
Rəqəmsal transformasiya müasir dövlət idarəçiliyinin əsas istiqamətlərindən birinə çevrilib. İnformasiya texnologiyalarının sürətli inkişafı dövlət xidmətlərinin təşkili və təqdim olunması üsullarını da dəyişdirərək ənənəvi idarəetmə modelindən rəqəmsal idarəetməyə keçidi sürətləndirib. Bu gün bir çox ölkələrdə dövlət qurumları vətəndaşlara daha operativ, şəffaf və əlçatan xidmət göstərmək məqsədilə elektron platformalar, mobil tətbiqlər və rəqəmsal identifikasiya sistemlərindən geniş istifadə edir. Bu yanaşma təkcə xidmətlərin elektron formaya keçirilməsi deyil, həm də idarəetmə proseslərinin optimallaşdırılması, dövlət qurumları arasında məlumat mübadiləsinin gücləndirilməsi və vətəndaş mərkəzli xidmət modelinin formalaşdırılması deməkdir.
AZƏRTAC xəbər verir ki, dünyanın bir çox ölkəsində olduğu kimi, Azərbaycanda da dövlət xidmətlərinin elektronlaşdırılması və vahid platformada təqdim edilməsi istiqamətində mühüm addımlar atılır. Bu prosesin əsas elementlərindən biri olan “mygov” platforması vətəndaşların dövlət xidmətlərinə çıxışını sadələşdirərək daha rahat, sürətli və şəffaf xidmət modelinin formalaşmasına töhfə verir.
Bu il fevralın 11-də Prezident İlham Əliyevin sədrliyi ilə “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirədə dövlətimizin başçısı dövlət xidmətlərinin “mygov” üzərindən həyata keçirilməsinin vacibliyinə toxunub. Prezident İlham Əliyev, eyni zamanda, çıxışında rəqəmsal inkişafla bağlı olan məsələlərin Azərbaycanın gələcək inkişafını böyük dərəcədə şərtləndirdiyini vurğulayıb.

Dövlət qurumları arasında inteqrasiya
Qeyd edək ki, əvvəllər müxtəlif dövlət qurumlarının xidmətlərindən istifadə etmək üçün ayrı-ayrı internet resurslarına daxil olmaq və ya bir neçə dövlət orqanına fiziki müraciət etmək lazım gəlirdisə, bu gün bir çox xidmət vahid platforma olan “mygov”da təqdim olunur. Bu yanaşma həm vətəndaşların vaxtına qənaət edir, həm də dövlət xidmətlərindən istifadə prosesini daha da rahatlaşdırır.
“Bir pəncərə” prinsipi
Vahid platformanın ən mühüm üstünlüklərindən biri “bir pəncərə” prinsipinin tətbiqidir. İstifadəçilər müxtəlif dövlət qurumlarının elektron xidmətlərinə eyni platforma üzərindən çıxış əldə edə, şəxsi məlumatlarını, elektron sənədlərini və müraciətlərini vahid mühitdə idarə edə bilirlər. Bu isə xidmətlərin əlçatanlığını artırmaqla yanaşı, istifadəçi təcrübəsini də yaxşılaşdırır.
“mygov” platforması dövlət qurumları arasında məlumat mübadiləsinin daha operativ həyata keçirilməsinə də imkan yaradır. Nəticədə vətəndaşların eyni məlumatı və ya sənədi müxtəlif qurumlara dəfələrlə təqdim etməsi zərurəti azalır. Bu, həm bürokratik prosedurların sadələşməsinə, həm də xidmətlərin göstərilmə müddətinin qısalmasına müsbət təsir göstərir.

Vaxta və maliyyəyə qənaət
Rəqəmsal xidmətlərin genişlənməsi iqtisadi baxımdan da mühüm üstünlüklər yaradır. Elektron müraciətlər kağız sənəd dövriyyəsini azaldır, inzibati xərclərin optimallaşdırılmasına kömək edir və dövlət resurslarından daha səmərəli istifadəyə şərait yaradır. Vətəndaşlar isə dövlət qurumlarına getmək üçün əlavə vaxt və nəqliyyat xərclərindən azad olurlar.
Mühüm məqamlardan biri də məlumat təhlükəsizliyidir. Rəqəmsal identifikasiya və müasir təhlükəsizlik mexanizmləri istifadəçilərin şəxsi məlumatlarının qorunmasına xidmət edir. Eyni zamanda, rəqəmsal mühit xidmətlərin göstərilməsində şəffaflığın artırılmasına və proseslərin daha rahat izlənilməsinə imkan yaradır.
Gələcəyə baxış
Gələcəkdə “mygov” platformasının imkanlarının daha da genişləndirilməsi, yeni dövlət xidmətlərinin sistemə inteqrasiyası, proaktiv xidmətlərin tətbiqi və süni intellekt əsaslı həllərin istifadəsi vətəndaş məmnuniyyətinin artmasına və dövlət xidmətlərinin keyfiyyətinin yüksəlməsinə əlavə töhfə verə bilər.
Rəqəmsal transformasiya yalnız texnoloji yenilik deyil, həm də dövlət-vətəndaş münasibətlərinin yeni mərhələyə keçididir. Bu baxımdan, “mygov” platforması dövlət xidmətlərinin daha əlçatan, operativ və şəffaf şəkildə təqdim olunmasını təmin edən mühüm rəqəmsal həll kimi çıxış edir. Platformanın inkişafı həm dövlət idarəçiliyinin səmərəliliyini artırır, həm də vətəndaşların gündəlik həyatını daha rahat və çevik edir.

Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması sürətlə inkişaf edən istiqamətlərdən birinə çevrilib
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin aparıcı məsləhətçisi, rəqəmsallaşma üzrə ekspert Vüsal Quliyev deyib ki, Azərbaycanda dövlət idarəçiliyinin rəqəmsallaşdırılması son illərdə ən sürətlə inkişaf edən istiqamətlərdən birinə çevrilib. Onun sözlərinə görə, dövlət xidmətlərinin elektronlaşdırılması, vətəndaşların vaxtına qənaət edilməsi və bürokratik prosedurların minimuma endirilməsi istiqamətində atılan addımlar artıq yeni mərhələyə qədəm qoyur. Onun sözlərinə görə, qarşıdakı dövrdə həyata keçiriləcək yeniliklər göstərir ki, əsas məqsəd yalnız xidmətlərin rəqəmsallaşdırılması deyil, həm də onların vətəndaş üçün daha rahat, vahid və istifadəçiyönümlü təqdim edilməsidir: “Bu istiqamətdə ən mühüm yeniliklərdən biri müxtəlif dövlət qurumlarının ayrı-ayrılıqda fəaliyyət göstərən portal və mobil tətbiqlərinin mərhələli şəkildə vahid rəqəmsal ekosistemə inteqrasiya olunmasıdır. Bu yanaşma dövlət xidmətlərinə çıxışı xeyli sadələşdirəcək və istifadəçi təcrübəsini yeni səviyyəyə qaldıracaq. Hazırda bir çox vətəndaşlar müxtəlif dövlət xidmətlərindən istifadə etmək üçün bir neçə mobil tətbiq yükləməyə və fərqli platformalarda qeydiyyatdan keçməyə məcbur olurlar. Yeni model isə bu yanaşmanı dəyişir. Gələcəkdə həm vətəndaşlar, həm də biznes subyektləri dövlət xidmətlərinin böyük əksəriyyətinə yalnız “mygov” və “mygov biznes” platformaları vasitəsilə çıxış əldə edə biləcəklər. Bu isə xidmətlərdən istifadənin daha rahat, daha sürətli və daha səmərəli təşkil edilməsinə imkan yaradacaq. Əslində bu proses artıq praktiki mərhələyə keçib. “e-Sosial”, “e-Təbib” və “e-Su” tətbiqləri tam şəkildə “mygov” platformasına inteqrasiya olunub. Bununla yanaşı, “e-Polis”, “Mobil Notariat”, “Azərişıq”, “Reseptim”, “e-Səhiyyə”, “MigAz” və “ASAN Müraciət” platformalarının da bir çox xidmətləri artıq vahid sistem üzərindən əlçatandır. İlin sonunadək həmin tətbiqlərin bütün xidmətlərinin də “mygov” vasitəsilə təqdim olunması planlaşdırılır. Bu, rəqəmsal dövlət xidmətlərinin vahid platformada cəmləşdirilməsi istiqamətində mühüm addımdır”.

Rəqəmsal transformasiya dövlət idarəçiliyində səmərəliliyin artırılmasına xidmət edir
Rəqəmsal transformasiyanın ən diqqətçəkən istiqamətlərindən birinin isə proaktiv dövlət xidmətlərinin genişləndirilməsi ilə bağlı olduğunu deyən Vüsal Quliyev deyib: “Vətəndaş artıq bəzi xidmətlərdən yararlanmaq üçün ayrıca müraciət etməyəcək. Dövlət informasiya sistemlərində mövcud olan məlumatlar əsasında xidmət avtomatik təqdim ediləcək. Rəqəmsal transformasiya, eyni zamanda, dövlət idarəçiliyində səmərəliliyin artırılmasına da xidmət edir. Məlumatların müxtəlif qurumlar arasında təhlükəsiz şəkildə paylaşılması təkrarlanan prosedurların aradan qaldırılmasına, qərar qəbuletmə prosesinin sürətlənməsinə və dövlət resurslarından daha effektiv istifadə olunmasına imkan yaradır. Bütün bunlar onu göstərir ki, Azərbaycanda rəqəmsal dövlət quruculuğu yeni inkişaf mərhələsinə daxil olur. Vahid platformaların yaradılması, proaktiv xidmətlərin genişləndirilməsi, avtomatik bildiriş sistemlərinin tətbiqi və dövlət xidmətlərinin inteqrasiyası vətəndaş məmnuniyyətinin artırılmasına yönəlmiş kompleks yanaşmanın tərkib hissəsidir”.
Müxbir – Günel Türksoy
















Cəbrayıl rayonuna növbəti köç karvanları yola salınıb
“Polis Günü”nə həsr olunan fləşmob keçirilib
Prezident İlham Əliyev Türkiyənin ədliyyə nazirini qəbul edib
Prezident İlham Əliyevin sosial media hesablarında Ursula Fon der Lyayenin Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev və Avropa Komissiyasının Prezidenti mətbuata bəyanatlarla çıxış ediblər











