Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları cari ildə altı problem, 24 mövzu üzərində elmi-tədqiqat işi aparıblar.
Akademiyadan AZƏRTAC-a bildiriblər ki, cari ildə institut alimlərinin Qəbələ rayonu ərazisində eramızdan əvvəl IV minilliyin başlanğıcına aid Qafqazın bu dövr tarixi üçün ilk dəfə katakomba tipli qəbir abidəsi aşkarlayıblar. Tapıntı Azərbaycanda eramızdan əvvəl IV minilliyin birinci yarısında yayılmış Leylatəpə mədəniyyətinin dəfn adətlərinin tədqiqində yeni istiqamətdir.
“Cənub-şərqi Azərbaycan abidələrinin arxeoloji tədqiqi” mövzusu üzrə tədqiqat aparan arxeoloqlar tərəfindən Azərbaycanın cənub-şərq bölgəsi üçün ilk dəfə Lerik rayonunda erkən antik dövrə aid Piboztəpə nekropolunda genişmiqyaslı arxeoloji qazıntılar aparılıb.
ABŞ-ın Pensilvaniya Universitetinin tədqiqatçıları ilə birgə Piboztəpə nekropolunda ilkin paleozooloji, antropoloji, paleogeoloji tədqiqatlar, Corcia Universitetində isə nekropoldan nümunələr əsasında radiokarbon analizlər aparılıb.