Azıx kahası (azıx – qədim türk dillərində ayı deməkdir) – Azərbaycan Respublikasında ən iri karst mağarası. Füzuli şəhərindən 14 km şimal-qərbdə, Quruçayın sol sahilində, dəniz səviyyəsindən 900 m hündürlükdə yerləşir.
1960 ildə M.Hüseynov tərəfındən aşkar edilmişdir. Mağarada qalınlığı 10-14 m olan 10 mədəni təbəqə aşkar edilmişdir. 1-ci təbəqə Eneolit və ona yaxın olan dövrləri əhatə edir. 2 – ci təbəqədə arxeoloji material tapılmamışdır. 3-cü təbəqədə tapılmış çaxmaqdaşı və dəvəgözü daşından hazırlanmış itiuclu yarpaqvarı alətlər, qaşovlar, bıçaqlar, kəsicilər və istehsal tullantıları Mustye dövrünə aiddir. Bu təbəqədə 6 mindən artıq ovlanmış heyvan sümükləri var. 4-cü təbəqədə aparılan arxeoloji qazıntılar zamanı heyvan sümükləri və əmək alətləri ilə birgə Aşöl dövründə yaşamış ibtidai insanın alt çənə sümüyünün bir hissəsi tapılmışdır (bax Azıxantrop). 5-ci təbəqədə Orta Aşöl dövrünə aid, hər iki tərəfi yaxşı qəlpələnərək itilənmiş badamvarı iri çapacaq, daş qaşov və s. tapılmışdır. 6 – cı təbəqədə Qədim Aşöl dövrünə aid qəlpələnmiş daş çapacaqlar aşkar olunmuşdur. Qazıntılar zamanı 4-6-cı təbəqələrdə 4 ocaq yeri üzə çıxarılmışdır. Bunlardan biri 700 min il əvvələ aiddir və dünyadakı ən qədim ocaq qalığıdır. Aşkar olunmuş ocaq yerləri qədim Azıx sakinlərinin süni yolla od əldə etmələrini göstərir. Ocaqlar olan sahədə 350 min yaşı olan, qaya parçalarından düzəldilmiş dünyada ən qədim yaşayış tikililərinin qalıqları aşkar edilmişdir. 7-10-cu təbəqələrdən Şel və Şeləqədərki dövrə aid 300-dən artıq daş məmulatı əldə edilmişdir. Əmək alətləri, əsasən, şərti olaraq giqantolit adlanlandırılan kobud çapacaqlar, kubvarı alətlər, kobud qaşovlar, iti yeri yaxşı qalmış qəlpələr və s. daş məmulatlarmdan ibarətdir. Bu alətlər protoçöppinqlərin istehsalının erkən formalarıdır. Azıx mağarasının 7-10-cu təbəqələrində aşkar olunmuş materiallar əsasında yeni arxeoloji Quruçay mədəniyyəti müəyyən olunmuşdur.
Erkən Paleolitə aid təbəqələrdən 30 mindən çox daşlaşmış heyvan və nadir hallarda balıq sümüklərinin aşkar olunması Azıx mağarasının sakinlərinin yığıcılıqla yanaşı, ovçuluq və bəzən balıqçılıqla da məşğul olduqlarını sübut edir. Azıx mağarası dünyada ibtidai dini inancların və sayı ifadə edən işarələrin izlərinə rast gəlinən ən qədim abidədir. Antropogen dövrünün başlanğıcına aid yeganə çoxtəbəqəli abidə olan Azıx mağarası Azərbaycan ərazisində təqr. 1,5-2 mln. il əvvəl insan yaşadığını sübüt edir. Azıx mağarası ibtidai insanın təşəkkülü, ibtidai cəmiyyətin yaranması və inkişafı, onun maddi mədəniyyəti, o cümlədən qədim insanın yaşadığı ətraf mühiti ilə bağlı məsələlərin tədqiqində nadir tarixi-arxeoloji mənbədir.
Hazırda erməni işğalı altındadır.
Əd.:Azərbaycan tarixi(yeddi cilddə).C.1, B.,1998.