Azərbaycanın Türkiyədəki Səfirliyi 27 Sentyabr – Anım Günü ilə əlaqədar Ankara şəhərində mərasim təşkil edib.
AZƏRTAC xəbər verir ki, mərasim Türkiyə Prezident Administrasiyasının Simfonik Orkestrinin tarixi binasında “Qarabağ Azərbaycandır!” şüarı ilə keçirilib.
Əvvəlcə Vətənimizin bütövlüyü uğrunda canlarını fəda edən xalqımızın qəhrəman övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib.
Şəhidlərimizin ruhuna dualar oxunub.
Azərbaycana qarşı erməni təcavüzkarlığının tarixini, dövlət müstəqilliyimiz yolunda aparılan milli-azadlıq mübarizəsinin ayrı-ayrı istiqamətlərini, ölkəmizin bütövlüyünü əks etdirən film və fotosərgi nümayiş olunub.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı parlaq qələbədən danışan Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov çıxışında erməni təcavüzkarlıq tarixinə geniş yer ayırıb. Azərbaycan xalqının öz vətəninin bütövlüyü uğrunda həmişə mübariz olduğunu xatırladan səfir Vətən müharibəsinin rəşadətli sonluğu və sonrakı proseslərdən bəhs edərək bildirib ki, təcavüzkar Ermənistanın revanşist cəhdlərinə baxmayaraq, qəhrəman Azərbaycan Ordusu hər zaman öz torpağının, dövlət sərhədinin keşiyində mətinliklə dayanır və dayanacaq. Səfir vurğulayıb ki, Azərbaycanın rəşadətli hərb zəfəri bölgəyə sülh və əmin-amanlıq vəd edir. Ermənistan bu fürsəti düzgün dəyərləndirib götürdüyü öhdəlikləri yerinə yetirməli, bölgədəki bütün nəqliyyat və kommunikasiya xətlərini açılmalıdır.
Erməni vandallarının tarix boyu xalqımıza qarşı törətdikləri vəhşiliklərdən bəhs edən Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Şamil Ayrım 44 günlük Vətən müharibəsində qəhrəman övladlarımızın göstərdikləri misilsiz şücaətin əbədiyyətə qədər xalqımızın qəlbində yaşayacağını ifadə edib.
Atasının keçdiyi şərəfli döyüş dolundan qürur yaşadığının ifadə edən Vətən müharibəsi şəhidinin oğlu Fuad Vəlizadə bildirib ki, atasının və bütün şəhidlərimizin ruhları şaddır. Çünki döyüşçü atası İlqar Vəliyev də daxil olmaqla bütün şəhid və qazilərimizin amalı Qarabağı azad görmək olub.
Vətən müharibəsindəki şərəfli döyüş yolundan bəhs edən qazi İlkin Rüstəmli vurğulayıb ki, şəhid və qazilərin taleyindən danışmaq çətin olduğu kimi rəşadətli hərb zəfərimizdən bəhs etmək də, bir o qədər iftixarlıdır. İlkin Rüstəmli əminliklə bildirib ki, Vətənimizin bütövlüyü uğrunda canlarını fəda etməyə hazır olan qazilərimiz bundan sonra da Ali Baş Komandan İlham Əliyevin çağırışlarına hazırdırlar.
Videomaterialı nümayiş olunandan sonra polkovnik Erhan Altunok iştirakçılar qarşısında bədii-publisist çıxışı ilə vətənpərvərliyi, igid övladların şücaətinin tarixi və mənəvi əhəmiyyətini tərənnüm edib.
27 Sentyabr – Anım Günündə göstərdikləri həmrəyliyə görə, iştirakçılara səmimi minnətdarlığını ifadə edən Azərbaycanın Türkiyədəki hərbi attaşesi polkovnik Müşfiq Məmmədov əminliklə bildirib ki, məhz şəhid və qazilərimizin rəşadəti sayəsində doğma Vətənimizin adı hər zaman zirvələrdə olacaq.
Ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət!” kəlamını xatırladan çıxışçılar diqqətə çatdırıblar ki, Azərbaycanla Türkiyənin qardaşlıq münasibətləri məhz Ulu Öndərimizin arzu etdiyi zirvələrə yüksəlib. Qardaşlıq münasibətlərimiz Qarabağ Zəfərinin qazanılmasına da töhfəsini verib.
Mərasimdə iştirak edən şəhid ailələri və qazilərə gül buketləri təqdim olunub.
Anım mərasimi bədii proqramla başa çatıb.
Mərasimdə rəsmi şəxslər, deputatlar, şəhid ailələri və qazilər, Türkiyə ictimaiyyətinin görkəmli nümayəndələri, soydaşlarımız iştirak ediblər.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara