institutlarına, habelə erməni patriarxatının özünə maddi yardımını əsirgəmirdi. Bu erməni vəqfləri Türkiyə Respublikasında bu günə kimi fəaliyyətdədir və erməni kilsəsinə davamlı olaraq maliyyə dəstəyi göstərir.
Osmanlı qanunlarına görə, bütün yunan ortodokslarına aid olmayan xristianlar erməni qriqorian kilsəsinə daxil edilmişdi. Belə ki, Anadoluda pavlikianlar və yakubitlər, Balkanlarda bogomillər və qaraçılar erməni hesab edilirdi, bu da imperiyada yaşayan ermənilərin həqiqi sayı barəsində gələcək mübahisələrin yaranmasına gətirib çıxarmışdı. Erməni icması sultanların bəxş etdiyi azadlıq sayəsində genişlənmiş və çiçəklənmişdi. Həmçinin ermənilər Türk-Osmanlı mədəniyyətini, həyat və hakimiyyət tərzini mənimsəmiş və öz töhfələrini o dərəcədə vermişdilər ki, əsrlər boyu sultanların müəyyən etibarını və inamını qazanaraq “sadiq millət” adını almışdılar. Osmanlı erməniləri olduqca dövlətli bankirlərə, tacirlərə və sənayeçilərə çevrilmiş, əksəriyyəti isə dövlət qulluğunun yüksək vəzifələrini tutmuşdu. Məsələn, XIX əsrdə 29 erməni dövlət rütbələrinin ən alisini – paşa rütbəsini alıb. İmperiyada xarici işlər, maliyyə, ticarət və rabitə nazirləri daxil olmaqla 22 erməni nazir var idi, digər ermənilər isə xalq təsərrüfatı, iqtisadi inkişaf və siyahıyaalma sahələrində yüksək vəzifələr tuturdular. 1826-cı ildən sonra formalaşan parlamentdə 23 millət vəkili, 6 səfir, 11 konsul-general və konsul, 11 universitet professoru, 41 digər yüksək rütbəli məmur erməni idi.
Əsrlər boyu ermənilər türklərin və Türkiyədə yaşayan ermənilərin fəxr mənbəyi olan bir sıra birinci dərəcəli sənət adamı dünyaya gətirərək Osmanlı türklərinin incəsənətinə, mədəniyyətinə və musiqisinə böyük töhfələr veriblər. İlk erməni mətbu orqanı XVI əsrdə təsis edilmişdir.
Beləliklə, əsrlər boyu ermənilər, türklər və imperiyada yaşayan digər millətlər sülh və qarşılıqlı anlaşma şəraitində yaşamış, Osmanlı sisteminə və ya administrasiyasına qarşı ciddi şikayətlər olmamışdır. Düzdür, vaxtaşırı ayrı-ayrı millətlər arasında daxili çətinliklər yarana bilərdi. Ermənilərin daxilində belə mübahisə İstanbula Anadoludan və Krımdan gəlib “yerli” sayılan və İrandan gəlib “şərqi” və ya “əcnəbi” sayılan ermənilər arasında patriarxın seçilməsi zamanı yaranmışdı. Bu iki qrup həmişə Osmanlılara bir-birindən şikayətlənmiş və öz namizədləri və maraqları üçün dövlət dəstəyini qazanmağa çalışmışlar. Qərar onların xoşuna gəlmədiyi halda, Osmanlılardan şikayət etmişlər, baxmayaraq ki, Osmanlılar bu iki qrup arasında neytrallığı saxlamağa qərarlı idi. “Şərqlilər”in tədricən qələbələri dinə aidiyyəti olmayan insanların patriarx vəzifəsinə təyin olunmasına, korrupsiyaya və icmadaxili pis idarəetməyə, mübahisə edən qruplar arasında qanlı qarşıdurmalara gətirib çıxarmış, bu da öz növbəsində, ermənilərin bir-birini məhv etməməsi üçün Osmanlıların müdaxilə etməsi zərurətini ortaya qoymuşdu.
Bu daxili münaqişələr qriqorianlar arasında dini standartların tənəzzülə uğraması ilə bərabər, bir çox erməniləri XIX əsrdə imperiyaya göndərilən əcnəbi katolik və protestant missionerlərin yaydıqlarını qəbul etməyə vadar etmiş, əsrin sonlarına yaxın müstəqil icmaların yaranmasına səbəb olmuşdu. Erməni qriqorian kilsəsinin başçıları Osmanlılardan bu dindəndönmənin qarşısını almağı xahiş etdilər, amma Osmanlılar bundan çəkinərək, bunun dövlətin yox, icmanın daxili işi olmasını səbəb gətirdilər. Qanlı toqquşmalar davam edirdi, vəziyyət o səviyyəyə çatmışdı ki, Çuhacyan və Tahtacyan adlı qriqorian patriarxlarını bütün erməni protestantları kilsədən ayırmış və qovmuşlar. Bundan sonra erməni katolikləri ilə Papa arasında münasibətlərdə ciddi qarşıdurmalar yaranmışdı və bu da öz növbəsində, Papanın ali hakimiyyətini qəbul etməyənlərin kilsədən ayrılmaları ilə nəticələnmişdi. Belə vəziyyət Osmanlıları müdaxilə məcburiyyətində qoymuş və 1888-ci ildə bu iki katolik qrupu barışdırmışdılar.
Osmanlılar tərəfindən qeyri-müsəlmanlara yaradılan azadlıq və böyük tolerantlıq mühiti bütün Avropada məşhur idi, buna görə sultanların imperiyası dini və siyasi təqibdən qaçan hər növ insan üçün sığınacaq yerinə dönmüşdü. İspaniyadan 1492-ci ildə Rekonkista zamanı təqiblər üzündən qaçan minlərlə yəhudidən başlayaraq Mərkəzi və Şərqi Avropada və Rusiyada müntəzəm talana məruz qalan yəhudilərin hamısı Osmanlı imperiyasına qaçırdı. Osmanlı imperiyasına gələn katoliklər və protestantlar çox vaxt sultanların xidmətinə daxil olaraq, Osmanlı hərbi və dövlət həyatına böyük töhfələr vermişdilər. 1848-ci ildə Avropada baş verən inqilabdan sonra mümkün reaksiyalardan xilas olmaq istəyən siyasi qaçqınlar da sığınacaq üçün Osmanlı imperiyasına sığındılar.
Osmanlıların qeyri-müsəlmanlara, xüsusən də ermənilərə qarşı pis rəftar etdikləri barədə iddialar erməni tarixçiləri Asoğik və Matiasdan tutmuş Volter, Lamartin, Klod Ferrer, Pyer Loti, Noger Hon Kaetani, Filip Marşal Braun, Mişle, Çarlz Vilson, Politis, Arnold, Bronsart, Ru, Gruse Edgar Granvil Garnier, Toynbi, Bernard Luis, Şou, Prays, Luis Tomas, Bombaci və bu kimi tarixçilərə qədər rədd edilmişdir, baxmayaraq ki, onlardan bəzilərini heç də türkmeyilli adlandırmaq olmaz. Onların bir neçəsindən iqtibas gətirək:
Volter: “Böyük türklər müxtəlif dinlərə mənsub olan iyirmi milləti sülh içində idarə edir. Türklər xristianlara sülhdə mülayim, qələbədə həlim olmağı öyrətdilər”.
Filip Marşal Braun: “Qazandıqları böyük qələbəyə baxmayaraq, türklər tutduqları ərazilərdə yaşayan xalqlara öz ənənələrinə və qaydalarına uyğun hakimiyyət qurmaq hüququnu səxavətlə bəxş ediblər”.
Baş nazir Venizelos tərəfindən idarə edilən Yunanıstan hökumətinin xarici işlər naziri Politis: “Türkiyədə yaşayan yunanların hüquqlarını və maraqlarını türklərdən yaxşı heç kəs müdafiə edə bilməz”.
C.V.Arnold: “Danılmaz tarixi faktdır ki, türk ordusu heç vaxt işğal etdiyi ərazilərdə heç bir dini və mədəni məsələyə qarışmırdı”.
German Bronsart: “Məcburiyyət qarşısında qalmasalar, türklər dünyanın başqa dinlərə qarşı ən tolerant millətidir”.
Hətta Napoleon Bonapart 1798-1799-cu illərdə həyata keçirdiyi işğalı dəstəkləmək üçün Fələstində və Suriyada ermənilər arasında üsyan oyatmaq istəyəndə İstanbuldakı fransız səfiri Sebastiani belə cavab vermişdi: “Burada yaşayan ermənilər öz həyatlarından o qədər razıdırlar ki, bu, mümkün olan bir məsələ deyil”.
(ardı bu linkdə http://1905.az/əsassiz-erməni-iddialari-və-tarixi-faktlar-2/)
“Azərbaycan” qəzeti, 30 iyun 2016