Tarixboyu üzləşdiyimiz faciələri, başımıza gətirilən müsibətləri təkrar yaşamamaqdan ötrü keçmişi unutmamalıyıq. Onun dərslərindən nəticə çıxarmalıyıq. Əgər söhbət insanlıq əleyhinə cinayətlərdən gedirsə, onun günahkarlarının əməllərinə tarixin bütün dönəmlərində qiymət vermək və xəstə təfəkkürün diktəsi ilə zaman-zaman yenə də eyni əməllərə doğru meyillənənlərin zərərli təsirlərinin qarşısını almaq ümumən bəşəriyyətin yerinə yetirməli olduğu missiyadır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin bu gün erməni faşizminə qarşı apardığı sistemli iş, tarixi həqiqətlərin geniş miqyasda təqdim olunması dünya ictimaiyyətinə bu missiyanı xatırladır. İnsanlığı faşizmin, o cümlədən erməni faşizminin yeni bəlalarından qorumağa çalışır. Bu mənfur millətin bizə yaşatdığı faciələr, tariximizə qan və gözyaşları ilə yazılmış günlər bütün bəşəriyyətin nəticə çıxarmalı olduğu ibrət dərsləridir.
Qan yaddaşımız…
31 Mart – Azərbaycanlıların Soyqırımı Günü… Hər dəfə bu tarixi xatırlayanda 1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələrinin soydaşlarımıza qarşı xüsusi qəddarlıqla törətdikləri kütləvi qırğınların vəhşəti, Yer üzündən silinən ailələrin faciəsi, min bir işgəncə ilə öldürülən körpələrin, qadınların, yaşlıların müsibəti qəlbi parçalayır. Bu, ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri ilk və yeganə qırğın deyildi. “Böyük Ermənistan” ideyasını gerçəkləşdirmək məqsədilə onlar tarixin müxtəlif dönəmlərində bizə qarşı etnik təmizləmələr, soyqırımları həyata keçirmişlər. 31 Mart soyqırımı isə bu bəşəri cinayətlərin miqyasca, demək olar ki, ən dəhşətlisidir.
Tarixi mənbələrə əsasən, təkcə 1828-1830-cu illər ərzində Cənubi Qafqaza İrandan 40000, Türkiyədən isə 84000 erməni Azərbaycan ərazisində yerləşdirilmişdi. Çar Rusiyasının himayəsi altında “Erməni vilayəti” adlandırılan süni inzibati bölgünün yaradılması isə azərbaycanlıların əzəli torpaqlarından zorla çıxarılmasının və soyqırımı siyasətinin əsasını qoymuşdu. Qafqaz Arxeologiya Komissiyasının sənədlərində birmənalı olaraq qeyd edilir ki, Türkmənçay sülh müqaviləsinə qədər Qarabağ, Şamaxı, Şəki xanlıqlarında ermənilər azlıq təşkil edirdi. 1828-ci ilin məlumatına görə, İrəvan xanlığı ərazisində torpaqların 96,63 faizi azərbaycanlılara, cəmi 3,37 faizi ermə420 azərbaycanlı kəndi yerləyeksan edilmişdi. 1828-1871-ci illər arasında ermənilər azərbaycanlı əhalinin yaşadığı 146 kəndi zəbt edərək özününküləşdirmişdilər.
XIX əsrin ikinci yarısında millətçi- şovinist ideyalarını həyata keçirmək istəyində olan ermənilər təşkilati strukturlar yaratmağa başladılar. Əsasən xaricdə – 1887-ci ildə Cenevrədə “Hnçaq”, 1890-cı ildə Tiflisdə “Daşnaksutyun” partiyalarını təsis etmiş, 1895-ci ildə Nyu Yorkda “Erməni vətənpərvərlər ittifaqı” təşkilatını yaratmışlar. Həmin təşkilatların fəaliyyət proqramında azərbaycanlılara və türklərə qarşı ardıcıl olaraq terror və qırğın aksiyaları həyata keçirmək məramı əsas yer tuturdu. 1905-1907-ci illərin Rusiya inqilabı bu təşkilatların fəaliyyəti üçün geniş imkanlar açdı. İnqilabi qarışıqlıqdan istifadə edən ermənilər Bakı, Şuşa, Zəngəzur qəzalarında, Qarabağda kütləvi qırğınlar törədərək 75 azərbaycanlı kəndini talan etdilər.
Ermənilərin Bakıdan başlanan vəhşilikləri Azərbaycanı və indiki Ermənistan ərazisindəki yaşayış məntəqələrini əhatə etmişdi. Yüzlərlə Azərbaycan kəndi dağıdılaraq xarabalığa çevrilmiş, on minlərlə azərbaycanlı vəhşicəsinə qətlə yetirilmişdi. Bütün bu vəhşiliklər ermənilərin vaxtilə yerləşdirildikləri, lakin əhalinin milli tərkibində azlıq təşkil etdikləri Azərbaycan torpaqlarını erməniləşdirmək, qeyri-insani planlarını azərbaycanlıların soyqırımı hesabına həyata keçirmək niyyətinin ifadəsi idi.
Birinci Dünya müharibəsindən sonra Rusiyada yaranmış vəziyyətdən istifadə edən ermənilər 1917-ci ildə baş vermiş fevral və oktyabr inqilablarından sonra öz istəklərinə bolşevizm bayrağı altında nail olmağa cəhd etdilər. Bakı kommunası əksinqilabi elementlərlə mübarizə şüarı altında 1918-ci ilin martından başlayaraq bütün Bakı quberniyasında yaşayan azərbaycanlıların çıxarılması məqsədini güdən cinayətkar planın reallaşdırılmasına start verdi.
Həmin günlərdə Bakı şəhərində, habelə Bakı quberniyasına daxil olan digər şəhər və qəzalarda on minlərlə dinc sakin sırf etnik və dini mənsubiyyətinə görə qətlə yetirilmiş, insanlara olmazın işgəncələr verilmişdir. Qırğınlar zamanı yaşayış məntəqələri dağıdılmış, mədəniyyət abidələri, məscid və qəbiristanlıqlar, ziyarətgahlar yerləyeksan edilmişdir. Bakıdan başlanan qırğınların miqyası erməniləri daha da azğınlaşdırmış, onlar qeyri-insani əməllərinin miqyasını bir az da genişləndirərək Qarabağda, Zəngəzurda, Naxçıvanda, Şirvanda, xüsusilə Şamaxıda, Qubada, Xaçmazda, Lənkəranda, Salyanda, İrəvan və digər bölgələrdə kütləvi qətllər, talanlar və etnik təmizləmələr həyata keçirmişlər. Beləliklə, 1918-ci ilin 30 martından 3 aprelinə qədər bu ərazilərdə Bakı Soveti qoşunları və daşnak erməni silahlı dəstələri on minlərlə azərbaycanlını qətlə yetirmiş, insanları öz torpaqlarından qovmuşlar.
Onlar tarixən çoxmillətli məkan olan vətənimizdə Azərbaycan türkləri ilə yanaşı, ləzgi, yəhudi, rus, avar, talış milliyyətinə mənsub həmvətənlərimizə də aman verməmiş, onları da qılıncdan, süngüdən keçirərək diri-diri yandırmış, tarixin müxtəlif dövrlərinə aid milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və mədəni abidələri dağıtmışdılar. Dinc azərbaycanlılara qarşı soyqırımında Bakı Sovetinin 6 min silahlı əsgəri, eyni zamanda “Daşnaksütyun” partiyasının 4 minlik quldur dəstəsi iştirak etmişdir.
1918-ci ildə türk-müsəlman əhaliyə qarşı törədlilən cinayətləri üzə çıxarmaq məqsədilə Azərbaycan Xalq Cümhuriyyətinin ən mühüm qərarlarından biri də həmin il iyulun 15-də Fövqəladə İstintaq Komissiyasının yaradılması oldu. Gəncədə hökumətin iclasında xarici işlər naziri M.H.Hacınski bu məsələ barəsində çıxışında qeyd etmişdi ki, dörd aydır erməni cəlladları dinc müsəlman əhalinin həyatı və əmlakı üzərində misli görünməmiş vəhşiliklər törədirlər. Bununla yanaşı, zorakılıq törədənlərin yalan xəbərləri nəticəsində Avropa ictimaiyyətində tamam əks əhvali-ruhiyyə yaradılır. Ona görə də belə bir komissiyanın yaradılmasına böyük ehtiyac var. Bu komissiyanın topladığı sənədlər Azərbaycan, rus, ingilis, fransız, alman dillərində nəşr edilib yayılmalıdır.
1919-cu il avqustun 27-də komissiyanın tərtib etdiyi arayışda bildirilirdi ki, ermənilərin türk-müsəlman əhaliyə qarşı həyata keçirdikləri cinayətlərlə bağlı 36 cild və 3 500 vərəqdən ibarət sənədlər toplanmışdır.
Tarix təkrar olundu
Soyqırımının törədilməsindən cəmi iki il sonra bolşeviklərin və artıq bolşevik cildinə girmiş daşnakların Azərbaycanda hakimiyyəti mənimsəməsi, qırmızı terrorun gücü ilə insanların düşüncələrinə, milli iradəsinə vurulan buxovlar, əfsuslar olsun ki, bu qanlı tarixi gündəmdə saxlamağa,
31 Mart canilərini layiqli cəzalarına çatdırmaq üçün sistemli iş aparmağa imkan vermədi. 70 illik sovet ideologiyasının tarixşünaslığımıza tətbiq etdiyi “vətəndaş müharibəsi”, “əksinqilabi qiyam” kimi saxtalaşdırılan mart hadisələri, əslində, bolşevik-daşnak ittifaqının azərbaycanlılara qarşı yeritdiyi növbəti soyqırımı siyasəti idi. Sovet hakimiyyəti bu milli faciəni unutdurmağa çalışdı. 31 Mart soyqırımına ideoloji don geyindirildi və yeni nəsillərə tamam başqa tərzdə təqdim edildi. Ötən əsrin əvvəllərində erməni daşnaklarının bolşeviklərlə birləşərək on minlərlə soydaşımızı dəhşətli işgəncələrlə qətlə yetirməsi, müxtəlif şəhər və kəndlərimizdə törədilən qırğınların mahiyyəti Azərbaycan insanı üçün qeyri-müəyyən qaldı. Rəsmi ideologiya açıq mənbələrdə bu barədə məlumatların izini itirdiyindən 31 Mart soyqırımı barədə ətraflı bilgilər almaq, bu tarixi öyrənmək, təhlil etmək, baş verənləri mühakimə etmək mümkün deyildi. Bunun ziyanını ötən əsrin 80-ci illərinin sonlarında, Ermənistanın Azərbaycana qarşı işğal addımlarına başlayanda çəkdik. Dəhşətli tarixi yenidən yaşamalı olduq. Ermənilər daşnak sələflərinin vəhşiliklərini təkrarladılar. Xocalıda azərbaycanlılara qarşı tükürpədici soyqırımı həyata keçirdilər. Bağanis Ayrımda, Başlıbeldə və digər məkanlarımızda azərbaycanlıları kütləvi şəkildə qətlə yetirdilər.
Ona görə də 31 Mart soyqırımını unutmağa, o dəhşətli günlərdə ermənilərin doğma yurdlarımızda sakinləri ilə birgə od vurub yandırdıqları evlərimizin alovunu yaddaşımızdan silməyə heç bir haqqımız yoxdur.
Gün işığına çıxan həqiqətlər
Bu soyqırımı əsl hüquqi-siyasi qiymətini Azərbaycan dövlət müstəqilliyinə qovuşduqdan sonra aldı. Mart hadisələrinin 80-ci ildönümündə – 1998-ci il martın 26-da Ümummilli Lider Heydər Əliyevin imzaladığı fərman erməni millətçilərinin hərəkətlərinə verilən dolğun və hərtərəfli hüquqi-siyasi qiymət oldu. Fərmanda oxuyuruq: “Azərbaycanın XIX-XX əsrlərdə baş verən bütün faciələri torpaqlarının zəbti ilə müşayiət olunaraq, ermənilərin azərbaycanlılara qarşı düşünülmüş, planlı surətdə həyata keçirdiyi soyqırımı siyasətinin ayrı-ayrı mərhələlərini təşkil etmişdir. Bu hadisələrin yalnız birinə – 1918-ci il mart soyqırımına siyasi qiymət vermək cəhdi göstərilmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi Azərbaycan Respublikası bu gün onun axıra qədər həyata keçirə bilmədiyi qərarların məntiqi davamı olaraq soyqırımı hadisələrinə siyasi qiymət vermək borcunu tarixin hökmü kimi qəbul edir”. Bu fərman azərbaycanlıların timsalında ümumən bəşəriyyətə qarşı belə ağır cinayətləri törədənləri hər imkanda ifşa etmək, onların qanlı əməllərini bütün dövrlərdə lənətləmək, soyqırımı canilərinin, bu cinayətlərdə əli olan təsisatların beynəlxalq ədalət mühakiməsi qarşısında cavab verməsinə nail olmaq, beləliklə, dünyamızı gələcəkdə bu cür dəhşətlərdən qorumaq üçün elan olunmuş proqram sənədidir.
Bu milli faciəni qəlbimizdə, yaddaşımızda hər zaman saxlamaqdan, keçmişi indiki və gələcək nəsillərə də xatırlatmaqdan ötrü həmin mühüm sənədlə 31 Mart tarixi hər il “Azərbaycanlıların Soyqırımı Günü” kimi qeyd edilməkdədir. Fərmanda ermənilərin Azərbaycana qarşı təcavüzünün tarixi köklərinə də toxunulmuş, mərhələlərlə törədilmiş soyqırımı və terror siyasəti dolğun şəkildə əksini tapmışdır.
Erməni vəhşiliyi
Ümumilikdə son illər ərzində Azərbaycanın ötən əsrdə üzləşdiyi milli faciələrin tədqiqi istiqamətində elmi tarixi araşdırmaların artması son dərəcə təqdirəlayiqdir. Bu araşdırmalar sayəsində hər bir azərbaycanlı özünün qan yaddaşına nəzər salır, üzləşdiyi faciələri göz önündən keçirir, keçmişlə gələcək arasında düzgün paralellər aparır, ən əsası, erməni vandalizminin əsl mahiyyətini, bədnam qonşu ideoloqlarının məkrli hisslərini aydın dərk edir. Əfsus ki, araşdırmalar zamanı bəzi faktların izinin itirildiyi də müəyyənləşmişdi.
Məsələn, daşnakların və bolşeviklərin Şamaxıda törətdikləri kütləvi qırğınlarla əlaqədar ilkin məlumat mənbələrinin böyük hissəsi sovet dövründə bu ağır cinayəti ört-basdır etmək üçün məhv edildiyinə görə erməni cinayətlərinin tam mənzərəsi bu günə qədər formalaşmayıb. Ekspert rəylərinə əsasən, Şamaxıda ermənilər tərəfindən xeyli sayda insanın öldürüldüyü bildirilir. Bu faciənin tədqiqi məqsədilə 1918-ci il iyulun 15-də yaradılmış Fövqəladə İstintaq Komissiyası tərəfindən həmin dövrdə Şamaxı qəzasındakı 120 kəndin 86-sının erməni təcavüzünə məruz qaldığı təsdiqlənib. Ötən əsrin 90-cı illərindən etibarən yerli tədqiqatçıların Şamaxı hadisələri ilə bağlı apardıqları tədqiqatlar, o cümlədən yüz nəfərə yaxın şahiddən toplanan xatirə və məlumatlar göstərir ki, erməni cinayətkarları Şamaxı şəhərində təqribən on minlərlə soydaşımızı qətlə yetiriblər. Şamaxı qəzasından didərgin düşənlərin sayı isə 18 min nəfərdən çox olub.
Quba qırğınları zamanı on minə yaxın insan öldürülüb. Bu soyqırımı nəticəsində Quba qəzasının 122 kəndi dağıdılıb. 2750-dən çox ev tamamilə yandırılıb. Aparılmış tədqiqatlar onu da sübuta yetirir ki, ermənilər dinc əhaliyə divan tutan zaman odlu silahdan deyil, əsasən soyuq silahlardan istifadə ediblər. Bəzi kəllə sümüklərində hətta mismarlar aşkarlanıb ki, bu da insanların başlarına mismar vurularaq nə qədər ağır işgəncələrlə qətlə yetirildiklərini göstərir. Bütün bunlar heç bir sərhəd tanımayan erməni vəhşiliyinin, qaniçənliyinin tükürpədici mənzərəsini bir daha göz önündə canlandırır.
Bu vəhşəti, insanlıq adına utanc cinayət əməlini torpağın altından gün işığına çıxaran Quba kütləvi məzarlığı 2007-ci ilin aprelində Qudyalçayın sol sahilində, Quba şəhər stadionunun təmiri ilə əlaqədar aparılan qazıntı işləri nəticəsində aşkarlandı. Təkcə bu məzarlıqda 500-dək insan kəlləsi vardı. Onlardan 50-dən çoxu uşaqlara, 100-dən çoxu qadınlara aid idi. Bu adamların 1918-ci ildə ermənilərin Qubada törətdiyi soyqırımı qurbanları olduğu elmi araşdırmalarla sübuta yetirildi.
Şanlı zəfərimizlə alınan qisas
Bu həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan xalqının gələcək nəsillərinin milli yaddaşının qorunması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə Prezident İlham Əliyevin 30 dekabr 2009-cu il tarixli sərəncamı ilə Quba şəhərində “Soyqırımı memorial kompleksi”nin yaradılmasına qərar verildi. 2013-cü il sentyabrın 18-də kompleksin açılışı oldu.
Azərbaycan Prezidenti İlham Əliyev açılış tədbirindəki çıxışı zamanı ermənilərin tarixin müxtəlif dövrlərində ayrı-ayrı məkanlarda azərbaycanlılara qarşı törətdikləri soyqırımlarının, eləcə də İkinci Dünya müharibəsində erməni faşizminin törətdiyi cinayətlərin və keçən əsrin sonlarında növbəti dəfə erməni faşizminin təzahürlərinin tədqiqini qarşıya vəzifə kimi qoymuşdur.
Dövlət rəhbərimizin “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” 18 yanvar 2018-ci il tarixli sərəncamı və bu tarixi qərar əsasında ildönümü tədbirlərinin, o cümlədən Milli Məclisin bununla bağlı xüsusi iclasının keçirilməsi də erməni-bolşevik silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlər barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə daha dolğun çatdırılması məqsədinə xidmət etmişdir.
44 günlük Vətən savaşında Ermənistana böyük dərs verən, illərdir torpaqlarımızda yuva qurub zəhərli nəfəsləri ilə yurdlarımızı viran qoyan düşməni məhv edən Azərbaycanın informasiya savaşında da Ermənistan üzərində qazandığı qələbələrdə indiyədək aparılan bu sistemli, ardıcıl tədbirlərin böyük rolu var. Azərbaycan xalqı Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, sarsılmaz iradəsi, sərkərdə qüdrəti, şanlı ordumuzun gücü ilə şəhidlərimizin qisasını döyüş meydanlarında aldı. Erməni daşnaklarının vəhşicəsinə qətlə yetirdikləri soyqırımı qurbanlarımızın illərdən bəri səmalarda dolaşan nigaran ruhları da zəfərimizlə rahatlıq tapdı. Soyqırımı tarixini yaşatmaq, gələcək nəsillərə ötürmək, bu həqiqətləri daha aydın, dolğun şəkildə dünyaya çatdırmaqda davam etmək və hər dəfə baş qaldırdıqda erməni faşizmini vurub əzmək isə bizim bundan sonra da şəhidlərimizin müqəddəs ruhu qarşısında ehtiram borcumuzdur.
İradə ƏLİYEVA,
31.03.2023, “Azərbaycan”
25.12.2025, 1905.az
















Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb
Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb
WUF13-ün rəsmi bağlanış mərasimi keçirilir
Prezident İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib










