Aleksey Valentinoviç Ulyukayev saxlanılıb.
Rusiya iqtisadi inkişaf nazirini Rusiya istintaq Komitəsinin əməkdaşları saxlayıblar.
Cinayət işi qaldırılıb.
Ulyukayev 2 000 000 dollar müqabilində öz nazirliyinin müsbət rəyini veribmiş. Istintaq hesab edir ki, bu rəy “Rosneft” neft şirkətinin “Başneft”in aksiyalarının dövlət paketini almasına imkan yaradıb.
60 yaşlı Ulyukayev 2013-cü ilin iyunundan etibarən nazir postunda çalışır.
Və ola bilər ki, 8 ildən 15 ilə kimi azadlıqdan məhrum edilsin…
Rusiyada rüşvətxor məmurların cəzalandırılmasının maraqlı ənənələri var. Məsələn, Birinci Pyotr Sibir qubernatoru Qaqarini asdırdıqdan sonra möhkəm-möhkəm tapşırıbmış ki, təqribən 3 il ərzində rüşvətxorun cəsədini gəzdirib nümayiş etdirsinlər. Əlbəttə, bu addım ona görə atılıbmış ki, potensial korrupsionerlər qorxsunlar və Qaqarinin etdiklərini təkrarlamasınlar. Hərçənd ki, bu arzuolunan nəticəni verməyib. Məlum olub ki, Qaqarini ifşa etmiş Nesterov soyadlı məmur özü də rüşvət alırmış. Nesterovu ifşa etdikdən sonra qamçı ilə döyüb yaralarına duz səpməli olublar. Biçarə məmuru xeyli incitdikdən sonra qollarını və qıçlarını sındırıblar. Lap axırda da başını kəsiblər…
Bütün bunlar bir neçə yüz il bundan əvvəl olub.
Və təkcə ötən il korrupsiya cinayətləri Rusiyaya 43 000 000 000 rublluq ziyan vurub. Bu rəqəmi təqribən 65-ə böləndə xeyli dollar eləyir…
Ədalət naminə demək lazımdır ki, korrupsiya təkcə Rusiyaya ziyan vurmur.
Korrupsiyanın neçə min illik inkişaf yolu var.
Məsələn, Herodot yazır ki, e.ə. VI əsrdə İkinci Kambiz rüşvət alıb ədalətsiz hökm çıxarmış hakimin dərisini soydurubmuş. Sonra da əmr eləyibmiş ki, elə həmin dəri hakimin adətən oturduğu kreslonun üzərinə pərçimlənsin.
Orta əsrlər İsveçində rüşvət aldığı sübuta yetirilmiş hakimin əlini kəsirlərmiş. Əli kəsilən hakim işdən qovulmurmuş.
Müasir Çinə nəzər salaq.
Bu ilin aprelində “Sinxua” agentliyi məhkəmənin və prokurorluğun qərarını yayıb. Bu qərara görə 460 000 dollardan artıq rüşvət aldığı sübuta yetirilən məmurlar edam ediləcəklər.
2012-ci ildə hakimiyyətə gəlib miqyaslı antikorrupsuya kampaniyasına başlayan Si Szinpin mübarizənin həm milçəklərə, həm də pələnglərə qarşı aparılacağını demişdi.
Sədr kiçik rüşvətxorları və iri korrupsioner məmurları nəzərdə tuturmuş.
Fuad Babayev