
Ermənistanda 7 iyun 2026-cı il tərixində növbəti parlament seçkiləri keçirildi. Mərkəzi Seçki Komissiyasının (MSK) qərarına əsasən, ölkə parlamentindəki yerlər uğrunda 17 partiya və 2 blok olmaqla 19 siyasi qüvvə mübarizəyə qoşulsa da, 16 partiya və 2 blok seçkilərin sonuna qədər mübarizəni davam etdirdi. Seçicilərin səsi uğrunda mübarizə aparan siyasi qüvvələr arasında həm hakim partiya, həm də müxtəlif müxalifət qüvvələri təmsil olunurdu. Bunlar sırasında Nikol Paşinyanın rəhbərlik etdiyi “Mülki müqavilə” partiyası, keçmiş prezident Robert Koçaryanın rəhbərlik etdiyi “Ermənistan” bloku, rusiyalı milyarder, “Taşir” şirkətlər qrupunun rəhbəri Samvel Karapetyanın lideri olduğu “Güclü Ermənistan” bloku (özündə “Güclü Ermənistan”, “Yeni Era”, “Birləşmiş Ermənilər” partiyalarını birləşdirir), ölkənin ən varlı iş adamlarından olan Qaqik Sarukyanın rəhbərlik etdiyi “Çiçəklənən Ermənistan” partiyası və digər siyasi qüvvələr yer almışdı.
Qeyd edilməlidir ki, Ermənistan qanunvericiliyinə əsasən parlamentdə təmsil olunmağın minimum baryeri seçici səslərinin siyasi partiyalar üçün 4%, üç partiyadan ibarət blok üçün 8%, dörd və çox siyasi partiyadan ibarət bloklar üçün 10% müəyyən edilib.
Artıq iyun ayının 8-də Mərkəzi Seçki Komissiyası (MSK) seçici bülletenlərinin 100% hesablandığını elan etdi. MSK-nın açıqlamalarına əsasən ölkə üzrə səsvermədə 1 milyon 477 min 736 nəfər iştirak edib. Bu səsvermə hüququna malik seçicilərin 58,94%-ni təşkil edir. Bu göstərici 2021-ci ildəki növbədənkənar seçkilərlə (49,4%) müqayisədə təxminən 9,5% daha yüksəkdir.
MSK-nın verdiyi məlumata əsasən Nikol Paşinyanın rəhbərlik etdiyi “Mülki Müqavilə” Partiyası 49,81% səs toplayaraq birinci yeri tutub. Burada diqqəti çəkən məqam ondan ibarətdir ki, Nikol Paşinyanın partiyasının topladığı səs sayı 50%-dən az olsa da, Ermənistanın seçki sisteminə əsasən, baryeri keçə bilməyən partiyaların səsləri yenidən bölüşdürülür. Bu səbəbdən Paşinyanın partiyası parlamentdə birmənalı çoxluq əldə edir və hökuməti təkbaşına formalaşdırmaq hüququ qazanır. Açıqlamalara əsasən rusiyalı milyarder, “Taşir” şirkətlər qrupunun rəhbəri Samvel Karapetyanın lideri olduğu “Güclü Ermənistan” bloku 23,28% səs toplayaraq parlamentdə təmsil olunmaq hüququ qazanana əsas müxalifət qüvvəsi olub. Keçmiş president Robert Koçaryanın rəhbərlik etdiyi “Ermənistan” bloku 9,93% səs toplayaraq digər müxalifət qüvvəsi kimi parlamentdə təmsil olunmaq hüququ qazanıb. Seçki kampaniyasına stert verilərkən ölkənin ən varlı iş adamlarından olan Qaqik Sarukyanın rəhbərlik etdiyi “Çiçəklənən Ermənistan” partiyası əsas müxalifət qüvvələrindən biri kimi dəyərləndirsə də, bu partiya 3,99% səs yığaraq cəmi 0,01% fərqlə 4%-lik baryeri aşa bilməyib və parlamentdə təmsil olmaq hüququnu itirib.
Xatırlatmaq istərdim ki, seçki öncəsi 7 iyun seçkilərinə həm regiondan kənar güc mərkəzləri olan ABŞ və Aİ, həm də regional güc mərkəzləri olan Rusiya, Türkiyə və İranın maraqları olması səbəbindən bu seçkilər “Ermənistan tarixinin ən vacib seçkiləri” və ya “Ermənistan tarixinin ən geosiyasiləşmiş seçkiləri” kimi dəyərləndirilirdi. Belə ki, seçki kampaniyasında iştirak edən siyasi qüvvələrin çox olmasına baxmayaraq, əsas mübarizənin Paşinyanın “Mülki müqavilə” partiyası, Köçəryanın “Ermənistan” bloku, Karapetyanın “Güclü Ermənistan” bloku və Qaqik Sarukyanın “Çiçəklənən Ermənistan” partiyası arasında gedəcəyi proqnozlaşdırılırdı. Qeyd edilirdi ki, bu qüvvələr arasında Paşinyanın “Mülki müqavilə” partiyası istisna olmaqla, digər üç siyasi qüvvə açıq şəkildə Rusiya yönümlüdür və mübarizədə xarici siyasət seçkiqabağı kampaniyanın əsas mövzusunu təşkil edir.
Doğrudan da, seçki kampaniyası gedişatında rəqib qüvvələr arasında ritorika çox sərt formada özünü biruzə verdi, hətta siyasi liderlərin qarşılıqlı təhqirləri səviyyəsinə yüksəldi. Paşinyan adı çəkilən rəqiblərini “üçbaşlı müharibə partiyası”, Karapetyanı “Kaluqa oliqarxı”, “xarici cəsus”, Köçəryanı isə “ambal”, “cinayətkar”, “korrupsioner” adlandırırdı. Onlar isə öz növbəsində Paşinyana qarşı müxtəlif aşağılayıcı ifadələrdən istifadə edirdilər. Bununla yanaşı, seçki kampaniyası dövründə rəsmi Moskva tərəfindən Ermənistan müxtəlif çeşidli kənd təsərrüfatı mallarının, su və spirtli işkilərinin Rusiya bazarında satışına qadağalar tətbiq edildi, Rusiya tərəfindən təzyiqlər və təhdidlər səsləndirildi. ABŞ və Aİ isə seçkilərdə Paşinyanı dəstəklədiklərini açıq şəkildə ifadə etdilər və müvafiq addımlar atdılar.
Belə bir fonda 7 iyun 2026-cı il seçkilərində “Mülki Müqavilə” partiyasının qalib gəlməsi və təklikdə hökumət formalaşdırmaq hüququnu qazanması Nikol Paşinyanın Qərbə doğru geosiyasi dönüşünün və Rusiya asılılığından uzaqlaşma xəttinin erməni xalqı tərəfindən təsdiqlənməsi kimi dəyərləndirilə bilər. Belə ki, Nikol Paşinyanın rəhbərlik etdiyi “Mülki Müqavilə” partiyasının birmənalı qələbəsi onun Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) uzaqlaşma, Avropa İttifaqına yaxınlaşma və ABŞ ilə əməkdaşlığını dərinləşdirmək siyasətinə əhalinin dəstəyini göstərir. Eyni zamanda Samvel Karapetyan və Robert Koçaryanın rəhbərlik etdiyi siyasi qüvvələrin seçkilərdə ümumiliklə cəmi 33%-ə yaxın səs toplaması Rusiya yönümlü müxalifətin Ermənistan cəmiyyətində dominant həlledici siyasi güc ola bilmədiyini göstərir. Həmçinin seçkilər ərəfəsində Rusiyanın Ermənistan məhsullarına tətbiq etdiyi qadağalara və iqtisadi şantaja baxmayaraq, seçicilər Paşinyana səs verməklə, Kremlin iqtisadi təzyiqlərinə məhəl qoymadıqlarını əyani şəkildə nümayiş etdirdilər. Bu kontekstdə 7 iyun seçkilər Ermənistanın Cənubi Qafqaz regionundakı gələcək yerini və xarici tərəfdaşları ilə balansını müəyyən edən strateji bir dönüş nöqtəsi kimi qiymətləndirilə bilər.
Xüsusilə vurğulanmalıdır ki, seçkilər nəticəsində Paşinyan hakimiyyəti Azərbaycanla sülh müqaviləsinin imzalanması və delimitasiya prosesini davam etdirmək üçün legitimlik qazandı. Rusiya yönümlü müxalifətin bu məsələni “milli xəyanət” kimi qələmə vermək cəhdləri iflasa uğradı. Digər tərəfdən, Paşinyan tərəfdarları parlamentdəki çoxluğu sayəsində Azərbaycanın sülh müqaviləsi üçün əsas şərt kimi irəli sürdüyü Konstitusiya dəyişikliklərini (ərazi iddialarının çıxarılması) reallaşdırmaq imkanı əldə edə bilər. Bununla yanaşı, ABŞ-nin vasitəçiliyi ilə əldə olunmuş Azərbaycanın əsas hissəsini Naxçıvanla Ermənistan üzərindən birləşdirəcək beynəlxalq nəqliyyat dəhlizinin (TRIPP) icrası üçün siyasi maneələr azaldı və Paşinyan seçki bitən kimi bu layihəni tezliklə başlatmaq niyyətini bəyan etdi.
Eyni zamanda qeyd edilməlidir ki, Türkiyə Xarici işlər nazirliyinin seçkilərin uğurla başa çatmasından məmnunluq ifadə etməsi və Paşinyanın səsvermədən dərhal sonra “Türkiyə ilə sərhədlərin açılması və diplomatik əlaqələrin qurulması” mesajını verməsi rəsmi Yerevanın Ankara ilə birbaşa diplomatik əlaqələri inkişaf etdirmək niyyətinin olduğunu göstərir. Seçicilər Paşinyana səs verməklə, Azərbaycan və Türkiyə ilə sərhədlərin açılmasını, blokadadan çıxmağı və regional iqtisadi inteqrasiyanı, real Ermənistanda dinc və təhlükəsiz şəraitdə yaşamağı mifik ideoloji iddialardan üstün tutdular.
Nəhayət, seçki kampaniyası gedişatında siyasi qüvvələrin debatlarını və seçkilərin nəticələrini təhlil etdikdə Ermənistan seçicilərinin əksər hissəsinin Azərbaycanla sülhə səs verdiyi və qondarma “Qarabağ məsələsi”nin artıq tamamilə qapandığını qəbul etdiyi qənaətinə gəlmək olar. Belə ki, Robert Koçaryan və Samvel Karapetyan başda olmaqla, bütün müxalifət blokları seçki kampaniyasını Nikol Paşinyanın Azərbaycanla apardığı sülh və delimitasiya prosesini “milli xəyanət” adlandırmaq üzərində qurmuşdular. Bu qüvvələr öz seçki kampaniyalarını İkinci Qarabağ müharibəsinin nəticələrini tanımamaq, Azərbaycanla paraflanmış sülh müqaviləsinin yenidən baxılması və s. kimi revanş cəhdləri əsasında qurmuşdular. Seçicilərin böyük hissəsinin Paşinyanın “Mülki Müqavilə” partiyasına səs verməsi göstərdi ki, onların revanşist qüvvələri dəstəkləmədiyini, yeni müharibə və ya gərginlik istəmədiyini, real sülh və təhlükəsiz şəraitdə yaşamağı seçdiyini göstərir. Bu seçkilərin əsas nəticələrindən biri kimi xüsusilə vurğulanmalıdır ki, Ermənistanda uzun illər Qarabağ mövzusundan siyasi rıçaq və hakimiyyət aləti kimi istifadə edən siyasi qüvvələr bu seçkilərdə ağır məğlubiyyətə uğradı və seçkinin nəticələri sübut etdi ki, Ermənistan daxilində artıq “Qarabağ mövzusu” daxili siyasəti və seçicini manipulyasiya etmək üçün effektiv bir alət deyil.
Qeyd edilənlərlə yanaşı 7 iyun seçkiləri Ermənistan cəmiyyətinin parçalandığını və onun kifayət qədər əhəmiyyətli hissəsinin (33,21%) revanşist qüvvələri dəstəklədiyini göstərdi. Bundan əlavə, Paşinyanın rəhbərlik etdiyi “Mülki Müqavilə” partiyası 2021-ci il növbədənkənar seçkilərdə 53,92% səs toplayaraq 71 mandat qazansa da və konstitusiya çoxluğu əldə etsə də, 7 iyun 2026-cı il seçkilərində ilk dəfə olaraq seçicilərin səslərinin yarısından az səs topladı. Bu partiya seçkilər nəticəsində təkbaşına hökuməti formalaşdırmaq və Baş naziri seçmək hüququ qazansa da, parlamentdəki deputatların ümumi sayının beşdə üçündən ibarət çoxluğu təmin edərək konstitusiya qanunlarını qəbul etməyə və bir sıra mühüm vəzifəli şəxsləri seçməyə imkan əldə etsə də, deputatların ümumi sayının üçdə ikisinin dəstəyini təmin etmir. Bu isə ölkə konstitusiyasında dəyişiklik etmək və ya yeni konstitusiya qəbul etmək üçün yetərsay deyil.
Paşinyanın “Mülki Müqavilə” partiyasının parlamentdə konsitusya çoxluğuna malik olmaması onu konstitusiya dəyişikliklərini təkbaşına həyata keçirmək imkanından məhrum edir. Bu isə Azərbaycanla sülh müqaviləsinin yaxın zamanlarda imzalana biləcəyinə dair optimist yanaşmaları şübhə altına alır. Belə ki, Azərbaycan sülh müqaviləsinin imzalanması üçün Azərbaycana qarşı ərazi iddialarını ehtiva edən Müstəqillik Bəyannaməsinə istinadın Ermənistan Konstitusiyasının preambulasından çıxarılmasını əsas şərt kimi irəsi sürüb.
Paşinyan yeni Konstitusiyanın qəbulunu Azərbaycanla sülh müqaviləsi ilə yanaşı, Ermənistanın “real Ermənistan” quruculuğu ilə əlaqələndirsə də, 7 iyun seçkilərindən sonra parlamentdə “Mülki Müqavilə” partiyasının konstitusiya çoxluğuna malik olmaması, parlamentdə təmsil olunacaq müxalifət siyasi qüvvələrinin tam şəkildə barışmaz mövqeyi və parlamentdaxili siyasi konsensusun əldə edilməsinin az qala mümkünsüzlüyü konstitusiya dəyişikliyinə nail olunmasında ciddi problemlərin olacağından xəbər verir. Bu isə Azərbaycanla sülh müqaviləsinin imzalanması üçün maneələrin tam şəkildə aradan qaldırlmadığını göstərir.
Elxan Süleymanov,
AVCİYA prezidenti
















Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb
WUF13-ün rəsmi bağlanış mərasimi keçirilir
Prezident İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında WUF13-ün açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibə verib










