Dünyada ermənilərə istər Osmanlı imperatorluğundan, istər Türkiyə Cümhuriyyətindən, istərsə də Azərbaycandan daha artıq şərait yaradan başqa bir dövlət və ya millət göstərmək mümkün deyil.
Ancaq ermənilər Azərbaycan türklərinin ata-baba yurdu olan İrəvan xanlığında qurduqları dövlətdə bu haqqı türklərə tanıtmırlar. Tarixi sənədlər bu yazdıqlarımızı sübut edir. Fəqət ermənilər istismar planlarını yerinə yetirə bilmək üçün uydurmalarına davam edir, Birinci Dünya müharibəsi və sonradan Anadolunu və Azərbaycanı talayıb yağmaladıqları kimi, bu gün də ölkəmizin Qarabağ bölgəsini və ətrafını yaxıb-yandırırlar. Onlar atəşkəs müqaviləsi imzalamalarına baxmayaraq, Azərbaycanla müharibə şəraitini davam etdirir, işğal altında tutduqları torpaqlardan sərhədçilərimizə, sərhədyanı bölgələrdə yaşayan insanlarımıza atəş açır, tez-tez Azərbaycan əsgərlərini, dinc sakinləri həlak edirlər. Doğrudur, onlar Azərbaycan əsgəri tərəfindən layiq olduqları cavabı alırlar. Dünya ictimaiyyəti də bütün bunlara seyrçi qalır. Xocalı soyqırımına seyrçi qaldığı kimi.
Görün tanınmış bəzi erməni yazıçıları “erməni məsələsi”nə dair düşüncələrini necə açıqlamışlar. T.Hacıqokyan yazır: “…Şərəfsiz Daşnak Respublikasının qısa dövründə Azərbaycan, Gürcüstan və Türkiyə ilə aparılan müharibələrdə daşnakların qanlı əllərilə minlərlə türkü yox etdikləri, kəndlərini yandırıb külə döndərdikləri və Zəngəzur, Şərur, Dərələyəz, Mehri, Ağbaba, Zəngibasar və Vedidəki türk kəndlərində törətdikləri vəhşiliklər, qətliamlar, qarətlər hələ də ağıllardadır. O zaman erməni əsgərlərində yaltaqlıq, qarət, günahsız və çarəsiz insanları öldürmə psixologiyası kök atmışdı…”
Erməni millətinə mənsub elm adamı B.İşxanyan isə ermənilərin Qafqazda məskunlaşmaları barədə həqiqəti ortaya qoymuşdur. Onun 1916-cı ildə nəşr olunan kitabında oxuyuruq: “…Ermənilərin həqiqi vətəni Kiçik Asiyadır, yəni Rusiya hüdudlarından kənardadır və Qafqazda bir neçə erməni əyalətindən başqa, Qafqaz ərazisinin müxtəlif hissələrinə ermənilər yalnız son yüzildə səpələnmişlər…”
Erməni yazıçısı H.Osepyan 1930-cu ildə Ermənistan dövləti tərəfindən azərbaycanca nəşr edilən “Müharibə və quruluşun 10 ili” adlı kitabında qeyd etmişdir: “…Daşnakların iqtidarı zamanında etnik döyüşlər ağlasığmaz həcmə çatmışdı. Onlar menşevik Gürcüstanı ilə bir dəfə, Türkiyə ilə iki dəfə, Azərbaycanla isə bir neçə dəfə müharibə etdilər və ölkə daxilində türk cəmiyyətini ortadan qaldırmaq siyasətini irəli sürdülər. Ağbabada, Zəngibasarda, Vedibasarda, Şərurda on minlərlə türk qətl edildi. Bu vətəndaşların var-dövləti talan edilib daşnak komandanlarının mülkiyyətinə keçirildi.
Türk cəmiyyətini yox etmək məqsədilə daşnak hökuməti qırx minə yaxın adamı silahlandırdı, çox sayda könüllü dəstələr qurdu. Bunları ayaqda tuta bilmək üçün də fəhlə və kəndlinin belinə ağır vergilər yüklədi. Daşnaklara öz çirkin siyasətlərini həyata keçirmək üçün bu da azlıq edirdi. Daşnak hökuməti İngiltərə və Amerika imperialistlərinin yardımına müraciət edərək onlardan böyük miqdarda hərbi sursat aldı…”
Beləcə, dürüst erməni yazıçıları öz qələmləri ilə Ermənistanın quruluşunun qeyri-qanuni olduğunu və ermənilərin törətdikləri vəhşilikləri isbat edirlər.
Görün erməni Artin Penikin məktubunda nə yazıb: “Patriarxxana və Türkiyədəki bütün ermənilər naminə sizi protest edib özümü yandırıram. Sizə səslənirəm, ey ASALA caniləri! Məsum insanları arxadan əxlaqsızca öldürməklə bu işlər həll olunmaz. Siz imperialistlərin oyununa gəlirsiniz. O zaman da imperialistlərin oyunu ilə yüz minlərlə insan qeyb oldu. Özünüzə gəlin. Sizi aldadırlar. Burada bir neçə min erməni qaldı. Bunlarıdamı yox etmək istəyirsiniz? Lakin buna müvəffəq ola bilməyəcəksiniz. Bu gün necə qardaşca keçinilirsə, bundan sonra da eynən davam edilməlidir. Lakin siz günahsız insanları əxlaqsızca öldürməyə davam etsəniz, and içərək deyirəm: kökünüz qazılacaq! Özünüzə gəlin! Bizim tanıdığımız ermənilər mərd olar, məsum insanları əxlaqsızca arxadan vurub öldürməz. Sizi bir erməni olaraq qəbul etmirəm, lənətləyirəm…”
Hörmətlə,
hamınıza əlvida
Artin Penik”.
Dürüst bir erməninin ürəyindən gələn bu sözlər həqiqətdir! Tarixi həqiqətlər və doğru olanlar bax budur!
İndi isə rus generalı Mayevskinin bəzi qeydlərinə nəzər salaq: “1895-ci ilə qədər erməni-türk əlaqələri yaxşı bir vəziyyətdə idi. Bu iki cəmiyyət bir-biri ilə dostca dolanırdılar. 1895-ci ildə erməni komitəçilər erməniləri türklərə qarşı təhrik etməyə başladılar və erməni-türk əlaqələri birdən-birə tərsinə döndü. Türk vəhşiliyi bir həqiqət olmayıb uydurulmuş siyasi bir hekayədir. Həqiqəti olduğu kimi söyləmək lazımdırsa, Şərqdə vəhşi olanlar müsəlmanlar deyil, əksinə, müxtəlif hadisələri törədənlər şərqli ermənilər idi. Onlar törətdikləri hadisələri kimsəsiz müsəlmanlara yükləyirdilər. Baş verən hadisələr erməni komitəçilərin uydurduqları və icraya qoyduqları komediyadan başqa bir şey deyildir…”
Erməni komitəçilərlə bir amerikalının söhbəti də bu baxımdan ibrətamizdir. Amerikalı Hamlinin (İstanbuldakı amerikan kollecinin qurucusu) müsahibəsini ehtiva edən 23 dekabr 1893-cü il tarixli məktubun bir bölümü belədir (“Boston” qəzetində yayımlanmışdır): “…Rusların Anadoluya girmələrinə səbəb olacaq bir hadisə törədəcəklərini və buna hazırlandıqlarını söyləyən bir erməni komitəçiyə dr.Hamlin “necə?” deyə sorduqda, komitəçinin cavabı belə olmuşdur: “Bütün imperatorluqda təşkilatlanan “Qncak” çətələri türkləri öldürüb kəndlərini yandıracaqlar. Sonra dağlara qaçacaqlar. Belə olduqda dəliyə dönən türklər bölgədəki müdafiəsiz ermənilərin üzərinə hücum edib onları elə doğrayacaqlar ki, ruslar xristianlıq mədəniyyəti naminə hücuma keçib Anadolunu işğal edəcəklər”. Bu cavaba çaşıb qalan amerikalı dəhşət içərisində “Belə bir şeyi necə edə bilərsiniz? Nə qorxunc bir plandır bu!..” demişdir.
Doğrudan da bu, qorxunc bir plan olmuşdur. Bu da bir həqiqətdir ki, ermənilər belə planlarla özlərini “yazıq,” “haqsız-hüquqsuz” bir millət olaraq göstərməyə çalışıblar.
Ermənistanın ilk baş nazirin, “Daşnaksütyun” komitəsinin rəhbəri O.Kaçaznuninin “Artıq “Daşnaksütyun”un görəcəyi bir iş yoxdur” başlığı altında Buxarest konfransına təqdim etdiyi raportun bir bölümünə də nəzər salaq. Bu raport 1914-1923-cü illər arasında türk-erməni hadisələrinə və ermənilər tərəfindən bütün dünyanın gündəminə gətirilən “erməni soyqırımı”nın baş verib-vermədiyinə dair əsas rəsmi sənədlərdən biridir.
O.Kaçaznuni çıxışında demişdir: “Yoldaşlar! Bu məsələlər mənim çox uzun və çox kədərli düşüncələrimin əsas mövzusunu əmələ gətirib. Sizin də bu mövzuları düşündüyünüzdən şübhəm yoxdur. Ancaq sizin də eyni nəticəyə gəlib-gəlməyəcəyinizi bilmirəm. Qorxuram belə olmasın. Qorxuram ki, tələffüz etmək çətin olsa da, mənim vicdanımın səsini dinləyərək gəldiyim nəticə konfrans iştirakçılarının bəlkə də öfkəsini çəksin. Mən buna hazıram. Ancaq buna inanmağınızı xahiş edirəm…
“Könüllü dəstələrin qurulması lazım idimi” sualı bu gün, əlbəttə, mənasızdır. Tarixi hadisələrin özünəxas polad bir məntiqi vardır. 1914-cü ilin payızında erməni könüllü dəstələri quruldu və türklərə qarşı fəaliyyətə başladı. Bu, erməni xalqının 25 il boyunca bəslədiyi psixoloji şəraitin təbii və qaçılmaz bir nəticəsi idi. Bu psixologiya özünə bir forma tapmalıydı və onu tapdı…
Bu gün (əgər məsuliyyət mövzusu gündəmə gələrsə) kimin günahkar olduğunu tədqiq də mənasızdır. Psikopos Mesrop, A.Xatisov, doktor Zavriev, S.Arutyunov, Dro və Andronik olmasaydılar, başqaları tapılacaq və eyni şeyləri törədəcəkdilər. Könüllü dəstələrin qurulması bir səhv idisə, bu səhvin kökləri uzaq keçmişdə axtarılacaqdır. Hələlik bunu təsbit etmək lazımdır ki, biz bu könüllülər hərəkatına aktiv olaraq qatıldıq və bu qatılma komitə konqresinin qərarına baxmayaraq həyata keçirildi.
1914-cü ilin qışı və 1915-ci ilin ilk ayları, “Daşnaksütyun” da daxil olmaqla, Rusiya erməniləri üçün bir həyəcanlanma və ümid dövrü idi. Biz qeydsiz-şərtsiz Rusiyaya yönələn vəziyyətdə idik. Hər hansı bir zəfərin olmamasına baxmayaraq, biz zəfər havasına qapılmışdıq, sədaqətimiz, çalışmalarımız və yardımlaşmalarımız qarşılığında Çar hökumətinin Ermənistanın müstəqilliyini bizə hədiyyə edəcəyinə əmindik. Ağlımız dumanlanmışdı. Biz öz istəklərimizi başqalarına mal edərək məsuliyyətsiz insanların boş sözlərinə böyük əhəmiyyət verib özümüzə etdiyimiz hipnozun təsiri ilə həqiqətləri anlaya bilmədik, xəyallara qapıldıq…
1915-ci ilin ikinci yarısı və 1916-cı ilin tamamı bizim üçün ümumi bir yas dövrü oldu. Van, Eleşkirt, Basen mühacirləri, qırğından qurtaranların hamısı – on minlərlə, yüz minlərlə insan gəlib Rusiyanın erməni qəzalarına doluşdu. Ac, çılpaq, xəstə və qorxu içərisində olan insanlar şəhər və kəndlərimizə yerləşirdilər. Bu ac insanlar çörək tapa bilməyən bir ölkəyə gəlirdilər. Gücsüz, xəstə, dərmansız mühacirlər açıqda qalırdılar. Şirak və Ararat vadiləri böyük bir xəstəxananı xatırladırdı. Buralarda minlərlə erməni bizim gözlərimizin qabağında aclıqdan və xəstəlikdən ölürdü. Biz bu insanların həyatlarını qurtarmaqda acizdik. Qızğınlıq və qorxu içərisində olan bizlər günahkar axtarırdıq və bu günahkarı “rus hökuməti ilə onun yalançı siyasəti” olaraq müəyyən etdik. Biz sosial baxımdan yetişən insanlara xas bir çaşqınlıq içərisində bir küncdən digərinə sovrulurduq. Rus hökumətinə qarşı dünənki inamımız nə qədər kor-koranə və əsassız idisə, bugünkü günahlandırmalarımız da o qədər kor-koranə və əsassızdır. O zamanlar rusların bilərəkdən ağır və qətiyyətsiz davrandıqları, yerli erməniləri qətl etmək üçün türklərə imkan yaratdıqları söylənirdi. Guya ruslar Ermənistanı boşaltmaq və oralara kazakları yerləşdirmək üçün belə davranır, Kont Lobanov-Rostovskinin hər kəs tərəfindən bilinən “ermənisiz Ermənistan” planı həyata keçirilirmiş. Yalnız xalq deyil, komitəmiz və ağlı başında olan yoldaşlarımızın da bir çoxu belə düşünürdü…
Təbii ki, bizim könüllü dəstələrimiz Vanı və Muşu tezliklə ələ keçirməyə çalışırdı. Oralara erməniləri qurtarmaq üçün gedirdilər. Əslində rus ordu hissələri erməni könüllülərindən əmələ gəlmirdi və onların fərqli məqsədləri var idı. Onlarda görünən və bizim bir xəyanət olaraq qiymətləndirdiyimiz ağır və qətiyyətsiz davranış, rus komandanlarının qeyri-adi zəifliyi ilə və ya bizim tərəfdən bilinməyən ümumi hərbi qaydalarla açıqlana bilər.
Bu hadisələri, qeyri-adi və çox maraqlı olduğuna baxmayaraq, ələ almamağımız lazım idi. Biz siyasi bir komitə olaraq məsələmizin rusları maraqlandırmadığını və onların lazım olduqda bizim cəsədlərimizi tapdalayaraq keçib gedəcəklərini unutmuşduq. Bunu anlamadığımızı, bilmədiyimizi söyləyə bilmərəm. Əlbəttə bilirdik, lakin bəzən müharibənin ancaq “erməni məsələsi”nə görə başladıldığını saflıqla düşünürdük. Ruslar hücuma keçdikdə onların erməniləri qətl etmələri üçün türklərə imkan verdiklərinə inandıq. Biz hər iki halda məqsəd və niyyətləri qarışdırırdıq. Rusların xəyanətlərini axtarır və əlbəttə, tapırdıq. Altı ay əvvəl də rusların xeyirxahlıqla yaxınlaşmamalarının isbatını eyni bu şəkildə axtarmış və tapmışdıq. Pis taledən şikayət etmək və fəlakətlərimizin səbəblərini başqalarında axtarmaq acınacaqlı bir vəziyyətdir. Bu, bizim milli psixologiyamızın bir xüsusiyyətidir. “Daşnaksütyun” komitəsi bundan qaça bilməyibdir.
Rusların bizə qarşı təhrikedici davranmalarında sanki xüsusi bir təsəlli var idi. Sanki saf və uzaqgörən olmadığımız bir qəhrəmanlıq idi və nəticədə elə bir vəziyyətə düşdük ki, istəyən hər kəs bizi asanlıqla aldatdı, xəyanət etdi, kəsdi və başqalarının kəsmələrinə imkan verdi…”
1923-cü ilin aprel ayında “Daşnaksütyun” komitəsinin Buxarestdə keçirilən konfransında çıxış edən O.Kaçaznuninin erməni millətinə mənsub olmasına baxmayaraq, konfransdakı çıxışı bu gün bütün dünyada dillər əzbəri olan “erməni soyqırımı”nın uydurma olduğunu rəsmən ortaya qoyur.
Yuxarıda qeyd etdiyimiz raportu yazanın müharibədə döyüşən tərəflərdən birinin başında və üstəlik, “soyqırımı”na uğradığı iddia edilən tərəfin hökumətinin baş naziri olduğu nəzərə alındıqda bu qeyd etdiklərimiz daha ciddi əhəmiyyət qazanır. “Soyqırımı”na uğradıqları iddia edilən ermənilərin baş nazirləri baş verən hadisələri bir müharibə olaraq dəyərləndirir və ən önəmlisi, ermənilərin imperialist güclərə alət olduqlarını ortaya qoyur. Beləliklə, “Daşnaksütyun” komitəsinin lideri, Ermənistanın ilk baş naziri O.Kaçaznuninin 1923-cü ilin aprel ayında Buxarestdə keçirilən “Daşnaksütyun” konfransına təqdim etdiyi raportdan bu nəticələr ortaya çıxır: ermənilər Osmanlı dövlətinə xəyanət edib əvvəl ruslara, daha sonra fransızlara və ingilislərə qeyd-şərtsiz satılıblar; ermənilər “dənizdən-dənizə Ermənistan” layihəsi kimi bir arzuya qapılıb və bu istiqamətdə təhrik ediliblər; “Daşnaksütyun” komitəsi xaricində bir günahkar axtarılmamalıdır.
Ortaya belə bir sual çıxır: bu gün “erməni soyqırımı” iddialarını müzakirə edən və “erməni soyqırımı” haqqında qərarlar alan ölkələr Ermənistanın ilk baş nazirinə güvənmirlərsə, kimə güvənirlər? Heç şübhəsiz, Ermənistanın ilk baş naziri, erməni millətinin tarixində xüsusi bir yeri olan “Daşnaksütyun” komitəsinin lideri O.Kaçaznuninin raportu ermənilərin böyük yalanını faş edir!..
Fikrimizcə, Ermənistanın ilk baş naziri O.Kaçaznuninin “Daşnaksütyun” komitəsinin Buxarestdə keçirdiyi konfransına təqdim etdiyi raportu müxtəlif dillərə tərcümə olunub dünya ictimaiyyətinə çatdırılmalıdır. Dünya görsün ki, “erməni soyqırımı” və ya “ermənilərə qarşı törədilən qətliamlar”ın tarixi həqiqətlərə nə qədər uyğun olduğunu Ermənistanın ilk baş nazirindən öyrənsinlər!..
Bu da bir həqiqətdir ki, erməni iddialarının təməlində azdırılan bir tarix yatır. Bu azdırılan tarixin yalan olduğunu rəsmi sənədlər işığında dünya ictimaiyyətinə çatdırmaq hər bir elm adamının borcudur. Biz illərdən bəri davam etdirilən əsassız iddialar qarşısında əsl günahkarların vətəndaşı olduqları dövlətə xəyanət edən ermənilər olduğunu dünya ictimaiyyətinə, xüsusilə də erməni iddialarına dəstək verən dövlətlərə rəsmi sənədlərlə bildirməliyik, inkarı mümkün olmayan arxiv sənədləri ilə! Çünki arxiv sənədləri kimin məzlum, kimin cinayətkar olduğunu ortaya qoyur, erməni komitəçilərin və çətələrin Anadoluda və Azərbaycanda törətdikləri qətliam və qeyri-insani hərəkətlərini isbat edir.
16.11.2017
Fazil QARAOĞLU
professor