
Fəlsəfə elmləri doktoru, Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri Füzuli Qurbanov və filologiya üzrə fəlsəfə doktoru, Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi Elnarə Qaragözova ilə azərbaycanlı arxetipi barədə danışdıq.
Fuad Babayev: Ümumiyyətlə, azərbaycanlı arxetipi anlayışı mövcuddur? Yoxsa biz kimlərəsə bənzəmək üçün onu uydurmuşuq?
Füzuli Qurbanov: Bu çox mürəkkəb sualdır. Bir var bizim hamımızın öyrəşdiyi və əzbərlədiyi yanaşma, mən azərbaycanlıyam. Bir də var ki, mən azərbaycanlıyam ifadəsinin elmi mənasını və məzmununu dərk edəsən. Bundan başqa məsələnin fəlsəfi, tarixi, filoloji, etnososioloji, etnomədəni, antropoloji və s. aspektləri arasında həm fərqlər var, həm də bizim üçün onların sərhədlərinin harada kəsişməsi aydın deyil. Azərbaycanlı və Azərbaycan anlayışları haqqında bizim elmi ədəbiyyatda gedən müzakirələrdə bir qisim XIX əsr, başqa bir qisim isə orta əsrlərdəki mənbələrdə Azərbaycan ifadəsinin keçdiyi deyilir. Azərbaycan ifadəsi varsa, təbii ki, azərbaycanlı termini də var. Amma məsələ ondadır ki, azərbaycanlı deyəndə nə nəzərdə tutulur. Etnik mənsubiyyəti, mədəni mənsubiyyəti və yaxud coğrafi mənsubiyyəti? Mənim araşdırmalarım nəticəsində gəldiyim qənaət ola bilsin hörmətli Həsən Quliyevin qiymətli kitabında (“Arxetipik azərilər: Mentalitetin simaları” kitabı nəzərdə tutulur – red.) olan fikirlərdən bir qədər fərqli olsun. Biz artıq ciddi elmi əsası olan tezislərə istinad etməliyik. Əgər Azərbaycan adı orta əsrlərdə bizim türk dili lüğətini tərtib edən Mahmud Kaşğarinin kitabında varsa, bu deməkdir ki, onun tarixi qədimdir. Azərbaycan sözü həm anlayışdır, həm də hansısa mədəni mənsubluğu özündə ehtiva edir. Hazırda Azərbaycan adlandırılan siaysi-coğrafi məkanda bir neçə dövlət mövcud olub. Həmin dövlətləri quranlar da etnik və mədəni cəhətdən bizin əcdadlarımız olublar.
Fuad Babayev: Bu ərazilərin avtoxton, yerli əhalisi olublar.

Füzuli Qurbanov: Bəli.Ona görə də əgər Azərbaycan ideyası, dili, sözü və lüğəti olubsa, deməli azərbaycanlı anlayışının indi bizim təsəvvür etdiyimizdən fərqli mənası, mənşəyi əhəmiyyəti var. İç moğol, ergenokon (türklərin yaranışı haqqında dastan – red.) haqqında əkəriyyətimizin məlumatı var. Moğolıstan əslində “moğol yoludur” və yaxud “mən oğulları” deməkdir. Monqol, Mənqol “mənim qolum”, “mənim tərəfimdə olan” anlamına gəlir. Hazırda Moğolıstan şərti olaraq 2 yerə bölünür. Onun şimal hissəsi indi Monqolustan adlanan ölkənin ərazisindədir. İkinci hissə isə Çin ərazisində yerləşir. Bunların ikisi bir yerdə İç Moğol adlanır. Monqolustan ərazisində olan moğollar Çin ərazisində olan əraziyə “O biri Moğol yolu” deyirlər. Bu məsələlər Azərbaycan mifoloji təfəkkürü ilə olduqca yaxındır. Ergenokonu biz hər tərəfdən dağlar ilə əhatə olunmuş, çıxış nöqtəsi olmayan vadi kimi təsəvvür edirik. Həmin vadinin adı Təkləməkandır. Təkləməkanın bir tərəfi Tyan-Şan, bir tərəfi Himalay dağları ilə əhatə olunub. O vadiyə çay gəlib tökülür, amma vadidə qalmır, torpağa hopur. Ona görə həmişə buxar verir. Buxar verdiyinə görə də çox rütubətli olan bu ərazinin xüsusi bitki aləmi var. Bu bitkilərdən birinun adı Tamariksdir. Tamariks moğol dilindən tərcümədə “ilahi ağac” deməkdir. “İlahi ağac” ancaq günəşi, ancaq enerjini sevən və torpağa bağlı olmayan yeganə bitkidir. Özü də koma halında olur. Hansı torpaqda olmasından asılı olmayaraq bu bitki günəşsiz yaşaya bilmir. Bu bitki qüdrətini günəşdən, ilahidən alır. Müasir Gürcüstanda Tamara qalası, Borçalı mahalında isə Tamaris kəndi var. Tamara “qədim insan”, “ilahi insan” deməkdir. Siz oxşarlığa baxın. Ergenokonda olan qədim yaşayış məntəqələrini ingilislər və ruslar xəritədə Ağsu kimi göstərirlər. Ergenokondakı Ağsunun panoramı ilə bizim Ağsunun panoramı eynidir. Həmin ərazidəki çay isə Qaxqan adlanır. Qan sözü qədim türk dilidə “kök”, “kişi”, “ata” deməkdir. Bundan başqa orada Yanğı və Turan adlı şəhərlər də olub. Azərbaycanın müxtəlif bölgələrindəki Təklə kəndlərinin adı ilə Təkləməkan vadisinin adı arasındakı eyniyyət də göz qabağındadır. Latın Amerikasında Yükatan yarımadası var.
Fuad Babayev: Bəli, Yukatan yarımadası.
Füzuli Qurbanov: Onun adı Yukatan deyil, Yükatandır. Bu yarımada tamamilə Abşerona bənzəyir və həmişə küləkli olur. Burada külək həmişə heyvanların üstündən yükü atdığı üçün Yükatan adlanır. Rəmzləri də qartaq caynağında olan ilandır. Şəhərlərinin adına diqqət edin: Turan, Ağsu, Göyçay. Onların paytaxtını meksikalılar dağıdıblar.
Fuad Babayev: Mexikonun yerində Tenoçtitlan şəhəri olub.
Füzuli Qurbanov: Bəli.Mayyalıların mifologiyasında bizim mifoligiyada olan 7 gün, 40 gün, günəş kimi anlayışlar mövcuddur. Onların rəmzi olan və yarımadanın uc tərəfində təsvir edilən şir Abşerona baxır. Bu da onların kökünün, mənşəyinin Abşerona bağlı olmasını göstərir.
Yəni qədim və zəngin Azərbaycan kəlməsi hələ o qədər də öyrənilməyib. Ona görə də azərbaycanlı arxetipi haqqında ciddi elmi fikir söyləmək şəxsən mənim üçün çətindir. Bu o deməkdir ki, Azərbaycan özlüyündə bir neçə mədəniyyətin, əsasən də türk mədəniyyətinin enerjisini, potensialını biləşdirən çox passionar (həddən artıq enerjiyə malik olan və bu enerjini məqsədyönlü şəkildə ətraf aləmin dəyişməsinə yönəldən – red.) bir məkandır. Türk dünyası üçün ideyalar həmişə bu passionar məkandan çıxıbsa, deməli azərbaycanlı mentaliteti, azərbaycanlı arxetipti də var. Amma bizim onu dəqiq öyrənməyimiz və həqiqətləri ortaya çıxarmağımız artıq gələcəyin işidir. Onun üzərində çox çalışmaq lazımdır.
Fuad Babayev: Elnarə xanım, sizin azərbaycanlı arxetipi ilə bağlı maraqlı araşdırmalarınız var. Namizədlik dissertasiyanızın mövzusu necə idi?
Elnarə Qaragözova: Mənimnamizədlik dissertasiyam “XXI əsrin əvvəlləri Azərbaycan ədəbiyyatında arxetipin yeni formaları” adlanır.
Fuad Babayev: Necə oldu ki, siz məhz bu mövzuya müraciət etdiniz?
Elnarə Qaragözova: Arxetip qədim, ilk obraz deməkdir, prototipdir (müәyyən bir obrazın simasında bәdii şәkildә ümumilәşdirilən real şəxs – red.). Arxetipə müraciət etmədən ədəbiyyatda, folklorda və mifologiyada olan obrazların kökünü araşdırmaq mümkün deyil. Bədii obrazlar da, real insanlar da həmin o arxetipdən gəlir. Biz hamımız minilliklər boyu formalaşmış arxetipin bugünkü təzahürləriyik. Bir azərbaycanlının əsəri digər bir xalqın mümayəndəsinin əsərindən məhz həmin arxetipik izlərə görə seçilir. Kitabın və müəllifin adını bilmədən belə mətni araşdırmaqla onun hansı xalqa mənsub olmasını müəyyən etmək mümkündür.
Fuad Babayev: Yəni mətnin kontent analizi əsərin hansı xalqa mənsub olduğunu müəyyən etməyə imkan verir.

Elnarə Qaragözova: Bəli. İstənilən halda mətn psixologiyadan, qədim obrazlardan gəlir. Hər xalqın nümayəndəsinin özünəməxsus mentaliteti və psixologiyası olduğu üçün onun özünü bədii şəkildə ifadə etməsi də fərqli olur. Ola bilməz ki, mən özümü amerikalı kimi ifadə edim. Mən ingilis dilində danışa bilərəm, Amerikada yaşaya bilərəm. Amma mütləq cüzi bir element də olsa mənim azərbaycanlı olduğumu büruzə verəcək. Çünki o tipdə ancaq azərbaycanlı düşünə bilər. Həmin simvol, həmin obraz azərbaycanlı düşüncəsinə həkk edilib. Başqasında yoxdur. O baxımdan arxetiplər bizə maraqlıdır. Azərbaycanlı arxetipi çox qədimdən, mifologiyamızdan, əfsanələrimizdən başlayır. Oradan gələn izləri biz bugün də daşıyırıq. Misal üçün dilimizdə olan “işıq haqqı” və yaxud “işığa kor baxım” kimi andlar bizim atəşpərəstlikdən qalan izimizdir. Bəlkə də bu sözləri deyən adam bilmir ki, nə vaxtsa bizdə atəşpərəstlik olub. Amma həmin ifadələr dilimizdə qalıb. Dil ən böyük daşıyıcıdır. Ədəbiyyatdan əlavə dil də arxetipləri və obrazları özündə daşıyır.
Fuad Babayev: Azərbaycanlı kodu Cənubi Azərbaycanda, Borçalıda, Dərbənddə, ola bilsin Qarsda, Ərdəhanda yaşayanların da yaradıcılığında hiss olunur?
Elnarə Qaragözova: Bəli. Diyarbəkirdən olan Türkiyə vətəndaşı ilə bizim danışığımızda, düşüncəmizdə heç bir fərq yoxdur.
Fuad Babayev Yəni sərhədlər buna maneə deyil.
Elnarə Qaragözova: Sərhədlər nə dilə, nə psixologiyaya, nə də düşüncə tərzinə maneə deyil. Ədəbiyyat, ən bəsit formada nağıllar arxetipik kodları yaşadır. Bir xalqı nə qədər bölsən də, nə qədər ayırsan da, əgər psixoloji birlik varsa, o obrazların birliyi varsa, yenə onlar birləşəcəklər. 44 günlük Vətən müharibəsi dövründə bizim azərbaycanlı arxetipinin ən parlaq nümunəsi ortaya çıxdı. Xalq necə birləşdi. İnsanlar sanki müharibəyə yox, toy-bayrama gedirdi. 70 il ərzində üstü örtülən, bizə unutdurulan azərbaycanlı arxetipi bu idi. Sovet dövründə ədəbiyyatımız çap olunsa da, tərcümə edilsə də, əsas mahiyyətin dərk olunmasına imkan vermirdilər. Mifologiyanı dərindən tədqiq etməyə icazə vermirdilər. Mirəli Seyidovun tədqiqatlarını oxuyanda görürsən ki, sözlərin qatları, mənaları olduqca dərindir.
Fuad Babayev Siz haqlı olaraq xalqımızın 44 günlük müharibə dövründə üzə çıxan arxetipik nümunələrindən danışdınız. Amma ədəbiyyatımızda Qurbanəli bəy, Danabaş kəndinin kəndxudası Xudayar bəy, “Poçt qutusu”ndakı Novruzəli kimi mənfi obrazlar da var. Elə deyimi?
Elnarə Qaragözova: Əlbəttə.
Fuad Babayev: İndi hansı daha çoxdur?
Elnarə Qaragözova: Bir var arxetip, bir də var stereotip. Həsən Quliyevin “Arxetipik azərilər: Mentalitetin simaları” kitabında qonaqpərvərliklə, yerlipərəstliklə bağlı məqamlar mübahisələrə səbəb olub. Hətta azərbaycanlıları yanlış təqdim ediyi üçün müəllifə qarşı təzyiqlər də olub. Amma bu kitabda arxetiplə stereotip anlayışları qarışdırılıb. Həsən Quliyevin kitabı daha çox sosial tədqiqat xarakteri daşıyır.
Füzuli Qurbanov: Çox dəyərli tədqiqatçılarımızdan olan Həsən Quliyev sırf filosof idi. Onun rus dilində yazdığı kitabı Azərbaycan dilinə Qorxmaz Quliyev yaxşı tərcümə edib. Mənim yanaşmam metodologiyaya aiddir, konkretliklərlə işim yoxdur. Çünki hər bir xalqda bir çox fərqli cəhətlər var. Bizim qiymətləndirməmizə görə biri müsbət, digəri mənfidir. Başqa meyarla qiymətləndirsək, mənfi hesab etdiklərimiz müsbət, müsbət hesab etdiklərimiz isə mənfi ola bilər. Misal üçün deyirlər ki, azrbaycanlılar paxıldırlar, bir-birinin ayağının altını qazırlar və yaxud azərbaycanlılar dikbaşdırlar. Bunların hamısı sovet ideologiyasının prinsipi ilə baxanda elə görünür.
Azərbaycanda 2-3 əsr ərzində görün Qaraqoyunlular, Ağqoyunlular, Atabəylər kimi neçə dövlət yarandı. Azərbaycanlıların hər hansı hadisəyə verdikləri reaksiya başqa türk xalqlarından fərqlənir. Bu artıq xalqın tarixi təşəkkülündə meydana çıxan məqamlarla bağlıdır. Azərbaycanlılar o qədər çevik, yaradıcı, passionar qövmdir ki, onları işğal etmək, onları əsarətə almaq mümkün deyil.
Azərbaycanlı psixologiyasını öyrənmək lazımdır. Biz səthi yanaşmalarla, sovet metodologiyası ilə onu öyrənə bilmərik. Ona görə də Elnarə xanımın mövzusu çox aktualdır. Belə tədqiqatların aparılması çox vacibdir. Bayaq tamamilə düzgün olaraq qeyd edildi ki, Diyarbəkirdəki insanımızla bizim danışığımızda, düşüncəmizdə heç bir fərq yoxdur. Bu tarixən belə olub. Osman Qazinin qayınatası Şeyx Ədəbalı (Osmanlı Dövlətinin qurulduğu illərdə yaşamış ilahiyyat alimi, Osmanlı Dövlətinin fikir atası – red.) Ərdəbil türkü idi. Şeyx Ədəbalı Osman Qaziyə vəsiyyətində Anadolu ləhcəsində deyil bizim dildə yazır: “Ey oğul yaxşılığa yaxşılıq hər kişinin işidir, yamanlığa yaxşılıq ər kişinin işidir”. Orijinala da baxsaq görərik ki, Şeyx Ədəbalı “iyi” deyil, Azərbaycan türklərinə məxsus “yaxşı” sözündən istifadə edib. “Yaxşı” sözünün mənası “kökü, qanı yaymaq, yaxmaq” deməkdir. Türk hökmdarları bir-biri ilə hünər uğrunda, ədalət uğrunda vuruşurdular. Bəy kimə deyirdilər? “Qutadqu-bilik”də (orta əsrlər türk dünyasının ən böyük mütəfəkkirlərindən biri Yusif Balasaqunlunun əsəri – red.), Nizamülmülkün “Siyasətnamə”sində də yazıldığı kimi bəy mütləq ədalətli olmalı idi. İlahi ədaləti yer üzündə yaymaq onun missiyası olmalı idi. Bu ədalətdən kənara çıxan adamı camaat bəy kimi qəbul etmirdi.
Təmkin Məmmədli: Füzuli müəllim, sizin də qeyd etdiyiniz kimi tarixən hünər uğrunda bir-biri ilə vuraşan türk hökmdarları axı həm də Türk dövlətlərinin birliyinə mane olub.
Füzuli Qurbanov: Tamamilə doğrudur. Aydın məsələdir ki, mənəm-mənəmlik, fitnə-fəsadlar birliyə mane olub. Amma mən sözün etimologiyasını mədəniyyət tipi kimi araşdırıram.
Təmkin Məmmədli: Əgər müəyyən mənada Don Kixotu ispanların, Dartanyanı fransızların, Oblomovu rusarın arxetipi kimi qəbul etsək, azərbaycanlı arxetipini hansı ədəbi qəhrəmana bənzədərdiniz?
Fuad Babayev: Yəni burada Cənub həsrəti var.

Elnarə Qaragözova: Mənim fikrimcə, azərbaycanlı arxetipi qaranlıqdan işığa çıxan, quyulardan çıxan Məlikməmməddir. Yusif Səmədoğlunun “Xəzri” adlı etüd hekayəsi var. Orada Cənubi Azərbaycan ağrısını dilə gətirilir: “Can qardaşım, mən minmişəm Qu quşunun belinə. Qa deyəndə, qu deyəndə öz göz yaşımı içirirəm, öz qanımı yedirirəm sənə çatmaq üçün. Mən sənə çata bilmirəm”. Bizə elə balaca vaxtımızdan Cırtdanı, Məlikməmmədi, anladıblar. Cırtdan daha bəsit obrazdır.
Fuad Babayev: Ağ atlı oğlan da vardı.
Elnarə Qaragözova: Amma Məlikməmməd istənilən halda qaranlıqdan işığa gedən obrazdır, qəhrəmandır. Onda namərdlik yoxdur. Yəni o nağılda ən işıqlı obraz Məlikməmməddir. Sonrakı əsərlərimizdə ona oxşayan obrazlarımız var. Misal üçün Fəxrəddin (Nəcəf bəy Vəzirovun “Müsibəti-Fəxrəddin” əsəri – red.) işıqlı obrazdır.
Fuad Babayev: Bəs sizin tədqiq etdiyiniz dövrdə – XXI əsrin əvvəllərində ədəbiyyatımızda hansı arxetipik obrazlar var?
Elnarə Qaragözova: Arxetip dəyişmir, sadəcə yeni forma alır. Misal üçün ağac arxetipi bizdə əvvəldən də var. Bu dünya ağacıdır, həyat ağacıdır. Bəxtiyar Vahabzadədə ağac obrazı var. Bəxtiyar Vahabzadə 20 Yanvar şəhidlərini bir ağacın qolu kimi təsvir edir. Haradan gəlməyimizdən asılı olmayaraq biz hamımız ağacın bir budağıyıq, kökə bağlıyıq. Müasir ədəbiyyatımızda çox maraqlı obrazlar var. Hazırda mən postmodernizmdən yazıram. Kamal Abdulla “Yarımçıq əlyazma” əsərində Dədə Qorqudu, Beyrəyi rekonstruksiya edir. Obrazın məğzinə toxunmadan sanki onu bizə daha da yaxınlaşdırır. Müdrik qoca arxetipi olan, ağ saçlı ozan kimi təsəvvür etdiyimiz Dədə Qorquda Bayandur xanın oğlum deyə müraciət etməsi məhz belə nümunələrdəndir.
Fuad Babayev: Bizdə narsisizm, yəni millətin özünəvurğunluğu başqa xalqlarda olduğu kimi özünü qabarıq şəkildə büruzə vermir.
Elnarə Qaragözova: Narsisizm bütün millətlərdə var. Əslində milləti qoruyan da odur. Narsisizm başqalarını məhv etmək anlamına gələn şovinizm kimi deyil, özünüqoruma instikti kimi olmalıdır. Millət özü ilə qürur duymalıdır. 70 il ərzində bizdə onu məhv etməyə çalışıblar. Azərbaycanlı arxetipini yeni azərbaycanlı stereotipi ilə əvəz etmək istəyiblər. Yəni qəhrəman azərbaycanlı obrzını demoqoq, alverçi, xəyanətkar, hər şeyə susan azərbaycanlı stereotipi ilə əvəz etdilər. Stereotip sosial obrazdır, yəni sosial mühitdə yaranır.
Fuad Babayev: Bu stereotiplərə müəyyən dərəcədə biz özümüz də inandıq.
Elnarə Qaragözova: Bizə qarşı tətbiq edilən repressiyalar vasitəsilə azərbaycanlıların milli-genetik kodlarını məhv etməyə çalışıblar. Ona görə də repressiyalar zamanı milli-genetik kodlarımızın daşıyıcıları olan şair və yazıçılarımızı, Hüseyn Cavidlərimizi daha çox məhv ediblər. Cəlil Məmmədquluzadəni məhv etmədilər, amma “Molla Nəsrəddin”i Allahsızlar Cəmiyyətinin orqanına çevirməklə elə bir hala saldılar ki, insan öz jurnalına nifrət etdi.
Fuad Babayev: Elnarə xanım, Sovet İttifaqının süqutundan keçən 34 il ərzində azərbaycanlı arxetipində rekonstruksiyaya nail ola bilmişik?
Elnarə Qaragözova: Nail olmuşuq. Otən əsrin 90-cı illərinin insanları ilə indiki dövrün insanları arasında böyük fərq var. Bügün qazandığımız qələbə təkcə hərbi qələbə deyil, bu həm də mənəvi qələbə idi. Beyinlərdə, şüurlarda xalqın özü ilə qürur duyma hissi idi. Azərbaycanlıların genetik kodunda əsas məqamlardan biri də namus və qeyrətdir. Xocalıda ermənilər bizə göz dağı verdiyini düşünürdü. Dövlətin gücü və xalqın genetik kodu birləşən anda ermənilər layiqli cavablarını aldılar.

Füzuli Qurbanov: Hər xalqın, hər etnosun, hər qövmün özünün ekzistensiya ilə bağlı anlayışı, yanaşması, təsəvvürü, fəlsəfəsi və psixologiyası var. Azərbaycan xalqının ekzistensial düşüncə mədəniyyəti necədir və onun avropalının ekzistensial düşüncəsindən fərqi nədir?
Müasir fransız yazıçılarından olan Giyom Musso “Kağız qız” əsərində gənc bir yazıçı obrazı yaradır. Əsərdə sərxoş yazıçı özünün yaratdığı obrazla dialoqa girir və ondan xilas yolunu tapır. Cəlil Məmmədquluzadənin “Ölülər”indəki Kefli İsgəndər isə təmizləyici rolu oynayır. Kefli İsgəndər xilas etmir, xilas olmaq üçün təmiz baza yaradır.
İkinci bir misal. Sokratın sarkazmı ilə Sabirin sarkazmı arasındakı fərq nədən ibarətdir? Hər ikisi istehza edir. Hər ikisi toplumun mövcudluğunun sosial-psixoloji aspektinin mənfi tərəfinə baxır. Sokrat sən gəmini niyə hazırlamısan suala cavab istəyirdi. Sabir isə deyir ki, Ey gəmi hazırlayan, özünü sən də bir insanmı sanırsan?! Axmaq kişi, insanlığı asanmı sanırsan?! İstehzadakı incəliyə baxın. Sabir özünütəmizləmənin Azərbaycan üsulunu əks tərəfdən daxil olaraq açır. Və yaxud ər-arvadın dialoqunda hər zaman bir-birindən fərqlənən eksiztensial yanaşmaya baxın: Ay başı daşdı kişi! Dinmə, uşaqdır uşağım! Nə ədəb vaxtıdı, qoy söysün, ufaqdır uşağım!
Biz Rüstəm Behrudinin şeirlərində özünütəmizləmənin fəlsəfəsini, Məmməd Araz, Hüseyn Cavid kimi bir çox yazıçı və şairlərimizdə azərbaycanlı ekzistensiyasının təqdimatının gözəlliyinin nədən ibarət olduğunu bilməliyik. Bütün bunların açar nöqtəsi xalq müdrikliyindədir. Buna folklorda trikster (Mifologiya, ədəbiyyat və mədəniyyətdə rast gəlinən hiyləgər, ağıllı və oyunbaz arxetip. Qaydaları pozan, amma bunu çox vaxt zarafat və ya dərs vermək üçün edən personaj – red.) deyirlər. Azərbaycanda bu müdrikliyi Molla Nəsrəddin təmsil edir.Molla Nəsrəddin Azərbaycan ekzistensiyasının, hikmətinin canıdır. Molla Nəsrəddinin Azərbaycan ekzistensiyasında istehzanın müdrikliyə çevrilməsi var. Platon deyirdi ki, müdrik o adamdır ki, həmişə öyrənməyə can atır. Molla Nəsrəddin müdrikliyinin mahiyyətində isə öyrənməyə can atmaq yox, cəmiyyəti təmizləmək, cəmiyyətə fayda vermək, kollektivi yaşatmaq var.
Böyük Üzeyir bəyin “O olmasın, bu olsun” filmində qoyduğu ekzistensial istehza müəyyən mənada Molla Nəsrəddinin davamıdır, onun yeni kontekstdə təqdimatıdır. Burada qoçuların, tacirlərin, intelligentlərin cəmiyyətdəki nümunələri zərgər dəqiqliyi ilə əks olunub.
Fuad Babayev: 20 Yanvar faciəsindən sonra azərbaycanlıların sovet ordusu dinc əhaliyə qarşı silah işlətməz illüziyası necə məhv edildisə, Xocalı soyqırımı da ermənilərin Qafqazda yaşayan xalq kimi uşaqlara və qadınlara əl qaldırmaz mifinin üstündən qırmızı bir xətt çəkdi. Bu iki illüziyanın dağılması azərbaycanlı arxetipinə necə təsir göstərdi?
Elnarə Qaragözova: Müsbət təsiri oldu.Yəni əlbəttə ki, hər iki tarixi hadisə faciə idi. Amma bu faciələr bizim gözümüzdəki pərdələri açdı.
Fuad Babayev: Biz illüziyalardan azad olduq.
Elnarə Qaragözova: Bu tarixi faciələrdən sonra başa düşdük ki, biz ancaq özümüzdən mədəd ummalıyıq. Ayağa qalxmaq üçün o mental və genetik kodları öz içimizdən çağırmalıyıq. 70 ildə bizim dövlətçilik kodlarımızı da məhv etməyə çalışdıqları üçün müstəqilliyimizin ilk illərində bizə çox çətin idi. Amma biz maneələri dəf etməyi bacardıq.
Füzuli Qurbanov: Bu məsələlər çox geniş yanaşma tələb edir. Biz tarixin indiki mərhələsində faktlar və fraqmentar izahlarla məsələnin kökünü görə bilmirik. Bütün proseslər Səfəvilər dövlətinin dağılmasından sonra başladı. 1648-ci ildə imzalanan Vestfal sazişi (bu saziş müasir beynəlxalq hüquq və suveren dövlətlər sisteminin təməlini qoyub – red.) dövlətlərarası münasibətləri müharibəsiz həll etmək yolunda atılan ilk addım idi.
İlk Səfəvi-Rusiya müharibəsi1651–1653-cü illərdə baş verib. Avropalıların XVII əsrin ortalarında atdığı bu addımın fonunda Səfəvi, Rusiya və Osmanlı arasında müharibələr dövrü başlayır. 1651–1653-cü illərdəki müharibədə Səfəvilər qalib gəldi. XVII əsrdən başlayaraq 1796-cı ilə qədər Səfəvilərlə Rusiya arasında 6 dəfə müharibə olub. Bu müharibələrin dördündə Səfəvi, bir müharibədə isə Rusiya qalib gəlib. Bir müharibədə isə heç bir tərəf qələbə qazana bilməyib. XVIII əsrin sonunda ruslar Səfəvilərlərə müharibəyə son qoyaraq hiyləyə, siyasətə keçdilər. XVII əsrin ortalarından XX əsrin əvvəllərinə qədər Osmanlı ilə Rusiya arasında 8 müharibə olub. 1805-ci il Kürəkçay müqaviləsini, 1813-cü il Gülüstan müqaviləsini və 1828-ci ildə isə Türkmənçay müqavilələrini yada salaq. Antitürk, antiazərbaycanlı siyasəti ilə Səfəvilər dövlətinin parçaladılar. Bu siyasəti həyata keçirmək üçün rus imperializmi Avropa imperialist dairələri ilə birləşdi. Hərb meydanında türkə qalib gələ bilməyənlər ideologiyaya əl atdılar. Bu ideologiyanın mahiyyəti xalqımıza milli natamamlıq kompleksini aşılamaq idi. Yəni biz pisik, işğalçılar yaxşıdır. Ona görə də biz yaxşı işğalçının idarəetməsi altında olmalıyıq. Buna görə də xristian ermənilər vassal kimi bizim başımıza çıxarıldı. Erməninin təbliğatı ilk növbədə Qərbdən başladı. “Qədim xristian” xalqı kimi cəfəng ideya ilə demoqrafik balans ermənilərin xeyrinə dəyişdirildi. Soyqırımı və deportasiyaların fonunda azərbaycanlıları hər vəchlə aşağılamaq siyasəti yürüdürdülər. Bu qədər psixoloji təzyiqlərə tab gətirərək vətənsevərliyimizi qoruya bildiyimiz üçün biz qəhrəmanıq.
Elnarə Qaragözova: Genetik kodlar çox güclü olub.
Füzuli Qurbanov: Bəli. Bu da arxetiplərdir. Ermənilər 1885-ci ildə Osmanlıda “Armenikan”, 1887-ci ildə Cenevrədə “Hnçak”, 1890-cı ildə Tiflisdə “Daşnaksütun” yaratdılar. XIX əsrin sonunda artıq 3 erməni quldur dəstəsi Azərbaycan torpaqlarına hücüm etməyə hazır idi. Əsas hədəf kimi Səfəvini-Azərbaycanı hədəf seçən ermənilər azərbaycanlılara qarşı demoqrafik, psixoloji, sosial, etmomədəni, dövləti soyqırımları başladı. Bu ideoloji-psixoloji vəziyyət II Qarabağ savaşına qədər davam etdi. Azərbaycanlılara qarşı əsrlər boyu tətbiq olunan siyasətin tör-töküntüləri ilə, natamamlıq kompleksi ilə biz indi də mübarizə aparırıq. Bu mübarizədə Azərbaycançılıq ideologiyası, bir millət, iki dövlət tezisi mühüm yer tutur.
Təmkin Məmmədli: Xalqın təfəkkürünü özündə əks etdirən amillər sırasında atalar sözləri xüsusu yer tutur. “Qız yükü, duz yükü”, “El üçün ağlayan göz kor olar”, “Ağa deyir: – sür dərəyə! – sür dərəyə”, “Qarın qardaşdan irəlidir” kimi atalar sözlərimiz bizim arxetipimizin hansı çalarlarından xəbər verir? Erkən nikaha təşviq edən, kölə və itəatkar təbəə yetişdirən, uşağa qarşı zorakılığa haqq qazandıran atalar sözlərindən imtina etməyin vaxtı çatmayıbmı?
Elnarə Qaragözova: Müasir dövrdə bizQarabağ zəfərimizin obrazını ilk növbədə ədəbiyyatda yaratmalıyıq. Biz zəfəri ədəbiyyatda yaratmalıyıq ki, bu obraz arxetipə çevrilsin. Bədii söz daha çox yaşayır. Bədii söz elmi sözdən daha çox kütlələrə çatır. Artıq ədəbiyyatımızda Qarabağla bağlı sanballı əsərlər də yazılıb, Vətən müharibəsinin obarazlar qalereyası da yaradılb. Amma buna yenə də ehtiyac var. O məqamı tutmaq, o arxetipi formalaşdırmaq üçün bu mövzu daha çox işlənməlidir. Bu mövzu ədəbiyyatın qanına işləməlidir ki, 30 ildən sonra, 50 ildən sonra arxetipimizdə qəhrəman azərbaycanlı obrazı yaransın.
Atalar sözləri də elə dediyimiz arxetiplərlə bağlıdır. Amma atalar sözlərində arxetiplərlə yanaşı stereotiplər də öz əksini tapır. Qız uşağına problem kimi baxmaq cəmiyyətdəki problemlərdən qaynaqlanır, onun arxetipə heç bir dəxli yoxdur.
Füzuli Qurbanov: Mən bu məsələləri araşdırmışam. Burada heç bir ziddiyyət, heç bir mənfi çalar yoxdur. Çünki bu atalar sözlərinin mənasını bizə düzgün izah etmirlər və biz onları düz dərk etmirik. Misal üçün. “Palaza bürün, ellə sürün”. El sözü türklərdə həm də “dövlət” deməkdir. Yəni dövlətinlə, xalqınla bir ol, elini, dövlətini sev, satqın olma deməkdir. “El üçün ağlayan göz kor olar” bilirsiniz nə anlama gəlir? Yəni el üçün ağlama, işlə. “Düz düzdə qalar” nə gözəl sözdür. Biz bu atalar sözü Allah işini düzə çıxarsın mənasında başa düşülməlidir. “Qarın qardaşdan irəlidir” atalar sözünə baxaq. Qardaş nədir, qarındaş. Qarındaşmı irəlidir, yoxsa qarın. Qarın qadının mahiyyətidir. Çünki insanın yaranışı oradan başlayır və yaranışın içində yaranan hər hansı bir şeydən əsas olması təbii haldır. Yəni bu atalar sözündəki qarının mədəyə aidiyyəti yoxdur. “Ağa deyir: – sür dərəyə! – sür dərəyə” atalar sözünün mahiyyətində köləlik yoxdur. İstənilən Amerika və ya Avropa şirkətində rəhbərin tapşırığını icra etməmək mümkündürmü? İş mədəniyyətini araşdıran Hofsted adlı avropalı sosioloq yazır ki, ispanın iş mədəniyyəti ilə amerikalının iş mədəniyyəti arasında fərq var. Əmr gözləyən ispan gördüyü işə münasibət göstəriləndən sonra işini davam etdirmək istəyir. Amerikalını isə bu məqamlar narahat etmir. Hofsted yazır ki, əmr almağa vərdiş edən ispan Amerikada 3 ay işləyəndən sonra şirkət rəhbərinin onu tanımamasından narazılığını bildirəndə ona deyirlər ki, işlə bağlı təşəbbüs səndən gəlməlidir. Düşüncə tərzindəki fərq bax budur. Yəni başçı nə deyirsə, işçi ona əməl etməlidir. Çünki el birliyi, sel birliyi, güc birliyi olmalıdır. Amma bunun mütləq forması şəxsiyyətdən asılıdır. Ağa, bəy cəmiyyətin qaymağıdır, elitasıdır. Amma o, ədalətli olmalıdır. Bəy qadına Azərbaycanda başımın tacı deyir, bəy qadına bəyim deyir. Yaranışın, doğuluşun, mövcudluğun, ekzistensiyanın mənbəyinə bizim xüsusi hörmətimiz var.

Hazırladı: Təmkin Məmmədli, 1905.az
Söhbət 7 noyabr 2025-ci ildə baş tutub
Şəkil “yasno.live” saytından götürülüb
















Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb
WUF13-ün rəsmi bağlanış mərasimi keçirilir
Prezident İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında WUF13-ün açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibə verib










