
Avqustun 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədova zəng edib.
Telefon söhbəti zamanı Qurbanqulu Berdiməhəmmədovun bir müddət əvvəl Azərbaycana, o cümlədən Qarabağa səfəri və bu çərçivədə aparılmış müzakirələr məmnunluqla xatırlanıb.
Prezident İlham Əliyev və Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin inkişafına toxunublar.
Telefon danışığı əsnasında Türkmənistanın Avaza şəhərində keçirilmiş BMT-nin Dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələr üzrə Üçüncü Konfransının əhəmiyyəti qeyd edilib. Dövlətimizin başçısı bu tədbirin uğurla təşkil olunması ilə bağlı Qurbanqulu Berdiməhəmmədova təbriklərini çatdırıb.
Prezident İlham Əliyevin ABŞ-a səfəri çərçivəsində imzalanan sənədlərin, xüsusilə Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri tərəfindən ABŞ Prezidentinin şahidliyi ilə imzalanmış bəyannamənin, Azərbaycan ilə Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında Sazişin paraflanmasının və ATƏT-in Minsk qrupunun ləğvinə dair birgə müraciətin regionda davamlı sülhün və sabitliyin təmin olunması baxımından əhəmiyyətinə toxunulub.
Bu nəticələrin əldə olunmasında ABŞ Prezidenti Donald Trampın xüsusi rolunu qeyd edən dövlətimizin başçısı Azərbaycanın əsas hissəsi ilə onun Naxçıvan regionu arasında əlaqənin yaradılmasına xidmət edəcək maneəsiz nəqliyyat bağlantısının bütün regionun çiçəklənməsinə töhfə verəcəyinə əminliyini bildirib.
Türkmənistan Xalq Məsləhətinin sədri əldə edilmiş tarixi razılaşmalar münasibətilə dövlətimizin başçısına və Azərbaycan xalqına təbriklərini çatdırıb.
Prezident İlham Əliyev onun salamlarını Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədova çatdırmağı xahiş edib.
Qurbanqulu Berdiməhəmmədov da Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun salamlarını və təbriklərini dövlətimizin başçısına çatdırıb.
Telefon söhbəti zamanı gələcək təmaslarla bağlı fikir mübadiləsi aparılıb.
















Xocalı, Ağdərə və Cəbrayılın bir sıra kəndlərinə köç karvanı yola salınıb
Prezident İlham Əliyevin sosial media hesablarında Almaniyaya rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyevin Berlində rəsmi qarşılanma mərasimi keçirilib
Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
Slovakiya Prezidenti Peter Pelleqrininin Şuşada rəsmi qarşılanma mərasimi olub











