
İqtisad elmləri doktoru, professor Zahid Fərrux Məmmədov suallarımızı cavablandırıb.
– Zahid müəllim, söhbətimizə yaşayış minimumu ilə başlamaq istərdim. 2026-cı il üçün yaşayış minimumu ölkə üzrə 300 manatdır. Bu rəqəm hansı meyarlarla təyin olunur?
– Ümumiyyətlə, dövlət siyasətində eksperimentallıq və pilot yanaşma mühüm əhəmiyyət daşıyır. Hər hansı sosial qərar qəbul edilməzdən əvvəl onun sınaq mərhələsində tətbiqi və nəticələrinin öyrənilməsi daha məqsədəuyğun olar. Müəyyən məbləğin – məsələn, 300 manatlıq dəstəyin pilot qaydada tətbiqi, daha sonra isə həmin vəsaitin vətəndaşlar tərəfindən necə istifadə edildiyinin təhlili qərarların daha əsaslı və effektiv qəbuluna imkan yarada bilər.
Beynəlxalq təcrübə göstərir ki, həmkarlar ittifaqları və digər ictimai institutlar da sosial-iqtisadi məsələlərin formalaşdırılmasında fəal iştirak edir. Bir çox ölkələrdə hökumət nümayəndələri, əmək və sosial müdafiə qurumları, həmkarlar ittifaqları və vətəndaş cəmiyyəti institutları birgə müzakirə platformalarında problemləri araşdırır, elmi əsaslandırılmış təkliflər hazırlayırlar. Parlament fraksiyaları qanun layihələrini təqdim etməzdən əvvəl onları universitetlərdə, elmi mərkəzlərdə və ekspert icmalarında müzakirəyə çıxarır, bu barədə açıq şəkildə məlumat verirlər. Bu, qərarların legitimliyini və ictimai etimadı gücləndirir.
Azərbaycanda da elmi əsaslı qərar qəbuletmə mexanizmlərinin daha da gücləndirilməsi məqsədəuyğun olardı. Siyasi partiyaların və ictimai institutların dövlət tərəfindən ayrılan resurslardan analitik tədqiqatlara, ictimai rəy sorğularına və siyasət sənədlərinin hazırlanmasına yönəlik daha fəal istifadə etməsi ümumi idarəetmə keyfiyyətinə müsbət təsir göstərə bilər.
– Bir qədər də minimum istehlak səbəti barədə danışaq.
– Minimum istehlak səbəti məsələsinə gəldikdə, bu göstəricinin real bazar şəraiti ilə uyğunluğu mütəmadi olaraq qiymətləndirilməlidir. Son dövrlərdə qiymət dəyişikliklərinin dinamikası nəzərə alınaraq, sosial standartların da adekvat şəkildə yenilənməsi vacibdir. Qiymət monitorinqi sahəsində beynəlxalq təcrübə mövcuddur. Məsələn, bəzi ölkələrdə ticarət və sənaye strukturları tərəfindən hazırlanmış rəqəmsal platformalar vasitəsilə vətəndaşlar gündəlik qiymət dəyişikliklərini izləyə bilirlər. Bu cür mexanizmlər şəffaflığın artırılmasına və bazar intizamının gücləndirilməsinə xidmət edir.
Azərbaycanda da istehlak bazarına nəzarət edən müvafiq dövlət qurumları fəaliyyət göstərir. Bu sahədə aparılan monitorinqlərin nəticələrinin daha müntəzəm şəkildə ictimaiyyətə təqdim olunması həm şəffaflığın artırılmasına, həm də vətəndaşların məlumatlılığının yüksəldilməsinə töhfə verə bilər.
– İnflyasiyanı necə dəyərləndirərdiniz?
– İnflyasiyanın yüksək olduğu mühitdə qiymət dəyişkənliyi daha qabarıq görünür. Lakin bazarda eyni məhsulun qısa müddət ərzində 33 manatdan 29 manata enməsi və ya əksinə artması təkcə ümumi inflyasiya ilə izah olunmur. Burada gözləntilər, informasiya axını, bazar strukturu, rəqabət səviyyəsi və psixoloji faktorlar paralel şəkildə təsir göstərir. Bu səbəbdən effektiv qiymət sabitliyi siyasəti təkcə makroiqtisadi alətlərlə deyil, həm də şəffaf informasiya siyasəti, bazar monitorinqi və rəqabət mühitinin gücləndirilməsi ilə təmin oluna bilər.
– Bir statistik məlumatı nəzərinizə çatdırmaq istəyirəm. 2026-cı ilin yanvarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində 5,3 milyard manatlıq dövriyyə qeydə alınıb ki, bunun da 49,1 faizi ərzaq məhsullarının, 4,9 faizi içkilər və tütün məmulatlarının, 14,4 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,7 faizi avtomobil benzini və dizel yanacağının, 4,5 faizi elektrik malları və mebellərin, 2,7 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1,5 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 17,2 faizi isə başqa qeyri-ərzaq mallarının payına düşüb. Bu rəqəmlərə nəzər salanda görürük ki, əhali qeyri-ərzaq vasitələrinə az pul sərf edir. Əhalinin bir nəfəri 278,6 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 237,1 manatlıq qeyri-ərzaq malları alıb. (https://www.stat.gov.az/news/index.php?lang=az&id=6605). İnkişaf etmiş ölkələrdə vətəndaşlar gəlirlərinin daha az hissəsini qida vasitələrinin alınmasına xərcləyir.
– Rəsmi rəqəmlər orta göstəriciləri əks etdirir, lakin əhalinin ayrı-ayrı qrupları üzrə real xərclər fərqli ola bilər. Xüsusilə yaşlı əhali və xroniki xəstəliyi olan vətəndaşlar üçün dərman xərcləri ailə büdcəsində daha böyük pay tuta bilər. Bu baxımdan, bəzi ailələr üçün dərmanlara çəkilən xərclərin ərzaq xərclərini üstələməsi mümkündür.
Əhalinin real istehlak strukturunu daha dəqiq öyrənmək üçün müntəzəm və metodoloji cəhətdən əsaslandırılmış tədqiqatların aparılması faydalı olardı. Beləliklə, məsələni müqayisəli təhlil çərçivəsində araşdırmaq daha konstruktiv nəticələrə gətirib çıxara bilər. Əgər ailə büdcənizin böyük hissəsi – məsələn, 90 faizi – ərzaq xərclərinə yönəlirsə, bu, gəlir və xərclər arasında ciddi balans problemi olduğunu göstərir. Bu cür vəziyyət adətən aşağı və ya sabit gəlir fonunda qiymət artımlarının daha həssas hiss edildiyi hallarda müşahidə olunur. İqtisadi nəzəriyyədə belə bir yanaşma var: gəlir səviyyəsi azaldıqca, zəruri tələbat mallarının (xüsusilə ərzağın) büdcədə payı artır. Yəni gəliri məhdud olan ailələr üçün ərzaq xərcləri ümumi xərclərin əsas hissəsini təşkil edir və digər sahələrə (təhsil, səhiyyə, istirahət və s.) vəsait ayırmaq çətinləşir. Bu kimi hallar fərdi problem olmaqla yanaşı, həm də sosial-iqtisadi göstəricidir. Ona görə də ailə büdcələrinin real strukturunu öyrənmək üçün müntəzəm və əhatəli tədqiqatların aparılması vacibdir. Bu, həm sosial siyasətin, həm də minimum istehlak səbətinin daha obyektiv formalaşdırılmasına kömək edə bilər. Sizin qeyd etdiyiniz fikir bir çox insanın hiss etdiyi reallığı ifadə edir və belə mövzuların ictimai müzakirəsi də məhz faktlara və real müşahidələrə əsaslanmalıdır. Mən ərzağa gəlirimin böyük hissəsini xərcləyirəm.
– Bəs kommunal və digər xərclər?
– Ailə büdcəsi məsələsinə daha sistemli yanaşdıqda görürük ki, məsələ təkcə ərzaq qiymətlərinin yüksək olması ilə məhdudlaşmır. Kommunal ödənişlər, kirayə haqqı, nəqliyyat xərcləri kimi gündəlik və qaçılmaz öhdəliklər də ailə gəlirinin mühüm hissəsini təşkil edir. Əslində, büdcə strukturunun təhlili zamanı əsas sual budur: aylıq gəlirin nə qədər hissəsi sabit xərclərə yönəlir və bu pay zamanla necə dəyişir?
Statistik olaraq 3 növ xərc var: sabit xərclər, dəyişən xərclər və gələcəyə yönələn xərclər. Sabit xərclər mütəmadi və qaçılmaz ödənişlərdir (kommunal xidmətlər, kirayə, kredit ödənişləri, nəqliyyat və s.). Dəyişən xərclər istehlak davranışından və qiymət dəyişkənliyindən asılı olan xərclərdir (ərzaq, geyim, məişət malları və s.). Gələcəyə yönələn xərclər və ya investisiya xarakterli xərclər isə təhsil, səhiyyə, sığorta, pensiya yığımları, şəxsi inkişaf və s. deməkdir.
Sosial rifahın mühüm göstəricilərindən biri ondan ibarətdir ki, ailə büdcəsində üçüncü qrup – yəni gələcəyə yönələn xərclər – hansı paya malikdir. Əgər gəlirin böyük hissəsi yalnız sabit və dəyişən xərclərə sərf olunursa, bu zaman insanın uzunmüddətli plan qurmaq imkanları məhdudlaşır.
Bir çox Avropa ölkələrində ailə büdcəsi modelində gələcəyə investisiya elementi daha güclüdür. İnsanlar tibbi sığortaya, təhsilə, pensiya fondlarına və şəxsi inkişaflarına daha sistemli şəkildə vəsait ayırırlar. Bundan əlavə, turizm və istirahət xərcləri də həyat keyfiyyətinin bir hissəsi kimi qəbul edilir. Bu isə o deməkdir ki, iqtisadi sabitlik yalnız cari tələbatın ödənilməsi ilə deyil, həm də gələcək risklərin idarə olunması ilə ölçülür.
Statistika bu prosesdə sadəcə rəqəmlər toplusu deyil. Statistika müqayisə və təhlil alətidir. Məsələn, bir ailənin büdcəsində məişət texnikasına çəkilən xərclə ərzaq xərclərini müqayisə etmək təkcə iki rəqəmi qarşı-qarşıya qoymaq deyil; bu, istehlak prioritetlərinin, gəlir səviyyəsinin və sosial davranış modelinin təhlilidir. Eyni məbləğ fərqli ailələrdə tamamilə fərqli iqtisadi məna kəsb edə bilər.
Nəticə etibarilə, ailə büdcəsinin strukturuna baxarkən əsas məsələ yalnız qiymətlərin yüksək olub-olmaması deyil, gəlirin hansı hissəsinin sabit öhdəliklərə, hansı hissəsinin dəyişən istehlaka, hansı hissəsinin isə gələcəyə yönəldildiyini anlamaqdır. Məhz bu balans sosial-iqtisadi dayanıqlığın real göstəricisidir.
Bəzən rəsmi statistika ilə gündəlik həyat arasında müəyyən məsafə yaranır. Rəqəmlər orta göstəricini göstərir, lakin ailələrin “soyuducusundakı reallıq” daha fərqli mənzərə ortaya qoya bilər. Sosial siyasətin effektivliyi də məhz bu iki müstəvinin – statistik göstərici ilə real həyat təcrübəsinin bir-birinə nə qədər uyğun gəlməsindən asılıdır. Buna görə də seçmə sorğular, ev təsərrüfatı büdcə tədqiqatları və yerində müşahidələr xüsusi əhəmiyyət daşıyır.
Əgər ailə büdcəsində ərzaq xərclərinin payı həddindən artıq yüksəkdirsə, bu, struktur problemin göstəricisidir. İqtisadi nəzəriyyədə belə bir prinsip var: gəlir səviyyəsi artdıqca, ərzağın büdcədə payı azalır. Əksinə, ərzaq xərcləri ümumi gəlirin böyük hissəsini təşkil edirsə, bu, ya gəlirin məhdud olduğunu, ya da qiymətlərin əlçatanlıq baxımından problem yaratdığını göstərir. Bu hal təbii olaraq sosial siyasət üçün siqnal rolunu oynayır. Tarixi təcrübə göstərir ki, ictimai iaşə infrastrukturu sosial sabitlik baxımından mühüm rol oynaya bilər.
Sovet dövründən qalan “stolovaya” tipli yeməkxanalar bu gün də fəaliyyət göstərir və tələbələr, işçilər üçün münasib qiymətə yemək imkanı yaradır. Bu model bazar iqtisadiyyatı ilə paralel şəkildə sosial funksiyanı qoruyub saxlayır. Amma Rusiyada məktəblərdə yemək pulsuzdur. Sakarya üniversitetinin bölüm başkanı Ferruh Tuzcuoğlu ilə Türkiyədə bir konfransa qatılmışdım. Sonra məktəbləri də ziyarət etdik. Məktəblinin 6-cı sinfə qədər bütün ehtiyacı məktəb tərəfindən qarşılanır. Türkiyədə universitet və məktəb yeməkxanaları sistemli şəkildə təşkil olunub. Tələbə və şagirdlər üçün münasib qiymətli və ya subsidiya olunan qidalanma modeli tətbiq edilir. Bu, həm sosial bərabərliyə xidmət edir, həm də ailə büdcəsinə düşən yükü azaldır.
– Bütün bunlar təkcə şagird və tələbələrin pul vəsaitlərində qənaət etmələrinə deyil, o cümlədən daha sağlam qidalanmalarına yardım edir.
– Müəyyən siniflərə qədər ehtiyacların məktəb tərəfindən qarşılanması həm də uşağın sosial stressini azaldır və diqqətini təhsilə yönəltməsinə imkan yaradır.
Nəticə etibarilə, ailə büdcəsinin yükünü azaltmaq üçün yalnız nominal gəlirlərin artırılması deyil, həm də sosial infrastrukturun – ictimai yeməkxanaların, məktəb və universitet qidalanma proqramlarının – inkişafı vacibdir.
– Siz bayaq bir ifadə işlətdiniz ki, gəlirinizin böyük bir hissəsi ərzağa gedir. Hansı ölkələrdə buna bənzər vəziyyət var?
– Əgər hər hansı cəmiyyətdə ailələrin böyük bir hissəsi gəlirinin 70–90%-ni yalnız ərzağa sərf edirsə, bu artıq sosial-iqtisadi siqnal kimi qəbul edilməlidir. Bu, ya real gəlirlərin aşağı olduğunu, ya da qiymətlərin əlçatanlıq baxımından ciddi problem yaratdığını göstərir.
Sizin ikinci məqamınıza gəldikdə isə, Azərbaycan tarixən Avropa ilə intellektual və institusional bağlılığa malik olub. Demokratik ənənələr, maarifçilik hərəkatı, universitetlərin formalaşması və ziyalı təbəqəsinin rolu bu müqayisəni müəyyən mənada əsaslandırır. Nəticə olaraq, məsələ hansı ölkə ilə müqayisə aparmaqdan çox, hansı sosial modelə doğru irəliləmək istədiyimizi müəyyənləşdirməkdir. Əgər məqsəd inkişaf etmiş sosial-iqtisadi modeldirsə, onda ailə büdcəsində ərzaq xərclərinin dominant mövqedə olması ciddi düşünülməli bir göstəricidir.
Azərbaycan çox unikal bir ölkədir və dünyada hər kəsə çox şeydə örnək ola bilər. Ancaq məlum deyil, nəyə görə danışdığımız mövzuda araşdırma, müzakirələr yetəri səviyyədə deyildir. Bu qədər elmi tədqiqat institutları var. Onlar tədqiqatlar aparıb ortaya nə isə qoymalıdır.
İnkişaf etmiş ölkələrdə dövlət qərarları adətən analitik mərkəzlərin, universitetlərin və tədqiqat institutlarının hazırladığı hesabatlara əsaslanır. Aqrar sektor, əmək bazarı, urbanizasiya və sosial siyasət üzrə müntəzəm “ağ kitablar” (white papers) hazırlanır.
– Sovet dönəmində bizim cənub rayonlarımız təkcə Bakını deyil, eyni zamanda Moskva və Leninqrad vilayətlərini də kənd təsərrüfatı məhsulları ilə təmin edirdi. İndi rayonlarımız hətta Bakını bir çox məhsullarla təmin etməkdə çətinlik çəkir.
Tarixən Maştağa, Nardaran və digər Bakı kəndləri şəhərin ərzaq təminatında mühüm rol oynayırdı. Süd, ət, tərəvəz istehsalı yerli bazarı qismən təmin edirdi. Lakin urbanizasiya, torpaq istifadəsinin dəyişməsi və fərdi tikililərin artması kənd təsərrüfatı yönümlü istehsalın azalmasına gətirib çıxarıb.
Bu, tipik “peri-urban transformasiya” prosesidir – şəhərətrafı ərazilər kənd təsərrüfatından yaşayış və kommersiya məqsədli istifadəyə keçir. Nəticədə şəhər özünü təmin etmək imkanını qismən itirir və idxaldan asılılıq artır.
Belə asılılıq logistika risklərini artırır. Məsələn, hava şəraiti (yağış, qar), nəqliyyat məhdudiyyətləri və ya digər fasilələr baş verdikdə, təklif zənciri qırılır və qiymətlər dərhal yüksəlir. Bu isə göstərir ki, məsələ təkcə qiymət artımı deyil, həm də şəhərin ərzaq dayanıqlığı (urban food resilience) problemidir.
Beynəlxalq təcrübədə böyük şəhərlərin ətraf vilayətlər hesabına təmin edilməsi geniş yayılmış modeldir. Minsk vilayəti Minsk şəhərinin ərzaq tələbatının mühüm hissəsini qarşılayır və fermer bazarları vasitəsilə istehsalçı ilə istehlakçı arasında birbaşa əlaqə qurulur. Moskva vilayəti paytaxtın kənd təsərrüfatı və süd məhsulları tələbatında ciddi paya malikdir. Sankt-Peterburq da əsasən Leninqrad vilayəti ilə inteqrasiya olunmuş aqrar-logistik model üzərində qurulub.
Bu şəhərlərdə diqqətçəkən məqam ondan ibarətdir ki, şəhərətrafı kənd təsərrüfatı zonaları planlaşdırma sənədlərində qorunur və bazara çıxış mexanizmləri təşkil olunur. Fermer bazarları və həftəsonu yarmarkaları vasitəsilə məhsul birbaşa istehsalçıdan istehlakçıya çatdırılır ki, bu da həm qiymətləri nisbətən aşağı saxlayır, həm də şəffaflığı artırır.
– Amma Bakıda hər il yarmarkalar təşkil olunur. Bunun üçün müəyyən yerlər də təyin olunub.
Bakıda zaman-zaman yarmarka təşəbbüsləri irəli sürülüb. Lakin belə mexanizmlərin davamlı və institusional xarakter alması vacibdir.
Bakı uzunmüddətli dayanıqlı inkişaf modelinə keçmək istəyirsə, şəhərətrafı aqrar zonaların qorunması, istehsalçı–istehlakçı əlaqəsinin gücləndirilməsi və yerli bazar infrastrukturunun institusional şəkildə qurulması strateji prioritetə çevrilməlidir.
– Problemlərin həlli yolları haqqında danışaq.
– Bu problemlər həllolunmaz deyil. Əsas məsələ sistemli yanaşma və koordinasiyalı siyasətdir. Torpaq auditi edilməli, bir adam maksimum 10 sot torpaq sahibi ola bilər. Əgər biri torpaqda məhsul istehsal etmirsə, cəmiyyətin inkişafında yararlı deyilsə, sosial-iqtisadi inkişafda iştirak payı yoxdursa… axı dünyanın heç bir ölkəsində böyük torpağı istifadə etməyəcəksənsə sənə verməzlər. Allah-taala torpağı yaradıb, göydən yağış gəlir, aşağıdan isə məhsul çıxır. Torpağın məzmunu budur. Bu məsələ emosional deyil, strateji məsələdir. Çünki torpaq yalnız fərdi mülkiyyət obyekti deyil, eyni zamanda milli sərvət və istehsal amilidir. Ona görə də torpaqdan istifadə siyasəti sosial-iqtisadi inkişafın əsas komponentlərindən biri kimi qiymətləndirilməlidir.
– Yəni böyük torpaqların istifadə olunub-olunmadığına əmin olmaq üçün nəzarətin olmasını istəyirsiniz.
– Bir çox ölkələrdə torpaq mülkiyyəti məhdudlaşdırılmır, lakin istifadəyə dair ciddi qaydalar mövcuddur. Əgər torpaq uzun müddət istifadəsiz qalırsa, dövlət vergi, icarə və ya geri alınma mexanizmləri vasitəsilə onun iqtisadi dövriyyəyə cəlb olunmasını təşviq edir. Bu, xüsusilə kənd təsərrüfatı torpaqları üçün tətbiq edilir. Burada əsas məsələ “kim nə qədər torpağa sahibdir?” sualından çox, “torpaq hansı məhsuldarlıqla istifadə olunur?” sualıdır.
– Özəl torpaq sahələrinə nəzarət lazımdır. Bəs ümumi torpaq sahələrindən – yol kənarları, parklar, bağlar – buradan necə istifadə olunur? Sizcə burada bar verməyən ağacların yerinə meyvə ağaclarının əkilməsi səmərəli olmaz?
– Bir çox Avropa ölkələrində ictimai məkanların planlaşdırılmasında məhsuldar yaşıllıq elementlərinə xüsusi yer verilir. Məsələn, Polşada yol kənarlarında, kənd və kiçik şəhərlərdə alma və gavalı ağaclarının əkilməsi həm estetik, həm də praktik məqsəd daşıyır. Bu ağaclar zamanında planlı şəkildə salınıb və ictimai istifadəyə açıqdır. Burada əsas məqam mülkiyyət deyil, ictimai fayda prinsipidir.
Bu yanaşma “bu mənimdir” düşüncəsindən daha çox “bu, hamımız üçündür” anlayışına əsaslanır. Yəni resursun qorunması fərdi sahiblik hissi ilə deyil, kollektiv məsuliyyət mədəniyyəti ilə təmin olunur. Cəmiyyət həmin ağaclara zərər vermir, çünki onları ortaq dəyər kimi qəbul edir. İqtisadi və sosial baxımdan bu, sosial kapitalın yüksək olduğu mühitlərdə mümkündür. İnsanlar ictimai mülkiyyətə şəxsi əmlak qədər hörmətlə yanaşır. Bu isə hüquqi mexanizmlərlə yanaşı, mədəniyyət və vətəndaş şüuru ilə formalaşır. Məsələ yalnız torpaq və ya ağac məsələsi deyil, söhbət resurslara münasibət modelindən gedir. Əgər ictimai sərvətə kollektiv dəyər kimi yanaşma güclənərsə, şəhər mühiti də daha dayanıqlı və funksional olar. Bu düşüncə dəyişikliyi uzunmüddətli sosial inkişafın mühüm komponentidir.
– Əhalinin sosial-iqtisadi problemlərini həll etmək üçün nə etməli?
– Sosial-iqtisadi problemlərin həlli üçün formal tədbirlərdən daha çox, yerində və sistemli iş tələb olunur. Regional inkişafın effektiv olması üçün qərarverici şəxslərin və seçilmiş nümayəndələrin yerlərdə daha aktiv iştirakı mühüm əhəmiyyət daşıyır. Seçicilərlə davamlı və birbaşa təmas yalnız rəsmi qəbul günləri ilə məhdudlaşmamalıdır. Rayonları təmsil edən deputatların həmin bölgələrdə daha çox vaxt keçirməsi, yerli icmalarla müntəzəm görüşlər keçirməsi və problemləri birbaşa müşahidə etməsi qərarların keyfiyyətinə müsbət təsir göstərə bilər. Çünki real vəziyyəti yerində görmək statistik hesabatdan daha dolğun təsəvvür yaradır.
Eyni zamanda, mərkəzi tədbirlərdə iştirak da dövlətçilik baxımından vacibdir. Lakin balans qorunmalıdır: regional mandat alan nümayəndənin əsas prioriteti həmin bölgənin sosial-iqtisadi problemlərinin öyrənilməsi və onların həlli istiqamətində təşəbbüslərin irəli sürülməsi olmalıdır.
İnkişafın əsas şərtlərindən biri məsuliyyətin mərkəzləşməsi deyil, bölüşdürülməsidir. Yerli problemlərin yerində araşdırılması, icmalarla əməkdaşlıq və nəticəyə yönəlmiş fəaliyyət modeli daha effektiv nəticələr verə bilər. Bu yanaşma həm vətəndaş etimadını artırar, həm də qərarvermə prosesini daha real ehtiyaclara uyğunlaşdırar.
– Kənd təsərrüfatı məhsulları ilə təminatımız nə yerdədir? Nəyə gərə kənddən şəhərə axın güclüdür?
– Şəhərə axın məsələsinə emosional deyil, iqtisadi məntiqlə yanaşmaq lazımdır. İnsanlar adətən yaşadıqları yeri səbəbsiz tərk etmirlər. Əgər kənddə sabit və kifayət qədər gəlir əldə etmək mümkündürsə, sosial infrastruktur mövcuddursa və istehsal üçün şərait yaradılıbsa, insanların böyük əksəriyyəti doğma mühitində qalmağa üstünlük verir. Kənddən şəhərə köçün əsas səbəbləri adətən bunlardır: torpaq mülkiyyətinin olmaması və ya torpağın parçalanmış, səmərəsiz strukturu, müasir kənd təsərrüfatı texnikasına çıxışın məhdudluğu, kredit və maliyyə resurslarına əlçatanlığın zəifliyi, məhsulun bazara çıxarılması və satış problemləri, təhsil, səhiyyə və sosial xidmətlərin aşağı səviyyəsi.
Əsas prinsip budur: kənddə yaşayan insan öz əməyinin nəticəsini real gəlirə çevirə bilməlidir. Əgər kənddə işləmək şəhərdə qeyri-ixtisaslı işdən daha az qazanc gətirirsə, axın qaçılmaz olur.
Ona görə də “kəndli niyə kəndi tərk edir?” sualından əvvəl “kənddə qalmaq üçün hansı iqtisadi şərait yaradılıb?” sualını vermək daha düzgündür. İnkişaf yalnız şəhərlərin böyüməsi ilə ölçülmür. Regionların iqtisadi cəhətdən cazibədar olması ümumi sosial sabitliyin əsas şərtidir.
– Tək iqtisadi cəlbedicilik indiki dövr üçün məgər kifayət edir?
– Keçmişdə kəndlərdə fəaliyyət göstərən mədəniyyət sarayları, kitabxanalar və ictimai mərkəzlər yalnız mədəni funksiyaya malik deyildi; onlar sosial kapitalın formalaşmasında mühüm rol oynayırdı. Bu institutların zəifləməsi kənd həyatının cəlbediciliyinə birbaşa təsir göstərir.
– Ölkəmizdə kənd təsərrüfatını inkişaf etdirmək üçün çoxlu sayda qanunlar, qərarlar, proqramlar qəbul edilib. Yəni bunun üçün yenə nə isə qəbul etmək lazımdır?
– Kənd təsərrüfatının inkişafı ilə bağlı müxtəlif dövlət proqramlarının və normativ sənədlərin qəbul edilməsi müsbət addımdır. Lakin əsas məsələ sənədin mövcudluğu deyil, onun icra effektivliyidir. Ət və yağ kimi əsas ərzaq məhsullarının qiymət artımı məsələsi ayrıca elmi araşdırma tələb edir. Ölkədə aqrar sahə üzrə çoxsaylı elmi-tədqiqat institutlarının fəaliyyəti məhz regional iqlimə, torpaq xüsusiyyətlərinə və məhsuldarlıq potensialına uyğun elmi tövsiyələr hazırlamaqdır. Hansı rayonda hansı bitkinin daha səmərəli əkilməsi, suvarma modelləri, heyvandarlıq cinslərinin seçimi – bunların hamısı elmi əsaslandırma tələb edir.
Beynəlxalq təcrübə göstərir ki, hətta mürəkkəb geosiyasi şəraitdə olan ölkələr belə ərzaq təhlükəsizliyini prioritet sahə kimi qoruyurlar. Ərzaq təhlükəsizliyi maliyyə və enerji təhlükəsizliyi kimi milli təhlükəsizliyin tərkib hissəsidir. 1990-cı illərdə İraq nümunəsi göstərdi ki, təbii resursların bolluğu daxili istehsal və səhiyyə infrastrukturunun zəifliyini kompensasiya etmir. Özünütəminetmə qabiliyyəti strateji əhəmiyyət daşıyır.
Digər mühüm məsələ dövlət–ekspert dialoqudur. Keçmiş dövrlərdə mediada səslənən təkliflərin müvafiq qurumlar tərəfindən müzakirəyə çıxarılması müəyyən institusional mədəniyyət formalaşdırmışdı. Bu gün də analitik təkliflərə, rəsmi məktublara və hesablamalara sistemli reaksiya mexanizmi qurulması qərarvermə prosesini daha açıq və effektiv edə bilər.
– Son zamanlar idarə və təşkilatlar xərcləri daha çox optimallaşdırır, maliyyə vəsaitlərindən daha qənaətlə və səmərəli şəkildə istifadə edirlər.
– İctimai vəsaitlərin qənaətli istifadəsi, o cümlədən inzibati xərclərin optimallaşdırılması ilə bağlı təkliflərin hazırlanması və təqdim edilməsi vətəndaş məsuliyyətinin göstəricisidir. Əsas məsələ bu təşəbbüslərin institusional kanallarla qiymətləndirilməsi və mümkün tətbiq mexanizmlərinin araşdırılmasıdır. Nəticə etibarilə, kənd təsərrüfatı, regional inkişaf və ərzaq təhlükəsizliyi məsələləri kompleks və elmi əsaslandırılmış yanaşma tələb edir. Sistemli sifariş–tədqiqat–icra mexanizmi qurulduqda, həm mövcud problemlərin səbəbləri daha dəqiq müəyyənləşər, həm də real həll yolları ortaya qoyula bilər. İqtisadi baxımdan burada əsas prinsip alternativ xərclər (opportunity cost) anlayışıdır. Yəni bir sahəyə xərclənən hər manat digər bir sahədən imtina deməkdir. Əgər inzibati xərclərin müəyyən hissəsi azaldıla bilirsə, həmin resurslar strateji prioritetlərə istiqamətləndirilə bilər. Məsələn, xidməti avtomobillərlə bağlı məsələ təkcə qənaət deyil, həm də idarəetmə səmərəliliyi ilə bağlıdır. Dövlət və ya ictimai vəsait hesabına saxlanılan hər bir resursun – o cümlədən xidməti avtomobillərin – funksional zərurəti və iqtisadi əsaslandırması olmalıdır. Əgər vəzifəli şəxs gündəlik olaraq saat 9-dan 18:00-a qədər eyni məkanda fəaliyyət göstərirsə və əlavə operativ hərəkətlilik tələb olunmursa, daimi xidməti avtomobil ayrılması səmərəlilik baxımından yenidən qiymətləndirilə bilər. Burada əsas sual budur: bu xərclər əlavə ictimai dəyər yaradırmı?
Beynəlxalq təcrübədə müxtəlif modellər mövcuddur. Bir çox ölkələrdə: yalnız yüksək təhlükəsizlik və ya operativ qərarvermə tələb edən vəzifələr üçün daimi avtomobil ayrılır, digər hallarda nəqliyyat kompensasiyası və ya paylaşılmış avtomobil sistemi tətbiq olunur,bəzi hallarda rəhbər şəxslər belə gündəlik gediş-gəliş üçün ictimai nəqliyyat və ya taksidən istifadə edirlər.
Xüsusi sektorda isə daha sərt səmərəlilik prinsipi tətbiq olunur. Məsələn, böyük bank və ya şirkət rəhbərləri üçün belə, xidməti avtomobil yalnız zəruri hallarda istifadə edilir; gündəlik gediş-gəliş şəxsi məsuliyyət kimi qəbul olunur. Bu yanaşma həm korporativ mədəniyyətin bir hissəsidir, həm də məsuliyyətli resurs idarəçiliyinin göstəricisidir.
İqtisadi baxımdan burada “dövlət xərclərinin optimallaşdırılması” məsələsi ön plana çıxır. Xidməti avtomobil parkı yalnız avtomobilin özü ilə məhdudlaşmır; yanacaq, texniki xidmət, amortizasiya, sürücünün əməkhaqqısı və digər inzibati xərclər də nəzərə alınmalıdır. Bu xərclərin sistemli auditinin aparılması və ehtiyac əsaslı yanaşmanın tətbiqi büdcə yükünü əhəmiyyətli dərəcədə azalda bilər.
Məsələ kiminsə statusu deyil, funksional ehtiyacdır. Əgər məqsəd dövlət vəsaitinin səmərəli istifadəsidirsə, o zaman hər bir xərc maddəsi – o cümlədən xidməti nəqliyyat – iqtisadi əsaslandırma baxımından qiymətləndirilməlidir. Bu, həm şəffaflığı artırar, həm də ictimai etimadı gücləndirər.
Maliyyə intizamı və xərclərin prioritetləşdirilməsi hər bir ölkədə davamlı inkişafın əsas şərtlərindən biridir. Maliyyə nazirliyinin rolu yalnız xərclərə nəzarət etmək deyil, həm də iqtisadi sabitliyi və uzunmüddətli inkişafı dəstəkləyən maliyyə siyasətini qurmaqdır. Müasir çağırışlar fonunda Azərbaycanda Maliyyə Nazirliyinin məsuliyyəti daha da artıb: həm makroiqtisadi sabitliyi qorumaq, həm də dövlət resurslarının strateji istiqamətlərə yönəldilməsini təmin etmək. Bu baxımdan, peşəkar və balanslı maliyyə idarəçiliyinin ölkənin dayanıqlı inkişafında mühüm rol oynacağına ümid edirəm.
– Qeyri-neft gəlirlərinin büdcədə bir neçə il ərzində yüksək dərəcədə artması nəzərdə tutulub. Bu isə vergilər, cərimələr, gömrükdən daxilolmalar və s. hesabına yerinə yetiriləcək.
– Cərimə mexanizmi fiskal gəlir mənbəyi kimi deyil, davranışın korrektəsi aləti kimi nəzərdə tutulmalıdır. Əgər cərimələrdən daxilolmalar yüksək məbləğ təşkil edirsə, burada bir neçə sual ortaya çıxır: Pozuntuların sayı həqiqətənmi bu qədər çoxdur? Qanunvericilik həddindən artıq sərtdirmi? Yoxsa icra mexanizmləri daha aktivləşdirilib?
Dövlət maliyyəsi nəzəriyyəsində belə bir prinsip var: cərimələr davamlı büdcə gəlir modeli ola bilməz. Çünki ideal vəziyyətdə pozuntular azalmalı, nəticədə cərimə gəlirləri də aşağı düşməlidir. Əgər cərimələr sabit və ya artan gəlir mənbəyinə çevrilirsə, bu zaman onların tənzimləyici funksiyası ilə fiskal funksiyası arasında balans məsələsi yaranır.
Nəticə olaraq, 850 milyon kimi böyük rəqəm yalnız maliyyə göstəricisi deyil, həm də institusional göstəricidir. Əsas məsələ cərimələrin büdcə doldurmaq vasitəsi kimi deyil, hüquqi və iqtisadi intizamı təmin edən mexanizm kimi fəaliyyət göstərməsidir.
– Kiçik və orta sahibkarlığın vəziyyəti ilə bağlı danışaq.
– Depozitlərdən belə pul almağa başladıq. Depozit isə gələcəyin təminatıdır, fövqəladə günün sığortasıdır, pensiya öncəsi arxayınlıqdır. Bu gün elə bir vəziyyət yaranıb ki, demək olar hər sahədə ödəniş və vergi mexanizmi tətbiq olunur və insanlarda haqlı sual doğurur: doğrudanmı artıq ödənişsiz sahə qalmayıb?
Bank sistemi güclənməlidir, kapitallaşma artırılmalıdır və Azərbaycan bankları regionun ən güclü maliyyə institutları sırasına çıxmalıdır. Güclü bank sistemi ucuz kredit, əlçatan maliyyə və beynəlxalq açılım deməkdir. Lakin bankların güclənməsi vətəndaşın üzərinə əlavə yük qoymaqla deyil, real iqtisadi artımla təmin olunmalıdır.
Təhsil haqqının ödənişli olması, kitab və resurslardan istifadəyə görə ödənişlər, tibbi xidmətlərin qismən pullu edilməsi sosial həssaslıq yaradır. Kommunal xidmətlərdə limit məsələsi də yenidən nəzərdən keçirilməlidir. Elektrikdən istifadə zənginlik göstəricisidir, çünki bu, insanların rahat və texnologiyalı həyat tərzi deməkdir. İnsan qazı, suyu, işığı qorxu ilə deyil, normal həyat tələbatı çərçivəsində istifadə etməlidir. Məhdudiyyət psixoloji gərginlik yaradır, halbuki maarifləndirmə və iqtisadi stimullar daha effektiv ola bilər.
– Bəzən tələbələrə tövsiyə edirlər ki, onlar ali məktəbi bitirdikdən sonra iş axtarmasınlar, özləri iş qursunlar.
– Əlbəttə, əsas çıxış yolu sahibkarlığın inkişafıdır. Gənclərə “iş axtarmayın, iş qurun” demək kifayət deyil; bunun üçün məktəbdən başlayaraq sahibkarlıq düşüncəsi formalaşdırılmalıdır. İnkişaf etmiş ölkələrdə zənginliyin əsas səbəbi innovasiya, texnologiya və yüksək əlavə dəyərli istehsaldır.
Qeyri-neft sektoru təkcə kənd təsərrüfatı məhsullarının ixracı ilə məhdudlaşmamalıdır. Əgər bir ton kənd təsərrüfatı məhsulu bir texnoloji cihazın dəyərinə bərabərdirsə, bu, iqtisadi strukturun yenidən düşünülməsini tələb edir. Məqsəd yüksək texnologiyalı məhsulların ölkə daxilində istehsalını qurmaq və elmi potensialı iqtisadi dəyərə çevirmək olmalıdır.
İnkişaf edən iqtisadiyyatın əsasında insan dayanmalıdır. Güclü bank sistemi, azad sahibkarlıq mühiti və yüksək texnologiyalı istehsal modeli qurulmadıqca, ödənişlərin və məhdudiyyətlərin artması uzunmüddətli rifah yaratmayacaq.
– Ölkəmizin iqtisadi potensialı çoxdur…
– Fikir verin, sahilyanı ərazilərdə, xüsusilə bulvar zonasında yerləşən ictimai-iaşə obyektlərinin əhəmiyyətli hissəsi fəaliyyət göstərmir və ya natamam istifadə olunur. Bu isə həm turizm potensialının, həm də şəhər iqtisadiyyatının tam reallaşdırılmadığını göstərir. Turist axınının artdığı bir şəraitdə xidmət sektorunun passiv qalması strateji planlaşdırma baxımından suallar doğurur. Sahilyanı məkanlar dünya təcrübəsində yalnız rekreasiya zonası deyil, həm də iqtisadi aktivlik mərkəzi kimi çıxış edir. Obyektlərin boş qalması investisiya mühitinin, icarə siyasətinin, vergi və inzibati mexanizmlərin yenidən qiymətləndirilməsini zəruri edir.
Digər mühüm məsələ şəhərdaxili nəqliyyat sisteminin diversifikasiyasıdır. Bakı şəhərinin Xəzər dənizi sahilində yerləşməsi su nəqliyyatının inkişafı üçün ciddi coğrafi üstünlük yaradır. Qısa məsafəli sərnişindaşıma məqsədilə vapur (bərə tipli sərnişin gəmiləri) xəttinin təşkili alternativ və ekoloji baxımdan səmərəli nəqliyyat modeli ola bilər. Məsələn, Türkiyənin İstanbul şəhərində Kabataş, Beşiktaş və Bakırköy istiqamətlərində fəaliyyət göstərən şəhərdaxili dəniz nəqliyyatı sistemi tıxacların azaldılmasına, vaxt itkisinə qənaətə və şəhər mobilliyinin artırılmasına mühüm töhfə verir.
Oxşar model Bakı üçün də nəzəri və praktiki baxımdan mümkündür. Məsələn, Bulvar ərazisindən Zirə, Hövsan, Zığ və digər sahilyanı yaşayış məntəqələrinə müntəzəm vapur marşrutlarının təşkili: avtomobil sıxlığını azalda bilər; ictimai nəqliyyatın alternativini yarada bilər; turizm və rekreasiya sektorunu stimullaşdıra bilər və şəhərin funksional inteqrasiyasını gücləndirə bilər.
– Azərbaycan və Ermənistan arasında keçən ilin avqustundan iqtisadi müstəvidə istiləşmə müşahidə olunur. Bu ilin yanvarında Azərbaycandan Ermənistana 2,404 milyon ABŞ dolları dəyərində məhsul ixrac edilib. Neft məhsullarından başqa İrəvana daha nə təklif edə bilərik?
– Azərbaycan ilə Ermənistan arasında iqtisadi əlaqələrin müəyyən dərəcədə aktivləşməsi regionda yeni iqtisadi reallıqların formalaşdığını göstərir. Neft və neft məhsulları ənənəvi ixrac istiqaməti olsa da, Azərbaycan iqtisadiyyatı artıq daha geniş məhsul portfeli təklif etmək imkanına malikdir. İlk növbədə, kənd təsərrüfatı və aqro-sənaye məhsulları diqqətə alınmalıdır. Azərbaycan meyvə-tərəvəz, emal olunmuş ərzaq məhsulları, konserv və şirə istehsalında regional bazarda rəqabət qabiliyyətinə malikdir. Logistika baxımından yaxınlıq bu sahədə üstünlük yarada bilər. Regionda enerji təhlükəsizliyi məsələləri fonunda elektrik ixracı və ya enerji sistemlərinin inteqrasiyası uzunmüddətli əməkdaşlıq modeli kimi nəzərdən keçirilə bilər.
Regionda kommunikasiya xətlərinin açılması perspektivi Azərbaycanı nəqliyyat və logistika mərkəzi kimi daha da gücləndirir. Bu halda ticarət yalnız ikitərəfli deyil, çoxtərəfli iqtisadi platformaya çevrilə bilər. Ümumilikdə, iqtisadi əməkdaşlığın genişlənməsi üçün əsas şərt qarşılıqlı etimadın və sabit institusional mexanizmlərin formalaşdırılmasıdır.
– Bizdə mətbuat iqtisadiyyatdan az yazır. İqtisadçılar media ilə ünsiyyətdə, əməkdaşlıqda maraqlı deyil və yaxud media iqtisadçıları maraqlandıra biləcək söhbətlər, müsahibələr, müzakirələr təşkil edə bilmir?
– Müasir iqtisadi sistemdə institusional şəffaflıq və peşəkar idarəetmə əsas şərtlərdən biridir. Lakin müşahidə olunur ki, bəzi hallarda müəyyən vəzifəli şəxsin fəaliyyəti dövründə onunla əlaqəli şirkətlər sürətli inkişaf edir, tenderlərdə qalib olur və bazarda üstün mövqe tutur. Həmin şəxs vəzifədən ayrıldıqdan sonra isə eyni şirkətlərin aktivliyi kəskin şəkildə azalır. Bu vəziyyət iqtisadi rəqabət mühitinin institusional deyil, fərdi təsir mexanizmləri üzərində qurulduğunu göstərir və uzunmüddətli dayanıqlılıq baxımından risklidir.
Digər diqqətçəkən məsələ korporativ idarəetmədə iqtisadi təhlil funksiyasının zəifliyidir. Dünyanın inkişaf etmiş iqtisadiyyatlarında iri şirkətlərdə və banklarda baş iqtisadçı (Chief Economist) institutu formalaşıb. Bu vəzifə strateji qərarların makroiqtisadi analiz əsasında qəbul edilməsini təmin edir. Yerli şirkətlərdə isə çox zaman belə vəzifə mövcud deyil və iqtisadi analiz sistemli idarəetmə alətinə çevrilmir. Halbuki iqtisadi qərarların elmi əsaslandırılması rəqabət qabiliyyətini artıran mühüm amildir.
Media mühitində də oxşar tendensiya müşahidə olunur. İqtisadi proseslər hər bir vətəndaşın gündəlik həyatına birbaşa təsir göstərdiyi halda, ictimai maraq daha çox şou və əyləncə mövzularına yönəlir. Halbuki inkişaf etmiş ölkələrdə iqtisadi müzakirələr geniş auditoriya toplayır. Məsələn, Türkiyə və Rusiya kimi ölkələrdə iqtisadi debatlar televiziya və çap mediasında mühüm yer tutur. Rusiyada RBK televiziya kanalı, Vedomosti və Kommersant kimi nəşrlər iqtisadi analitikaya geniş yer ayırır. Bu platformalarda ekspert rəyi ictimai diskussiyanın ayrılmaz hissəsidir.
Tədbir mədəniyyətində də prioritetlərin fərqli olduğu görünür. Bizdə məzun gecələri, korporativ yubileylər və digər ictimai tədbirlər çox zaman əyləncə formatında təşkil olunur. Halbuki bu platformalar peşəkar çıxışlar, iqtisadi perspektivlərin müzakirəsi və əmək bazarı ilə bağlı maarifləndirmə üçün imkan yarada bilər. Məsələn, Türkiyədə bank sektorunun yubiley tədbirlərində Nobel mükafatçısı Əziz Sancar kimi Nobel mükafatçısının dəvət olunması elmi-intellektual dəyərin önə çəkildiyini göstərir. Eyni zamanda Türkiyə Cümhuriyyətinin Cumhurbaşkanının təşəbbüsü ilə keçirilən “Beynəlxalq Ayder” forumunda əsas diqqət iqtisadi müzakirələrə yönəldilir.
Məsələnin daha dərin qatında media iqtisadiyyatı dayanır. Media iki bazar üzərində fəaliyyət göstərir: birinci bazarda informasiya istehsal olunur, ikinci bazarda isə bu informasiya auditoriyaya və reklam bazarına təqdim edilir. İnkişaf etmiş ölkələrdə ekspertlər media qurumları tərəfindən dəvət edilir və onların analitik fəaliyyəti qonorar sistemi ilə stimullaşdırılır. Bu mexanizm ekspert institutunun formalaşmasına şərait yaradır. Qonorar sistemi olmadıqda isə peşəkar ekspert bazası zəifləyir və mediada qeyri-peşəkar şəxslər “ekspert” kimi təqdim oluna bilir.
Ekspert anlayışı yalnız ictimai çıxış etmək bacarığı ilə ölçülməməlidir. Hər hansı sahə üzrə ekspert olmaq üçün akademik və ya praktik təcrübə, elmi fəaliyyət və institusional bağlılıq tələb olunur. Təhsil, səhiyyə və iqtisadiyyat kimi strateji sahələrdə ekspert rəyinin elmi əsaslara söykənməsi ictimai qərarların keyfiyyətinə birbaşa təsir edir.
Nəticə etibarilə, problem ayrı-ayrı hadisələrdə deyil, iqtisadi və media mədəniyyətinin struktur xüsusiyyətlərindədir. İqtisadi şüurun artırılması, korporativ idarəetmədə analitik institutların yaradılması və media-ekosistemdə peşəkar ekspert mexanizminin formalaşdırılması uzunmüddətli inkişaf üçün vacib şərtlərdir. Əks halda, iqtisadi proseslər gündəlik həyatımıza təsir göstərməyə davam edəcək, lakin bu təsirin mahiyyəti ictimai müzakirədə lazımi yerini tutmayacaq.
Mehman İbrahimov, 1905.az
Söhbət 20 fevral 2026-cı ildə baş tutub.
















Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb
WUF13-ün rəsmi bağlanış mərasimi keçirilir
Prezident İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında WUF13-ün açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibə verib










