
İyulun 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edib.
Azərbaycan Prezidenti PKK terror qruplaşmasının özünü ləğv etməsi və silahı yerə qoyması ilə bağlı qardaş Türkiyə xalqını ürəkdən təbrik edib. Dövlətimizin başçısı bu mühüm hadisənin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə ölkədə həyata keçirilən qətiyyətli siyasətin, güclü liderliyin, sarsılmaz iradənin, milli birliyin və həmrəyliyin parlaq təntənəsi olduğunu vurğulayıb.
Telefon danışığı zamanı Prezident İlham Əliyev “Terrorsuz Türkiyə” hədəfinə çatmaq yolunda atılan bu addımı regionda sülh və sabitliyə xidmət edən mühüm dönüş nöqtəsi kimi dəyərləndirib və qəbul edilmiş qərarın tam icrası istiqamətində Türkiyə dövlətinə və xalqına uğurlar arzulayıb.
Prezident Rəcəb Tayyib Ərdoğan göstərilən dəstəyə və diqqətə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirib, Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyini vurğulayıb.
Telefon danışığı zamanı dövlət başçıları Azərbaycan-Türkiyə strateji müttəfiqliyinin perspektivləri ilə bağlı fikir mübadiləsi aparıblar.
















Xocalı, Ağdərə və Cəbrayılın bir sıra kəndlərinə köç karvanı yola salınıb
Prezident İlham Əliyevin sosial media hesablarında Almaniyaya rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyevin Berlində rəsmi qarşılanma mərasimi keçirilib
Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
Slovakiya Prezidenti Peter Pelleqrininin Şuşada rəsmi qarşılanma mərasimi olub











