Azərbaycan Respublikasının Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş ərazilərində qanunsuz iqtisadi və digər fəaliyyətlə məşğul olan şəxslərə qarşı kəsərli cinayət-hüquqi tədbirlərin tətbiqi Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən daim nəzarətdə saxlanılmaqla davam etdirilir.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, işğal olunmuş ərazilərimizdə qeyri-qanuni hasilat işləri ilə məşğul olan, o cümlədən qızıl və digər metal filiz yataqlarını istismar edən, eləcə də nərə balığı və qara kürü, elektrik enerjisi istehsalı, qanunsuz saat satışı, bankçılıq fəaliyyəti ilə məşğul olan şirkətlər müəyyənləşdirilərək barələrində məhkəmə qərarı əsasında vergi yoxlamasının keçirilməsi təmin olunub.
Vergi yoxlamalarının nəticələri və məhkəmə-mühasibatlıq ekspertizasının rəyinə əsasən ümumilikdə 6 şirkətin 306 milyon 821 min manat məbləğində külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq fəaliyyətini həyata keçirməsinə əsaslı şübhələr müəyyənləşdirilib.
Həmin cinayət işləri üzrə axtarışda olan 12 şəxsin tutularaq Azərbaycan Respublikasına ekstradisiyalarına nail olunması istiqamətində zəruri istintaq və əməliyyat-axtarış tədbirləri yerinə yetirilib.
Bundan başqa, bir qrup şəxsin Ermənistan Respublikası tərəfindən Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində 2002-ci ildən etibarən gəlmələrinə, Azıx mağarasında arxeoloji qazıntı işləri apararaq, tarixi, elmi və mədəni dəyəri olan əşyaları talamaları və digər qanunsuz hərəkətlərə yol vermələrinə şübhələr üçün əsaslar müəyyən edilib. Onlar cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində həbs qətimkan tədbiri seçilməklə beynəlxalq və dövlətlərarası axtarışa veriliblər.
Qanunsuz iqtisadi fəaliyyətlə məşğul olan 166 hüquqi şəxslə bağlı 35 dövlətə hüquqi tapşırıqlar göndərilib.
Həmçinin prokurorluq orqanlarında Dağlıq Qarabağ və ətraf rayonlara qanunsuz səfərlər etmiş şəxslər barədə cinayət işləri istintaq olunur.
Azərbaycan Respublikasının Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş ərazilərində qanunsuz iqtisadi və digər fəaliyyətlə məşğul olan fiziki və hüquqi şəxslər barəsində Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən beynəlxalq hüquq normaları çərçivəsində kəsərli tədbirlər görüləcək.