Ermənilərin yaşadığı ərazi və onların mənşəyi məsələsi haqqında çox dolaşıq və müxtəlif mülahizələr mövcuddur. Bunları ermənilərin özləri bilərəkdən və məqsədli şəkildə irəli sürürlər. Qədim ermənilər özlərinə erməni yox, hay demişlər.
Həmin ermənilər indiki ermənilər deyil. Bununla əlaqədar İ. Şopen yazırdı ki, iranlılarla farslar, yunanlılarla ellinlər eyni olmadığı kimi, ermənilərlə haylar da eyni köklü xalq deyil. “Erməni” etnonimi ermənilərin özünü adlandırması olan “hay” etnonimi ilə üst-üstə düşmür. İndiki ermənilər nə hay, nə də ərman deyillər. Tədqiqatçılara görə Balkanlardan gəlmə olan friq tayfalarının bir qolu olan indiki ermənilər Arme və Hayasa əyalətlərinə gəlib məskunlaşmışlar. Herodota görə, Balkanlarda yaşayan friqlər skiflərin təzyiqi altında Kiçik Asiyaya, Hetlər ölkəsinə köçdülər Burada hetlər onları hayasa adlandırdılar. Q. Melikişvili Hayas əyalətindən bəhs edərkən göstərir ki, hələlik anlaşılmayan hay tərkibi və -as şəkilçisi Türkiyənin Anadolu bölgəsində yaşayan hind-avropa mənşəli Luvi dilindədir və armanlarla heç bir əlaqəsi yoxdur. Erməni tarixçisi Q. Kapansyan yazır ki, arim adlanan hind-avropa tayfası Balkanlardan Kiçik Asiyanın Hetlər ölkəsinə yerləşdilər, sonra isə e.ə. VII-VI əsrlərdə Ərmən yaylasına köçərək ərmən adlandılar. Friqlərin bir qolunu guya “arim” adlanması və “erməni” sözünün həmin “arim” sözündən yaranması fikrini İ. Dyakonov rədd edir. Deməli, haylardan xeyli əvvəl Arman yaylası var idi. “Hay” əyaləti isə ermənilərin indiki ərazilərindən xeyli uzaqda, Qərbi Fəratın yuxarı axarında idi.
İndi bütün dünya xalqlarında işlənən “erməni” adı mənşəcə yalnız özünü “hay” adlandıranlara şamil oluna bilən etnik ad deyil. Qədimdə “Armina” və “Armini” adları həm Arme əyalətinin, həm də əyalətdə yaşayanların adlarını ifadə edirdi.
Deməli, armi kökünün haylarla heç bir əlaqəsi yoxdur və bu ideya erməni tarixçilərinin uydurmasıdır.
Arminlərin yaşadığı Arminiya ölkəsinin adını ilk dəfə İran şahı I Daranın kitabələrində rast gəlinir ki, bunun da bugünkü ermənilərə aidiyyəti yoxdur. Hayların əcdadları Balkanlardan qovulduqdan sonra Mesopotamiyaya gəlib çıxmış və az sonra o dövrdə tənəzzülə uğramış Urartu dövlətinin ərazisində peyda olmuşlar. E.ə. VII əsrdən başlayaraq yerli xalqların və bura gələn yeni etnik qrupların qatışması nəticəsində e.ə. III əsrdə özünə “hay” etnonimi götürmüş yeni etnos formalaşmağa başladı. Lakin yunanlar onlara yerləşdikləri Arminiya coğrafi ərazisinə uyğun ad verdilər – “ermənilər”.
İ. Dyakonov yazır ki, haylar heç vaxt özlərinə “erməni” deməmişlər. Ona görə ki, “erməni” adı “hay”lara bir hissəsi Arminidə, sonra Ərməniyədə yaşadıqlarına görə kənardan verilmiş ümumiləşdirici addır. Deməli, “Armin” adı “Armeniya” formasını kəsb etmiş və başqa dillərə də yayılaraq həmin dillərdə “hay” adlananlar üçün etnik ada çevrilmişdir.
Erməni alimləri həm yaşadıqları coğrafi ərazini, həm də mənşələrini saxtalaşdırırlar. Onlar sübut etməyə çalışırlar ki, ermənilərin mənşəyi Türkiyə və Cənubi Qafqazdır, Urartu isə qədim erməni dövlətidir.
Reallığı qəbul edən tarixçilər, hətta erməni tədqiqatçılarından bəziləri bunun düzgün olmadığını göstərirlər. M. Abekyan yazır ki, ermənilərin mənşəyi kimdir, haradan və hansı yolla bura gəliblər, erməni olara qədər kim olublar, kimlərlə əlaqə saxlayıblar, onların əcdadlarına və dillərinə kimlər təsir edib, bəlli deyil. Bu gün bizim əlimizdə bütün bunları təsdiq edən həqiqi və dəqiq heç bir məlumat yoxdur. Başqa bir erməni tarixçisi olan Q. Kerovpyan yazır ki, XIX əsrdən bu günə qədər bütün Hind-Avropa tədqiqatçıları təsdiq edir ki, hind-avropa mənşəli köçəri ermənilər bu ərazilərə gələrək yerli xalqlarla qaynayıb qarışmışlar. B. İşxanyan göstərir ki, ermənilərin həqiqi vətəni qədim-tarixi böyük Ermənistan Kiçik Asiyadır, yəni Rusiya hüdudlarından kənardadır və ermənilər Zaqafqaziyada (başlıca olaraq İrəvan quberniyasında) bəzi xalis erməni əyalətlərindən başqa Qafqaz ərazisinin müxtəlif hissələrində yalnız son əsrlərdə məskunlaşmışlar.
Artıq bu məlumdur ki, ermənilər kimmerlər tərəfindən Balkanlardan Kiçik Asiya ərazilərinə, Dəclə və Fərat çaylarının yuxarılarına sıxışdırılmış muşk tayfalarının dili ilə yerli xalqların – akkadların, hettlərin, luviyalıların, urartların, aysorların, midiyalıların, farsların, parfiyalıların, türklərin və s. dillərinin birləşməsidir. Yəni, ermənilər-xalqlarının konqlomeratıdır, onların dili isə kombinasiyadır (6). Ermənilərin tərkibində assimilyasiyaya uğramış və mənşəyi ilə fərqlənən xeyli etnik qrup mövcud olmuşdur. Elə buna görə ermənilərin 16 antropoloji tipə bölünməsi təsadüfi deyildir. Ermənilərin etnik və antropoloji baxımdan tam və inandırıcı təsnifi yoxdur. Bir sıra mənbələrdə rast gəlinən məlumatlar mənbə müxtəlifliyinin şəxsi müşahidələrinə və özlərindən əvvəl yazılmış əsərlərdən alınan məlumatlara əsaslanır. Verilən məlumatlarda bir həqiqət və bənzərlik var: erməniləri eyni bölgədə yaşayan digər xalqlardan ayırmaq çətindir. Bunun başlıca səbəbi bölgənin bir keçid yeri olması, bir çox xalqların buradan gəlib-getməsi və onların bir qisminin buralarda yerləşib bir-birilə qarışmasıdır. “Erməni” sözü sonradan ortaya çıxaraq müəyyən bölgəyə verilmiş coğrafi addır. Bu, coğrafi bölgədə yaşayan və müxtəlif irqdən olan insanların hamısına verilmiş bir addır. Erməni dili isə bir çox xalqların, xüsusilə aysorların, iranlıların, parfiyalıların və yunanların dillərinin təsiri altında yaranmışdır.
Tarixi faktlar sübut edir ki, hazırkı Ermənistan deyilən dövlətin ərazisi əzəli Azərbaycan torpaqlarıdır. Heç bir tarixçi, obyektiv tədqiqatçı bunu inkar edə bilməz. Ermənilərin Azərbaycan ərazilərinə və bütövlükdə Cənubi Qafqaza gəlmə olduğunu, çar Rusiyasının Qafqazda istilaçılıq siyasətinin genişləndiyi vaxtlarda bu ərazidə ermənilərin dövlət qurumunun olmaması tarixçilər tərəfindən dəfələrlə sübuta yetirilmişdir. Azərbaycan tarixçilərinin ortaya çıxardığı dəlillər də indiki Ermənistan ərazisinin tarixi Azərbaycan torpaqları olduğunu sübut edir.
Yuxarıda qeyd etmişik ki, ermənilər Balkan yarımadasından, Kiçik Asiyaya, oradan isə Şərqi Anadoluya miqrasiya etmişlər. Son miqrasiya e.ə. VI və IV əsrlərdə baş vermişdir. Ermənilər tarix boyu heç bir vaxt davamlı və müstəqil dövlətə malik olmamışlar. “Erməni krallıqları və bəylikləri ərazidəki böyük dövlətlərdən asılı və ya yarımasılı halında yaşamışdır. 15 vilayətdən ibarət bölgələr “Böyük Ermənistan”, 3 vilayətdən ibarət bölgələr isə “Kiçik Ermənistan” adı ilə tanınmışdı. Bunlar siyasi ərazi yox, coğrafi ərazi kimi məlum idi.
Erməni tarixi haqqında müxtəlif rəvayətlər uydurulmuş və burada Hayk sülaləsinin (e.ə. 2350-e.ə. 328), Partiya dövrünün, İran idarəçilik dövrünün olduğunu əsaslandırmağa çalışmışlar. Qeyd etmək lazımdır ki, Ermənistan müstəqil dövlət kimi çox qısa müddətdə mövcud olmuşdur. Tarixdən məlumdur ki, ermənilərin əcdadları hesab edilən qəbilənin yerləşdiyi ərazi sonralar Urartu dövlətinin, Midiya və İran Əhəməni imperiyasınının süqutundan sonra onların Yuxarı Fərat vadisində kiçik bir knyazlığı yaranmış və tədriclə güclənən bu knyazlıq mənşəcə parfiyalı olan II Tiqranın (e.ə. 95-55) hakimiyyətinin əvvəllərində qonşu ölkələrə işğalçı yürüşlər təşkil edərək, qısa bir müddətdə öz ərazisini genişləndirə bilmişdir. Lakin e.ə. 66-cı ildə Roma sərkərdəsi Pompey II Tiqranın hərbi qüvvələrini darmadağın etdikdən sonra, Kiçik Asiyanın şərqində mövcud olmuş erməni knyazlığı müstəqil dövlət kimi tarix səhnəsindən silinmişdir.
Bu ərazidə indi ermənilər kimi tanınan əhalinin yaşamasını bəyan etmək çox çətindir. Bu çarlığın ərazisində müxtəlif qeyri-erməni etnosları yaşamışlar. Bu çarlığın 30 illik mövcudluğu indiki ermənilərdə belə bir xülya yaradıb ki, onlar Tiqran tərəfindən qısa müddətə işğal olunmuş həmin ərazilərin varisləridir. S. Vims hesab edir ki, əslində heç vaxt müstəqil Ermənistan dövləti olmayıb. Tarixdə “böyük Ermənistan” adlı dövlət mövcud olmayıb. Ermənistan eramızın IV əsrinə kimi Roma tərəfindən idarə olunub. I-VI əsrlərdə dəfələrlə Roma, İran və Bizans arasında bölünüb və erməni şahları tərəfindən deyil, onlar tərəfindən idarə olunub.
Bütün sonrakı əsrlərdə, ta 1918-ci ilə qədər o, digər dövlətlərdən – İran, Roma, Osmanlı, Rusiya imperiyalarından ya vassal kimi, ya da tam asılı olmuşdur.
Ermənilərin yenidən siyasi səhnəyə gəlməsi xristian dininin meydana gəlməsi və yayılması dövrünə təsadüf edir. Xristianlığı qəbul etdikdən sonra vahid xristian kilsəsindən üz döndərən ermənilər təriqətçi monofizitlərin tərəfinə keçdilər. Onlar özlərinin əlahiddə qriqoryan kilsəsini yaratdılar. Qriqoryan kilsəsi dövlətin olmadığı şəraitdə erməni icmalarının təkcə dini deyil, eyni zamanda siyasi himayəçisi funksiyasını da öz üzərinə götürdü. Ermənilər qriqoryan kilsəsinin rəhbərliyi ilə güclü xarici qüvvəyə sığınmaq yolunu tutdular. Onlar Bizansa qarşı Ərəb xəlifələri ilə sövdələşməyə girdilər. Qriqoryan kilsəsi “böyük Ermənistan”ı dirçəltmək üçün ilk dəfə ərəb işğalları dövründə fəallaşdı. Qriqoryan kilsəsi Qafqaz Albaniyasının qərb ərazisində yaşayan alban-xristian əhali arasında qriqoryanlığı yaymağa başladı. Zaman keçdikcə qriqoryanlığı qəbul etmiş alban-Azərbaycan tayfalarının erməniləşdirilməsinə başlandı. Nəticədə qriqoryan kilsəsinin təsir dairəsi Cənubi Qafqaza doğru genişlənməyə başladı.
Ermənilər IX əsrdə Qars və Ərzurum ərazisində bizanslılarla onlar arasında bufer rolunu oynayacaq, paytaxtı Ani şəhəri olan yarımmüstəqil Ermənistan knyazlığı yaradırlar. IX əsrdən başlayaraq Ermənistan tədricən Bizans tərəfindən tutulur və 1045-ci ildə Erməni knyazlığı ləğv edilir. Bizans dövründən başlayaraq ermənilərin səpələnməsi başlayır. Cənub-qərbi Qafqazda az sayda erməninin peyda olmasını isə IX əsrdən başlayaraq ermənilərin müxtəlif ölkələrdə yerləşdirilməsi ilə izah etmək olar.
1080-ci ildə Bizans dövlətinin zəifləməsi Aralıq dənizinin Şimal-şərq sahilində Kilikiya erməni knyazlığının yaranmasına səbəb oldu. 1375-ci ildə məmlüklər Kilikiyanı öz imperiyalarına birləşdirdilər. Bu vaxtdan XX əsrədək ermənilərin öz dövlətləri olmayıb və onlar müxtəlif dövlətlərin tərkibində yaşayıblar.
Beləliklə, Erməni dövləti qədim dövrdə və erkən orta əsrlərdə Cənub Qafqazın ərazisində deyil, Van gölünün ətrafında, Fərat çayının şərqində, sonradan isə Aralıq dənizinin şimal-şərq sahilində mövcud olmuşdur.
Sonrakı dövrlərdə qriqoryan kilsəsi Azərbaycan dövlətlərinə və Osmanlı imperiyasına sığındı. Zaman keçdikcə ermənilər Osmanlı imperiyasından, Ağqoyunlu və Səfəvi hökmdarlarından geniş imtiyazlar qazandılar və mövqelər ələ keçirdilər. Ermənilər XV əsrin ortalarınadək Cənubi Qafqazda, demək olar ki, yaşamırdılar. 1441-ci ildə Qaraqoyunlu türk-Azərbaycan dövlətinin hökmdarı Cahan şah erməni katolikosluğunun mərkəzini əhalisi tamamilə türklər olan İrəvan yaxınlığındakı qədim alban monastırı olmuş Üzməzinə köçürdü. XVI-XVII əsrlərdə Səfəvilərlə Osmanlı Türkiyəsi arasında uzun sürən müharibələr ermənilərin öz müstəqil dövlətlərini yaratmaq arzusuna təkan verdi. 1605-ci ildə I Şah Abbasın fərmanı ilə Səfəvi dövlətinin ərazisində ermənilər üçün ərazilər ayrıldı. Ermənilər varlandıqca onların dövlət yaratmaq iştahaları güclənirdi. Bunun üçün onlar özlərinə himayəçi axtarırdı. Ermənilərin bir sıra Avropa ölkələrinə etdikləri müraciətlər nəticəsiz qalmışdı. XVII əsrin ortalarında rus dövlətinin öz mövqelərini möhkəmləndirilməsi erməni kilsəsinin diqqətini cəlb etməyə başladı. Ermənilər gələcəkdə Rusiyanın hərtərəfli himayəsini qazanmaqdan ötrü 1659-cu ildə çar Aleksey Mixayloviçə qızıldan işlənmiş taxt hədiyyə etdilər. Ermənilərin Rusiya ilə yaxınlaşması I Pyotrun dövründə daha da sistemli şəkil aldı. Rusiya regionda başlıca rəqibləri olan Osmanlı və Səfəvi imperiyalarını daxilindən zəiflətmək üçün erməni kartından istifadə etdi. İlk növbədə erməniləri Azərbaycan ərazilərində yerləşdirmək üçün göstəriş verdi. I Yekaterina ermənilərin yüksək mərhəmətə və himayəyə layiq görülmələri haqqında 1726-cı il fevralın 22-də fərman verdi. II Yekaterina Eçmiədzin katolukosu H. Argutinskinin hazırladığı “Ararat krallığı” ideya-layihəsini dəstəklədi. Rus məmurları və Dunaydakı rus qoşunlarının komandanı Q. Potyomkin ilə görüşən İ. Arqutinski təkliflərinin reallaşdırılması istiqamətində fəaliyyətə keçdi, “erməni dövləti” yaratmaq üçün əməli addımlar atdı. Lakin müxtəlif səbəblərdən Azərbaycan ərazisində “erməni dövləti” yaratmaq mümkün olmadı.
Ermənilər öz məkrli niyyətlərindən əl çəkməmiş və XIX əsr boyu öz xidmətlərini çar Rusiyasına təqdim etmişlər. Onlar Azərbaycan xanlıqlarının Rusiya tərəfindən işğal edilməsində fəal rol oynamışlar. Ermənilərin bu xidmətləri müqabilində Rusiya imperatoru I Nikolay İrəvan və Naxçıvan Xanlıqlarının ərazilərində “erməni vilayəti” yaratdı. Bu müstəqil dövlət qurumu olmasa da, ermənilərin gələcəkdə səfərbər olmalarına, təşkilatlanmalarına, iqtisadi-mədəni tərəqqiyə yetişmələrinə ciddi təsir etdi. İkinci bir tərəfdən, çar Rusiyası işğal etdiyi Şimali Azərbaycanın strateji bölgələrində (Qarabağ, İrəvan, Naxçıvan, Zəngəzur) erməniləri yerləşdirdi. Bununla Rusiya Qacarlar İranı və Osmanlı dövlətinin sərhədləri boyunda “Xristian kəməri” yaratdı. Nəticədə Cənubi Qafqazın sürətlə erməniləşdirilməsinə təkan verildi. N. Şavrovun məlumatına görə XX əsrin əvvəlində Cənubi Qafqazda yaşayan 1,3 milyon erməninin 1 milyondan çoxu Rusiya tərəfindən buraya köçürülüb.
Burada bir cəhəti də qeyd etməyə bilmərik. Çar Rusiyası Cənubi Qafqazın işğalınadək bu regionda Rusiyanın himayəsində olan “erməni dövləti”nin yaradılmasında maraqlı idi. Lakin Güney Qafqazın işğalından sonra bu ərazilərdə ermənilərə ayrıca dövlət qurulmasına çar Rusiyası maraqlı deyildi. Çünki bu hal Rusiyanın imperiya və böyük dövlətçilik siyasətinə zidd idi.
Osmanlı imperiyasını bölüşdürməyə çalışan Rusiya onun ərazisində “erməni dövləti” yaratmaqda maraqlı idi.
Çar II Nikolay Fransanın Rusiyadakı səfiri P. Paleoloqla 1914-cü il noyabrın 21-dəki söhbətində qeyd etmişdi ki, Anadoluda, təbii, ermənilərlə məşğul olacağam. Onları təkrar türk boyunduruğu altında qoya bilmərəm… Onlara müstəqil bir rejim quracağam. Rusiya hakim dairələri Balkanlarda və Şərqdə üstünlüyü ələ almaq üçün erməni kartından istifadə edir və Osmanlı imperiyası ərazisində “Türkiyə Ermənistanı” yaratmağı rədd edirdi.
Çar Rusiyasının siyasətini bolşevik Rusiyası davam etdirdi. Cənubi Qafqazın bolşevikləşdirilməsi üçün V. İ. Lenin S. Şaumyanı Qafqazın müvəqqəti fövqəladə komissarı təyin etdi. 1917-ci ilin 29 dekabrında V. İ. Lenin 20 saylı dekret imzaladı. Proletar rəhbəri “Türkiyə Ermənistanında” erməni dövlətinin yaranması üçün hər cür tədbir və yardım barədə göstəriş verdi. Bu işi görməyi erməni bolşevik S. Şaumyana həvalə etdi. Bu o zaman idi ki, ermənilər Türkiyədə çox dəhşətli qırğınlar törətmişdilər və bu davam edirdi. Həmin il martın 31-də isə S. Şaumyanın göstərişi ilə Bakıda və Azərbaycanın bir çox bölgələrində bolşevik ermənilər Bakı Kommunasının ordusu ilə birgə müsəlman əhalisinin soyqırımını törətmişdilər.
Rusiya imperiyasının dağılmasından sonra Cənubi Qafqazda üç respublika öz müstəqilliyini elan etdi. Bu dövlətlər arasında Ararat Respublikası nə ərazisi, nədə ki, paytaxtı olan yeganə respublika idi. Öz respublikalarını “Ararat” adlandıran ermənilər vaxtilə çar Rusiyası tərəfindən köçürüldükləri türk torpaqlarına iddialarını ortaya qoymuşdular. 1918-ci il mayın 28-də ermənilər müstəqil dövlətin qurulmasını siyasi mərkəzləri olmadan bəyan etmişdilər. Azərbaycan Xalq Cümhuriyyəti böyük dövlətlərin təzyiqi altında qədim Azərbaycan şəhəri İrəvanı və ona bitişik təxminən 9,5 min kv. km ərazini ermənilərə güzəştə getməyə məcbur oldu. AXC Nazirlər Şurasının sədri Fətəli xan Xoyski güman edirdi ki, bununla ermənilərin bütün ərazi iddiaları bitəcəkdir.
1920-ci ilin ortalarında Ararat Respublikasının adım Erməni Respublikasına dəyişən daşnaklar bununla da Kiçik Asiyada “vətənlərini” itirmələri ilə faktiki olaraq barışaraq Qafqazda – Azərbaycan xanlıqlarının ərazisində uydurma “qədim erməni tarixini” yazmağa başladılar. Məhz bu dövrdə ermənilərin “Qafqazın qədim yerli əhalisi” olması barədə tarixi konsepsiya uyduruldu və bunun ardınca Ermənistandakı Azərbaycan və bir çox digər müsəlman tarixi abidələrinin kütləvi şəkildə məhvinə başlanıldı.
Beləliklə, 1918-ci ilin may ayında qədim Azərbaycan ərazisində Erməni daşnak dövləti, 1920-ci il noyabrın 29-da isə bolşeviklərin zor-gücü ilə “Ermənistan SSR” yaradıldı. Amerika alimi Səmyuel Vimzin göstərdiyi kimi, “üç min ildən artıq bir müddətdə dövlətçiliyi olmayan, indi isə erməni reallıqlarına deyil, yalnız erməni iddialarına əsaslanaraq ermənilərin dövlət yaratmağa çalışması nəticəsində müttəfiqlərin müstəqil Ermənistan yaratmaq qərarı qəribə görünürdü”.
Yaradıldığı gündən Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış edən Ermənistan havadarlarının köməyi ilə ərazilərini xeyli genişləndirdi. Erməni daşnakları Azərbaycan torpaqlarının hesabına ərazilərini 1920-ci ildə 29,8 min kv. km-ə çatdırdı. Torpaq iştahası, onu müntəzəm qamarlama hərisliyi ermənilərin gözlərini elə örtmüşdür ki, daşnaklar tarixin hər bir anından bu məkrli siyasəti həyata keçirmək üçün çox hiyləgərliklə istifadə edirdilər. Belə ki, 1920-ci ildə Yeni Bəyazid qəzasının Basarkeçər mahalı, İrəvan qəzasının Vedibasar mahalı və Gəncə quberniyasının Zəngəzur qəzası Ermənistana verildi. Bununla yanaşı, 1920-ci ilin əvvəlində Qazax qəzasının cənub hissəsi də Ermənistana bağışlandı və burada Dilican qəzası yaradıldı. 1920-1923-cü illərdə Qazax qəzasından 379.984 desyatin, Zəngəzur qəzasından 405 min desyatin, Zəngəzur, Cavanşir və Qazax qəzalarının sərhədlərində olan 150 min desyatin torpaq və otlaq sahələri Ermənistana verildi. 1929-cu ildə Naxçıvan MSSR-in on yaşayış məntəqəsini əhatə edən 657 kv. km ərazi Ermənistan SSR-ə verildi. Yenə həmin ildə Zəngilan rayonunun üç kəndi Ermənistana verildi və burada Mehri rayonu təşkil olundu, nəticədə Naxçıvanı Azərbaycandan ayıran dəhliz yarandı. 1929-cu ildə Qazaxın 5 min hektar torpaq sahəsi, Cəbrayıl qəzasının Nüvədi, Ernəzir və Tuğud kəndləri Ermənistana verildi. Ərazi məsələlərinin birtərəfli, daşnak-bolşevik “həlli” nəticəsində “mübahisəli” ərazilər ermənilərə verildi və bundan əlavə 11 min kv. km. ərazimiz Ermənistana bağışlandı. Buraya əsasən Zəngəzur qəzası, Şərur-Dərələyəz qəzası və Göycə dairəsinin torpaqları daxil idi. Beləliklə, həmin illərdə Azərbaycanın 27,6 min kv. km. ərazisi itirildi.
Sonrakı illərdə də, ermənilərin torpaq iddiaları davam etmiş, Azərbaycan ərazisinə hərbi müdaxilə etmiş və torpaqlarımızın 20 faizi itirilmişdir. Erməni millətçiləri bu gün də belə yeni ərazi iddiaları xülyası ilə yaşayırlar.
Qədim Azərbaycan torpaqlarında dövlətlərini yaradan ermənilər bu ərazilərin köklü sakinlərini – azərbaycanlıları öz tarixi ərazilərindən çıxarmış, onları 1918-1920,1948-1953 və 1988-1992-ci illərdə deportasiya etmişlər.
İsmayıl Hacıyev
«AMEA Naxçıvan Bölməsi. Xəbərlər.İctimai və humanitar elmlər seriyası».-2012.-№3.-Cild 8.-S.9-17.