
Mayın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşa Müalicə-Sağlamlıq Mərkəzinin açılışında iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, səhiyyə naziri Teymur Musayev dövlətimizin başçısına və birinci xanıma görülən işlər barədə məlumat verdi.
Bu tibb ocağının təməli 2021-ci ilin noyabrında Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə qoyulub. Altı korpusdan ibarət olan mərkəz 90 çarpayılıqdır. Burada terapiya, pediatriya, cərrahiyyə və digər şöbələr fəaliyyət göstərəcək. Mərkəzdə, həmçinin konsultativ poliklinika, uşaq poliklinikası, şüa-diaqnostika, funksional diaqnostika, fizioterapiya və tibbi bərpa şöbələri, klinik diaqnostik laboratoriya yaradılıb. Şuşa Müalicə-Sağlamlıq Mərkəzi müasir standartlara cavab verən tibbi avadanlıq, o cümlədən kompüter tomoqrafiyası, rəqəmsal teleskopik rentgen, rəqəmsal stasionar USM cihazları ilə təchiz olunub. Bunlar isə öz növbəsində Mərkəzə müraciət edənlərin müayinə və müalicəsini yüksək səviyyədə aparmağa geniş imkanlar yaradır.
Tibb ocağının ərazisində Gigiyena və Epidemiologiya Mərkəzi, hemodializ və digər korpuslar inşa olunub.
Qeyd edək ki, işğaldan azad olunmuş ərazilərimizdə Azərbaycan dövləti tərəfindən digər sahələrlə yanaşı, tibb xidmətlərinin yüksək səviyyədə təşkili üçün də genişmiqyaslı işlər həyata keçirilir. Şuşada bu cür müasir tibb ocağının yaradılması bunun əyani göstəricisidir. Şuşa Müalicə-Sağlamlıq Mərkəzi şəhərdə yaşayacaq əhalinin tibbi təminatı və sağlamlığının qorunması istiqamətində icra olunan sosial infrastruktur layihəsi kimi çox mühüm rol oynayır. Mərkəzin xidmətlərindən, eyni zamanda, ətraf şəhər və rayonların əhalisi də istifadə edə biləcək.
















Prezident İlham Əliyevin sosial media hesablarında Almaniyaya rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyevin Berlində rəsmi qarşılanma mərasimi keçirilib
Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
Slovakiya Prezidenti Peter Pelleqrininin Şuşada rəsmi qarşılanma mərasimi olub
Prezident İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb











