Noyabrın 24-də Boqotada Kolumbiya prezidenti Xuan Manuel Santosla FARK lideri, daha çox Timoşenko adı ilə tanınan Rodriqo Londonyo mühüm bir sənədə – hökümətlə qiyamçılar arasında yeni sülh müqaviləsinə imza atdılar.
Müqavilə ratifikasiya edilmək üçün konqresə göndəriləcək.
52 illik vətəndaş müharibəsinə son qoyulur deyəsən…
Noyabrın 25-də Fidel Kastro dünyasını dəyişdi.
Komandantenin ölümü haqda məlumatı onun qardaşı, Kubaya rəhbərlik edən Raul Kastro verdi.
1959-cu ildən 2011-ci ilə qədər, düz 52 il ərzində Kuba lideri olmuş əfsanəvi insan daha yoxdur…
Bu iki hadisə çox uzaqlarda baş verib. Amma məsafələrin getdikcə daha az əhəmiyyət daşıdığı zamanda yaşayırıq.
Kolumbiyadakı vətəndaş müharibəsi 200 000 insanın həyatına son qoyub.
Yalnız 2006-cı ilin iyulunda aparıcı vəzifələrin icrasını qardaşına həvalə etmiş 2008-ci ilin fevralında bütün dövlət vəzifələrindən, 2011-ci ilin aprelində isə həm də hakim partiyanın sədrliyindən uzaqlaşmış Fidel Kastro 637 (!) sui-qəsd cəhdindən sonra sağ qala bilmiş yeganə adam idi.
Hər iki proses – istərsə Cənubi Amerikanın şimal-qərbindəki Kolumbiyada yaşananlar, istərsə də Karib dənizinin şimal hissəsindəki Kubanın xarizmatik liderinin karyerası bundan sonra daha ciddi araşdırılacaq.
Və ola bilsin ki, bu proseslərin başa çatması solçuluğun regionu tərk etməsinin növbəti təzahürləri kimi də səciyyələndirlə bilər.
Maurisio Makrinin Argentinada, Pedro Pablo Kuçinskinin Peruda qazandıqları qələbələr bölgənin solçuluqdan uzaqlaşmasını şərtləndirən amillərdəndir. Braziliyalı Dilma Rusefin süqutu da az əhəmiyyətli hadisə deyil. Və yaxud Boliviya prezidenti Evo Moralesin müvafiq referendumda uduzduğuna görə 2020-ci ildə növbəti dəfə namizədliyini irəli sürə bilməyəcəyini yada salaq….
Venesuelanın qarşılaşdığı müdhiş iqtisadi problemlər də bu sırada yer alır…
Amma uzaq 1979-cu ildə Anastasio Somosanı devirə bilmiş sandinoçuların liderlərindən biri olan Daniel Orteqa bu yaxınlarda dördüncü dəfə Nikaraqua prezidenti seçilib. Və komandantenin ölümü ilə əlaqədar Nikaraquada 9 günlük matəm elan edib.
Orteqanın imzaladığı dekretdə qeyd olunur ki, Nikaraqua xalqı və dövləti Raul Kastro, komandantenin həyat yoldaşı Daliya Soto del Valye, onların uşaqları, nəvələri və doğmaları, eləcə də bütün Kuba xalqı ilə bir yerdədir.
Fuad Babayev