
Aprelin 25-də Bakıda Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun əziz xatirəsinə həsr olunmuş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir “Magen David” Azərbaycan İnsan Hüquqları müdafiəsi və xeyriyyə cəmiyyətinin təşəbbüsü və təşkilatçılığı ilə baş tutub. Məqsəd Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş qəhrəmanların, xüsusilə də yəhudi kökləri ilə yanaşı əsl Azərbaycan övladı kimi tarixə düşmüş Albert Aqarunovun Vətənə sədaqətini, qəhrəmanlığını yeni nəsillərə çatdırmaq idi.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ardınca Vətən uğrunda canından keçmiş bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra şəhidlərimizə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Tədbirdə tanınmış ictimai-siyasi xadimlər, alimlər, din xadimləri və şəhidin ailə üzvləri iştirak ediblər. Magen David” Azərbaycan İnsan Hüquqları müdafiəsi və xeyriyyə cəmiyyətinin sədri, Ümumisrail Qafqaz Yəhudiləri Assosiasiyasının Azərbaycan nümayəndəliyinin rəhbəri David Seliverstov, Milli Məclisin deputatı, Azərbaycan-İsrail Parlamentlərarası İşçi Qrupunun rəhbəri Anatoliy Rafailov, “Dağ Yəhudiləri” Dini İcmasının sədri Milix Yevdayev, Albert Aqarunovun qardaşı Rantik Aqarunov və digər natiqlər çıxış edərək Azərbaycanın qəhrəman övladları arasında Albert Aqarunovun xüsusi yeri olduğunu vurğulayıblar. Qeyd olunub ki, Albert Aqarunov yalnız bir tank komandiri kimi deyil, həm də Vətənə sədaqətli, cəsarətli, xalqına bağlı bir şəxsiyyət kimi yaddaşlara həkk olunub. Çıxış edənlər bu qəhrəmanlığın unudulmamasının və yeni nəsillərə ötürülməsinin vacibliyini vurğulayıblar.
Tədbir çərçivəsində Albert Aqarunova həsr olunmuş xüsusi videoçarx da nümayiş etdirilib. Daha sonra tanınmış incəsənət xadimlərinin iştirakı ilə bədii proqram təqdim olunub. İştirakçılar vətənpərvərlik və birlik ruhunda çıxışları böyük maraqla izləyiblər. Azərbaycan xalqının tolerantlıq, vətənpərvərlik və birgəyaşayış dəyərlərinin bir daha nümayiş olunduğu bu mərasim Albert Aqarunovun timsalında bütün şəhidlərimizin xatirəsinə olan dərin ehtiramın təzahürü kimi yadda qalıb.