Azərbaycan Silahlı Qüvvələri heç vaxt mülki şəxsləri və mülki infrastrukturu hərbi hədəf olaraq seçmir və BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq özünümüdafiə hüququndan istifadə etməklə, Ermənistanın silahlı hücumuna cavab olaraq yalnız qarşı tərəfin hərbi heyətinə qarşı güc istifadə edir.
AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycan Respublikasının Vyanadakı Beynəlxalq Təşkilatlar yanında daimi nümayəndəsi səfir Qalib İsrafilov Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Baş direktoru Rafael Qrossi ilə görüşdə söyləyib. Səfir vurğulayıb ki, bunun əksinə olaraq isə Ermənistan tərəfi daim mülki infrastruktura qarşı hərbi güc tətbiq edəcəyinə dair hədələr səsləndirir.
Görüşdə Azərbaycan səfiri Ermənistan tərəfinin Azərbaycan Müdafiə Nazirliyinin mətbuat katibinin bu yaxınlarda Metsamor AES ilə bağlı şərhi ətrafında spekulyasiya yaratdığını diqqətə çatdırıb. Qəti şəkildə bildirilib ki, bu, Azərbaycan ərazilərinin qeyri-qanuni olaraq güc tətbiqetmə, kütləvi qırğınlar, etnik təmizləmə və beynəlxalq hüququn kobud şəkildə digər pozuntuları fonunda davam edən hərbi işğalından diqqəti yayındırmaq məqsədilə Ermənistanın beynəlxalq ictimaiyyəti yanıltmaq üçün növbəti cəhdidir.
Azərbaycan tərəfi AEBA Baş direktorunu məlumatlandırıb ki, Azərbaycan Müdafiə Nazirliyinin müvafiq məlumatları mülki əhalinin yaralanması və həyatını itirməsi ilə nəticələnən, yaşayış evləri və mülki infrastruktura ciddi ziyan vuran ağır artilleriyanın istifadəsi daxil olmaqla, Ermənistan Silahlı Qüvvələri tərəfindən niyyətli şəkildə Azərbaycanın sərhədyanı ərazilərindəki mülki əhalinin hədəfə alınması kontekstində nəzərdən keçirilməlidir. Qeyd edilən şərh isə Ermənistan tərəfinin KİV vasitəsilə Mingəçevir Su Elektrik Stansiyasını hərbi hədəfə çevirə biləcəyi ilə bağlı xəbərə cavab olaraq verilib.
Səfir Qalib İsrafilov Baş direktor Rafael Qrossinin diqqətini Azərbaycanın Metsamor AES ilə bağlı çoxdankı təhlükəsizlik narahatlıqlarına da yönəldib. O, agentliyi Metsamor AES-in təhlükəsizlik statusunun hərtərəfli qiymətləndirilməsini şəffaf şəkildə, risk və təhlükəsizlik dəyərləndirməsi əsasında açıq baxış keçirməyə çağırıb. Azərbaycanın mövqeyinə görə 2011-ci ilin 16 may-2 iyun tarixlərində AEBA Əməliyyat Təhlükəsizlik Qiymətləndirmə Heyəti tərəfindən həyata keçirilən Metsamor AES-in qiymətləndirməsi zamanı AES-də yalnız əməliyyat təhlükəsizliyi göstəricilərinin qiymətləndirilməsi baş verib və nəticələrə dair hazırlanmış hesabat Ermənistan hökuməti tərəfindən məxfi saxlanılmaqdadır. Ermənistan tərəfinin bu yanaşması Metsamor AES ilə bağlı məlumatlara dair legitim narahatlıqları olan qonşu ölkələr tərəfindən məlumatların əldə edilməsinə maneə yaradır. Şəffaflığın məhdudluğu və AES-in vaxtı keçmiş texnologiyası və köhnəlmiş infrastrukturu qonşu ölkələrdə ciddi narahatlıqlar yaradır və Metsamor AES-in təxirə salınmadan bağlanmasını tələb edir.
Bu xüsusda, beynəlxalq təşkilatların Metsamor AES-lə bağlı mövqeləri diqqətə çatdırılıb. Xüsusi olaraq qeyd edilib ki, Avropa İttifaqı su-soyuducu VVER0440 Model V230-u Şərqi Avropa və keçmiş Sovet İttifaqında sovetlərin bütün tikilmiş reaktorları arasında “ən qədim və ən az etibarlı” olaraq təsnifləndirib.
ABŞ və digər G-7 ölkələri ciddi təhlükəsizlik narahatlıqlarına görə Metsamor AES-in yenidən fəaliyyət göstərməsinə sərt şəkildə qarşı çıxıblar. ABŞ-ın Enerji Departamentinin hesabatında Metsamor AES-in hər iki bloku ən təhlükəli nüvə reaktorları kimi siyahıya daxil edilib. Beynəlxalq ictimaiyyətin etirazına baxmayaraq, Blok 2 1995-ci ilin oktyabr ayında yenidən fəaliyyət başlayıb.
Daha sonra Azərbaycan tərəfi AEBA Baş direktorunun diqqətini Ermənistandan nüvə və digər radioaktiv materialların qaçaqmalçılığı məsələsinə yönəldib. Ermənistan vətəndaşlarının iştirakı ilə həyata keçirilən bir neçə nüvə qaçaqmalçılığı halları bu istiqamətdə Ermənistan marşrutunun mövcudluğuna dair əsaslı dəlillərin olmasını sübut edir. Bu hallardan bəziləri nüvə materiallarının ələ keçirilməsi ilə bağlı idi. Belə radioaktiv mənbələrdən zərərli məqsədlər üçün istifadə edilə bilər. Buna misal olaraq radioloji dispersiya aparatında və ya “çirkli bomba”da istifadəni misal çəkmək olar. Nəzarət olunmayan radioaktiv mənbələr, həmçinin insan sağlamlığına və ətraf mühitə zərər vermə potensialına malikdir. Qanunsuz olaraq atılan radioaktiv mənbələr metal qırıntıları təkrar emal zavodlarında əridildikdə, ətraf mühitə və əhalinin sağlamlığına ciddi təhlükə yarada bilər və onlar dərhal aradan qaldırılmalıdır.
Görüşdə, həmçinin qarşı tərəfə Ermənistan rəsmilərinin müxtəlif dövrlərdə Azərbaycanın mülki yaşayış məntəqələri və iqtisadi infrastrukturuna zərbələr endiriləcəyinə dair hədələrinin əks olunduğu faktlar da təqdim edilib.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana