İsveçrənin Cenevrə şəhərində BMT-nin İnsan Hüquqları Şurasının 55-ci sessiyası işə başlayıb.
AZƏRTAC xəbər verir ki, sessiya çərçivəsində İnsan hüquqlarının tətbiqinə dair illik yüksək səviyyəli panel müzakirəsi keçirilib. Panel müzakirəsinin əsas mövzusu “Cəmiyyətdə tam və effektiv iştiraka və inklüzivliyə diqqət yetirməklə, əlilliyi olan şəxslərin hüquqlarını tətbiqi” olub.
Müzakirələr zamanı BMT-nin İqtisadi və Sosial Şurasının (ECOSOC) xüsusi məşvərətçi statusuna malik “Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyinin sədri Ramil İskəndərlinin videomüraciəti nümayiş etdirilib. QHT sədri çıxışında Ermənistanın Azərbaycan qarşı mina terroru siyasətinin davam etdiyini, mina problemi nəticəsində əlil olmuş şəxslərlə bağlı işlərin aparıldığını bildirib və bu məsələdə beynəlxalq dəstəyin vacibliyinə toxunub.
QHT sədri diqqətə çatdırıb ki, əlilliyi olan şəxslərin, xüsusilə mina qurbanlarının cəmiyyətdə səmərəli iştirakının və inklüzivliyinin təmin olunması hərtərəfli, əhatəli və hüquqa əsaslanan yanaşma tələb edən çoxşaxəli problemdir. QHT-lər əlilliyi olan şəxslərin iştirakçılığını təşviq edən proqramların həyata keçirilməsində mühüm rol oynayır.
“Postmünaqişə dövründə məlum oldu ki, işğaldan azad edilən ərazilərdə təxminən bir milyon yarım mina və partlamamış sursat var”, – deyən R.İskəndərli vurğulayıb ki, mina problemi nəticəsində əlil olmuş şəxslərlə bağlı məsələ siyasi məsələ deyil, humanitar və insan hüquqları məsələsidir. Ermənistanın Azərbaycana qarşı davam edən mina terroru və qeyri-dəqiq xəritələrin verilməsi azərbaycanlı keçmiş məcburi köçkünlərin yurdlarına kütləvi qayıtmasını əngəlləyir, onların hərəkət azadlığı, sağlamlıq, məşğulluq və təhsil hüquqlarını pozur. Azərbaycanda bir çox QHT-lər humanitar minatəmizləmə və maarifləndirmə təşəbbüsləri, reabilitasiya xidmətləri, o cümlədən mina qurbanlarına fiziki və psixososial dəstək göstərmək üçün çalışırlar. Lakin ərazilərimizi minadan təmizləmək üçün beynəlxalq dəstək çox azdır. “Düşünürəm ki, beynəlxalq dəstək artırılmalı və bu problemlə mübarizədə səylərimizi səfərbər etməliyik”, – deyə QHT sədri bildirib.