Martın 30-da Tacikistanın paytaxtı Düşənbə şəhərində keçirilən “Asiyanın ürəyi – İstanbul prosesi” 9-cu Nazirlər Konfransı çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Əfqanıstan İslam Respublikasının Prezidenti Məhəmməd Əşrəf Qəni ilə görüşüb.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, Əfqanıstan Prezidenti Azərbaycanı böyük Qələbə münasibətilə təbrik edib, bu Zəfərin beynəlxalq hüququn qalibiyyəti olduğunu vurğulayıb. Bu xüsusda, Məhəmməd Əşrəf Qəni Azərbaycan Prezidenti İlham Əliyevə xüsusi təbriklərini çatdırıb.
Prezident Məhəmməd Əşrəf Qəni Azərbaycanın işğaldan azad edilmiş ərazilərində törədilmiş dağıntıların miqyasından xəbərdar olduğunu və bunun təəssüf doğurduğunu qeyd edib.
Ceyhun Bayramov Əfqanıstan Prezidentinə təşəkkürünü bildirərək, Azərbaycan Prezidenti İlham Əliyevin səmimi salamlarını qarşı tərəfin diqqətinə çatdırıb.
Nazir Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən yenidənqurma və bərpa işlərindən bəhs edib, yaxın gələcəkdə bu ərazilərə həyatın geri qayıdacağını vurğulayıb.
Tərəflər Azərbaycan ilə Əfqanıstan arasında ikitərəfli münasibətlərin inkişafını məmnunluqla qeyd ediblər. “ASAN xidmət”in Əfqanıstanda fəaliyyətə başlaması və gələcəkdə bu xidmətin daha geniş sahələri əhatə etməsi niyyəti, ADA Universitetində gənc əfqan diplomatlar üçün təlimlərin davam etdirilməsi, habelə Lapis-Lazuli beynəlxalq nəqliyyat dəhlizinin əhəmiyyəti kimi mövzular ətrafında fikir mübadiləsi aparılıb.