HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

sənədlər

Xocalı soyqırımının iyirmi beşinci ildönümü haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

İlham Aliyev

Bəşər tarixinə Xocalı soyqırımı kimi daxil olan qanlı faciədən 25 il ötür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri bütün beynəlxalq hüquq normalarını pozaraq Xocalı üzərinə ağır hərbi texnika yeritmiş, yerlə yeksan etdikləri şəhərin dinc əhalisinə misli görünməmiş qəddarlıqla divan tutmuşlar. Həmin hərbi-siyasi təcavüz zamanı 613 həmvətənimiz, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca həlak olmuş, 487 dinc sakin ağır yaralanmış, 1275 nəfər isə girov götürülmüşdür.

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin MDB Dövlət Başçıları Şurasının iclasında bəyanatından – 24 dekabr 1993-cü il

…Dağlıq Qarabağ bölgəsində yaşayan və elə bir ehtiyatı olmayan 100 mindən bir qədər çox erməni 7 milyonluq əhalisi olan ölkəyə qarşı geniş miqyaslı hərbi əməliyyatlar apara və onun ərazisinin 20 faizini işğal edə bilməz. Respublikanın Dağlıq Qarabağ bölgəsinin 50 min azərbaycanlı əhalisinin hüquqlarını inkar etməyə cəhd göstərilir.

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Xocalı soyqırımının üçüncü ildönümü ilə əlaqədar keçirilən mərasimdə çıxışından Təzəpir məscidi – 26 fevral 1995-ci il

…Tarixdə insanın insana qarşı vəhşilik etməsi halları dəfələrlə qeyd olunub. Soyqırımı da dünyanın bir çox yerlərində baş veribdir. Azərbaycana qarşı Ermənistan qəsbkarları, təcavüzkarları tərəfindən edilən soyqırım bunların ən dəhşətlilərindən biridir. Uzun müddət, demək olar ki, XX əsr ərzində Azərbaycan xalqına, millətinə qarşı Ermənistan təcavüzkarları tərəfindən olunan soyqırımları xalqımıza böyük yaralar vurmuşdur. Onların arasında ən böyük, ən ağır yaralardan iri Xocalı soyqırımıdır…

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Yəhudi xalqının müsibəti günü münasibətilə Azərbaycanın yəhudi icmasına müraciətindən – 26 aprel 1995-ci il

…1988-ci ildən başlayaraq erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı yeritdiyi soyqırımı siyasəti, günahsız əhalimizin kütləvi qırğınları, zəbt olunmuş torpaqlarımızda misli görünməyən talanlar, vəhşiliklər, nəhayət, bütün dünyanı sarsıdan Xocalı faciəsi xalqımızın qəlbində sağalmaz yara kimi göynəməkdədir…