
Kahramanmaraşda “Azərbaycan” məhəlləsində tikilmiş mənzillərin sahiblərinin ilk qrupu 2023-cü il fevralın 6-da baş vermiş dağıdıcı zəlzələnin ikinci ildönümündə püşkatma vasitəsilə müəyyən olunacaq.
Bu barədə AZƏRTAC-a Kahramanmaraş Böyük Şəhər bələdiyyəsinin sədri Fırat Görgel məlumat verib.O bildirib ki, Azərbaycan hökuməti xətti ilə yaşayış massivi ərazisində aparılan işlərə cavabdeh orqan Azərbaycan Mənzil İnşaatı Dövlət Agentliyidir (MİDA). Türkiyə tərəfdən isə layihənin icrasında Mənzil İnşaatı İdarəsi (TOKİ) iştirak edir: “Azərbaycan xalqına və Prezident İlham Əliyevə səmimi təşəkkürümüzü bildiririk. Qardaş ölkənin dəstəyi ilə Kahramanmaraşda zəlzələ nəticəsində dağılmış ərazilər bərpa olunur”.
O qeyd edib ki, əyalət Azərbaycanla qədim tarixi bağlara malikdir. Görgel xatırladıb ki, Türkiyədə baş vermiş dağıdıcı təbii fəlakətdən əvvəl şəhərin mərkəzi və ən canlı küçələrindən birinə “Azərbaycan” adı verilib.
“Kahramanmaraşda “Azərbaycan” məhəlləsi tək yaşayış binaları və ticarət meydanlarından ibarət deyil, burada həmçinin məktəb və mədəniyyət mərkəzi də inşa edilib. Layihə çərçivəsində aparılan işləri yaxın aylarda bitirmək planlaşdırılıb. Bundan sonra məskunlaşma prosesi başlayacaq”, – deyə o qeyd edib.
Qeyd edək ki, bir sıra ölkələrin media nümayəndələri yeni yaşayış massivində aparılan işlərlə tanış olublar. Hazırda ərazidə abadlaşdırılma və ağacların əkilməsi işləri aparılır.
“Azərbaycan” məhəlləsində fəaliyyət göstərən Heydər Əliyev adına məktəbdə tədris prosesi isə davam edir.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Kahramanmaraş
















Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisi sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb
Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb










