Sumqayıt hadisələri SSRİ və Ermənistan xüsusi xidmət orqanlarının məqsədyönlü şəkildə hazırladıqları planın tərkib hissəsi idi
XX əsrin sonunda Dağlıq Qarabağın Azərbaycandan ayrılmasını, tarixən Ermənistan ərazisində yaşayan azərbaycanlıların doğma torpaqlardan zorakılıqla və kütləvi qovulmasını, Ermənistanın Azərbaycana qarşı, əsassız ərazi iddialarını, hərbi təcavüzünü və işğalçılıq siyasətini həyata keçirmək məqsədilə atacaqları zorakı metodlarını “əsaslandırmaq” üçün antiazərbaycan kampaniyasını həyata keçirən Ermənistan rəhbərliyi, erməni millətçiləri, siyasi ideoloqları və terror təşkilatları 1980-ci illərin ikinci yarısında hərəkətə keçdilər. Məhz Sumqayıt hadisələri də erməni millətçilərinin Dağlıq Qarabağı işğal etmək üçün Ermənistan xüsusi xidmət orqanları və SSRİ Dövlət Təhlükəsizlik Komitəsi tərəfindən təşkil edilmiş xüsusi bir plan olmuşdur. Bu hadisələr ermənilərin Azərbaycan torpaqlarını zəbt etmək üçün hələ xeyli əvvəl başladıqları planın ideoloji əsaslarını qoymaqla sonradan siyasi-hərbi mərhələyə keçidin başlanğıcı oldu.