
“Euronews” telekanalı Azərbaycanın multikulturalizm və dini tolerantlıq ənənələrinə həsr olunan “Bu ölkədə müxtəlif dinlərin nümayəndələri əsrlər boyu necə yanaşı yaşayıb?” adlı reportaj yayımlayıb.
AZƏRTAC xəbər verir ki, reportajda dünyada dini kimliyin münaqişələrin əsas səbəblərindən birinə çevrildiyi bir dövrdə müxtəlif dinlərin və etiqadların nümayəndələrinin dinc yanaşı yaşamasının xüsusi aktuallıq kəsb etdiyi vurğulanıb. Bu baxımdan Cənubi Qafqazda Azərbaycan müsəlman, xristian və yəhudi icmalarının əsrlər boyu yanaşı yaşadığı, multikulturalizmin milli kimliyin mühüm tərkib hissəsinə çevrildiyi ölkə olduğu diqqətə çatdırılıb.
“Müqəddəs Bakirə Məryəmin Məsum Hamiləliyi” katolik kilsəsindən hazırlanan süjetdə Azərbaycandakı katolik icmasının fəaliyyəti, dini icmalar arasında gündəlik həyat səviyyəsində formalaşmış qarşılıqlı münasibətlər və əməkdaşlıq ənənələri barədə məlumat verilir. Katolik kilsəsinin nümayəndələri Azərbaycandakı müxtəlif dini icmaların liderlərinun mütəmadi görüşlər keçirdiklərini, cəmiyyət üçün ümumi əhəmiyyət daşıyan məsələlər ətrafında fəal əməkdaşlıq etdiklərini bildiriblər.
Reportajda Şəki rayonundakı qədim Kiş məbədi və Qax rayonundakı tarixi kilsələr Azərbaycanın zəngin xristian irsinin və dini müxtəliflik ənənələrinin mühüm simvolları kimi təqdim edilib. Bildirilib ki, əsrlər boyu qorunub saxlanılan bu abidələr ölkədə müxtəlif mədəniyyət və etiqadların yanaşı mövcudluğunu əks etdirir.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov “Euronews”a müsahibəsində Azərbaycan modelini qarşılıqlı etimad və hörmətə əsaslanan, həm cəmiyyət həyatında, həm də institusional səviyyədə tətbiq olunan multikulturalizm nümunəsi kimi xarakterizə edib.
Süjetdə Azərbaycanın multikulturalizm və dinlərarası dialoqu təşviq etdiyi, dövlətin məscidlərin, kilsələrin və sinaqoqların bərpasına dəstək göstərdiyi vurğulanıb. Həmçinin Heydər Əliyev Fondunun Vatikan Apostol Kitabxanası və Vatikan Apostol Arxivi ilə əməkdaşlıq çərçivəsində əlyazmaların rəqəmsallaşdırılması və bərpası istiqamətində layihələr həyata keçirməsinin mədəni diplomatiyanın tərkib hissəsi olduğu qeyd olunur.
Reportajın sonunda vurğulanıb ki, münaqişə və parçalanmanın dünyanın bir çox bölgələrində gündəmi müəyyən etdiyi şəraitdə dialoq və birgəyaşayış nümunələri xüsusi əhəmiyyət daşıyır və Azərbaycanda bu yanaşma təkcə rəsmi təşəbbüslərdə deyil, gündəlik həyatda da özünü göstərir.
Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
















Prezident İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyalarının açılışı olub
Prezident İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul edib
Xocavənddə taxıl sahələri 8773 hektar artıb
Şuşa və Xocavəndə növbəti köç karvanları yola salınıb











