sənədlər

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 31 mart – Azərbaycanlıların Soyqırımı günü münasibətilə Azərbaycan xalqına müraciətindən – Bakı şəhəri, 29 mart 2000-ci il

…1992-ci ilin fevralında keçmiş sovet qoşunlarının yaxından köməyi ilə erməni hərbi birləşmələri müasir tarixdə analoqu olmayan müdhiş faciə törətdilər. Azərbaycan şəhəri Xocalının minlərlə müdafiəçisi və dinc sakini öldürüldü, əsir alındı, şəhər yerlə yeksan edildi. Bu misilsiz vandalizm və soyqırımı aktlarından məqsəd xalqımızı qorxutmaq, onun mübarizə əzmini qırmaq idi…

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Xocalı soyqırımının ildönümü ilə əlaqədar Azərbaycan xalqına müraciətindən – 24 fevral 2001-ci il

…1992-ci il fevralın 26-da ən müasir silahlar və texnika ilə təchiz olunmuş Ermənistan hərbi birləşmələri keçmiş sovet ordusunun 366-cı alayının bilavasitə iştirakı ilə Azərbaycanın Xocalı şəhərini yerlə yeksan etdilər, yüzlərlə günahsız mülki əhaliyə – qadınlara, qocalara, uşaqlara amansızcasına divan tutdular. Xüsusi qəddarlığı ilə seçilən bu təcavüz aktı təkcə Xocalı əhalisinə deyil, bütövlükdə insanlığa qarşı misli görünməmiş cinayət idi. Əsrin əvvəllərindən başlayaraq təcavüzkar erməni millətçiləri tərəfindən azərbaycanlılara qarşı dəfələrlə soyqırımı aksiyaları törədilmişdir. Amma Xocalı soyqırımı bunların ən dəhşətlisi olmuşdur…

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Avropa Şurası Parlament Assambleyasının sədri Lord Rassel Constonla görüşdə söhbətindən – 15 sentyabr 2001-ci il

…1988-ci ildən indiyə qədər Ermənistan-Azərbaycan münasibətlərində baş vermiş hadisələr – insanların qətlə yetirilməsi, Xocalı faciəsi, yaxud işğal olunmuş torpaqlarda kütləvi formada aparılan etnik təmizləmə, – yenə də deyirəm, bunun nəticəsində insanların qətlə yetirilməsi, – bunların özü də terrorun bir formasıdır…

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Xocalı soyqırımının onuncu ildönümü ilə əlaqədar Azərbaycan xalqına müraciətindən – 25 fevral 2002-ci il

…Xocalı faciəsi iki yüz ilə yaxın bir müddətdə erməni şovinistmillətçiləri tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin davamı və ən qanlı səhifəsidir. Bir sıra dövlətlərin hakim dairələri tərəfindən himayə olunan bu mənfur siyasət çar Rusiyası və Sovet hakimiyyəti dövründə ardıcıl davam etdirilmiş, SSRİ-nin süqutundan sonra xalqımızın doğma torpaqlarından qovulması, qaçqın və köçkünə çevrilməsi kütləvi qırğınlarla müşayiət olunmuşdur. Təcavüzkar erməni millətçilərinin və sərsəm “Böyük Ermənistan” ideoloqlarının etnik təmizləmə və soyqırımı siyasətinin nəticələrini bütövlükdə iki milyon azərbaycanlı müxtəlif vaxtlarda öz üzərində hiss etmişdir…