
Quliyev Müşfiq İbrahim oğlu Birinci Qarabağ müharibəsində könüllü olaraq Vətənin müdafiəsi üçün döyüşlərə qoşulmuşdu. Cəbrayılın Mahmudlu kəndi uğrunda gedən döyüşlər zamanı itkin düşmüşdü. 32 ildən sonra şəxsiyyəti dəqiqləşdirilən Müşfiq Quliyevin nəşinin qalıqları işğaldan azad olunan doğma yurdu Cəbrayılın Horovlu kəndində torpağa tapşırılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhid Müşfiq Quliyevin nəşi doğulub boya-başa çatdığı Horovlu kəndinə gətirilib.
Şəhidlə vida mərasimi təşkil olunub, cənazə namazı qılınıb, şəhidlərimizin ruhuna dualar oxunub.
Mərasimdə şəhidin ailə üzvləri ilə bərabər Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi nümayəndəliyinin, Cəbrayıl Rayon İcra Hakimiyyətinin rəsmiləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər, müharibə iştirakçıları, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Vida mərasimindən sonra şəhidin nəşinin qalıqları yaylım atəşinin müşayiəti ilə torpağa tapşırılıb. Şəhidin nəşinin büküldüyü üçrəngli Azərbaycan Bayrağı qardaşına təqdim olunub.
Qeyd edək ki, Quliyev Müşfiq İbrahim oğlu 1971-ci ildə Cəbrayılın Horovlu kəndində dünyaya göz açıb. Orta məktəbi bitirdikdən sonra ali məktəbə qəbul olub. Müşfiq ali məktəbdən həm də leytenant rütbəsi ilə məzun olub. Hərbi komissarlığa müraciət edərək döyüşlərə yollanıb. Onun son döyüş yeri 1993-cü il oktyabrın 16-da Cəbrayılın Mahmudlu kəndi istiqamətində olub.
















Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisi sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb
Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb










