
Norveçin Stavern şəhərində artıq üçüncü il ardıcıl Nerdrum Muzeyinin ərazisində təşkil olunan növbəti “Earth & East” beynəlxalq festivalı baş tutub. Dördgünlük mədəniyyət forumunun konsepsiyasının ilham mənbəyi əsrlər boyu Asiya ilə Avropa arasında körpü tolunu oynayan və ticarətə, mədəni mübadiləyə, xalqların qarşılıqlı zənginləşməsinə şərait yaradan Böyük İpək Yolu irsi olub.
AZƏRTAC xəbər verir ki, Syöparken parkı, Rur Heyerdal İnstitutu və CAN təşkilatı ilə əməkdaşlıqda təşkil olunan festivalda Azərbaycan, Monqolustan, Serbiya, Albaniya, Rumıniya, Moldova və Qazaxıstanın musiqisi, milli mətbəxi, xalq geyimləri, sənətkarlığı və ədəbiyyatı təqdim edilib.
Azərbaycan mədəniyyətinin təqdimatı zamanı proqramın aparıcısı qismində CAN təşkilatının sədri Şərvin Nəcəfpur çıxış edib. O, qonaqları salamlayıb və Azərbaycan Respublikasının Norveç Krallığında səfirliyinin birinci katibi Rəşad Ağazadəni səhnəyə dəvət edib.
R. Ağazadə çıxışında qeyd edib ki, Norveç ilə Azərbaycan arasındakı dostluq görkəmli norveçli tədqiqatçı və alim Tur Heyerdalın irsində də öz əksini tapıb.
“O, Azərbaycana səfərləri zamanı regionumuzun qədim tarixinə dərin maraq göstərib. Heyerdal inanırdı ki, Qafqaz, xüsusən də Azərbaycan xalqların köçündə və qədim sivilizasiyaların inkişafında mühüm rol oynaya bilərdi. Onun bəzi nəzəriyyələri elmi müzakirə mövzusu olaraq qalsa da, mədəniyyətləri bölmək əvəzinə birləşdirmək istəyi şübhə doğurmur”, – deyə diplomat vurğulayıb.
Rəsmi hissədən sonra proqram Cənubi Azərbaycanəsilli müğənni Mari Sahbanın “A Billion Years Too Early” albomundan mahnılar ifa etməsi ilə davam edib. “Azeri Baby” mahnısı tamaşaçıların xüsusi marağına səbəb olub və onun çıxışının ən yaddaqalan məqamlarından birinə çevrilib.
Sonra soydaşımız, norveçli bəstəkar Qalib Həsən oğlu festivalın qonaqları qarşısında çıxış edib. Onun ifa etdiyi “Rafoss”, “Nostalji” və “La den brenne” əsərləri böyük marağa səbəb olub və tamaşaçılar tərəfindən gurultulu alqışlarla qarşılanıb.
Proqram Əməkdar artist Bəhram Bağırzadənin “Jirtdan in Oslo” kitabının ingilis dilində nəşrinin təqdimatı ilə başa çatıb. Soydaşımız 10 yaşlı Ayla Ağazadə kitabdan parçaları oxuyub, həmçinin bu nəşr haqqında təəssüratlarını və düşüncələrini bölüşüb.
Azərbaycan proqramına, həmçinin milli atributları, mədəni elementləri və qonaqları ölkənin tarixi və adət-ənənələri ilə tanış edən məlumatlandırıcı materialları nümayiş etdirən tematik stend də daxil idi. Ziyarətçilər Azərbaycan şərablarının dadına da baxıblar və bununla Azərbaycanın zəngin şərabçılıq ənənələri ilə daha yaxından tanış olmaq imkanı əldə ediblər.
Nərgiz Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm
Foto – Arve Kern
















Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb
Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb
WUF13-ün rəsmi bağlanış mərasimi keçirilir
Prezident İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib










