Söz

Abbas Səhhət – Vətən

Könlümün sevgili məhbubu mənim,
Vətənimdir, vətənimdir, vətənim.
Məni xəlq eyləmiş əvvəlcə Xuda,
Sonra vermiş vətənim nəşvü nüma.
Vətənim verdi mənə namü nəmək,
Vətəni məncə unutmaq nə demək?!

Məmməd Araz – Vətən desin!

 

Bu gün gərək
Hər anımız Vətən! – desin!
Qılıncımız, qalxanımız
Vətən! – desin
Ölənlərin əvəzinə
Qalanımız Vətən! – desin.

Elçin Mirzəbəyli – Kabus qatar

Bu şeirin qəribə bir tarixçəsi var…

Mətbuat Şurasının tədbirində iştirak etmək üçün həmkarlarımla birgə Gəncəyə getmişdim. Rəşad Məcid və Akif Aşırlı isə qatarla gəldilər. Ertəsi gün səhər tezdən otelin qarşısında görüşdük. Rəşadın gözləri dolmuşdu, üzündən nisgil yağırdı. Nə baş verdiyini soruşdum. Sonuncu dəfə 25 il öncə qatarla Ağdama getdiyini dedi… Keçirdiyi hissləri danışdı. Əslində danışmasaydı da olardı, onsuz da hər şey gözlərindən oxunurdu. Keçirdiyi hisslərlə bağlı bir şeir yazmağımı istədi. Söz verdim, “yazacağam” dedim…