
Mayın 1-də Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə “Post-kolonial dövrdə gənclərin rolunun gücləndirilməsi” adlı beynəlxalq Gənclər Forumu keçirilir.
AZƏRTAC xəbər verir ki, Forumda ilk dəfə olaraq indiki və keçmiş müstəmləkələri təmsil edən gənc diplomatlar, tədqiqatçılar, beynəlxalq hüquq sahəsində ixtisaslaşmış şəxslər, səhiyyə sahəsi üzrə mütəxəssislər, müstəqillik tərəfdarı olan siyasi partiyaların və təşkilatların nümayəndələri, gənclər təşkilatlarının rəhbərləri və universitet tələbələri iştirak edirlər. Ümumilikdə 17 ölkədən qonaqlar ölkəmizlə tanış olub, təcrübələrini bölüşəcəklər. Eyni zamanda, ölkəmizin ali məktəblərində təhsil alan əcnəbi tələbə və tədqiqatçılar Foruma qatılıb.
Tədbirdə iştirak edən gənclər kolonializmin və neokolonializmin müasir fəsadlarına qarşı mübarizədə gənclərin beynəlxalq həmrəylik şəbəkəsinin və əməkdaşlıq platformasının qurulması, ortaq məqsədlər ətrafında daha sistemli və səmərəli beynəlxalq əməkdaşlıq mexanizmlərinin işlənib hazırlanması istiqamətində fikir mübadiləsi aparacaqlar.
Həmçinin müstəmləkəçiliyə məruz qalmış ərazilərdə kolonial idarəçiliyə və neokolonial siyasətə son qoyulması, öz müqəddəratını təyinetmə prosesinin, eləcə də BMT-nin Dekolonizasiya siyahısına daxil edilmiş ərazilərin azad olunmasının sürətləndirilməsi, digər müstəmləkələrin bu siyahıya daxil edilməsi, eləcə də hazırda müstəmləkə ərazilərində yerli əhalinin üzləşdiyi çoxsaylı problemlər, eyni zamanda, etnik azlıqlara qarşı repressiv siyasət aparan hökumətlərin təzyiqləri nəticəsində ölkələrini tərk etmək məcburiyyətində qalan gənclərlə bağlı məsələlərin həlli müzakirə ediləcək.
Qeyd edək ki, hazırda müstəmləkə idarəçiliyi altında yaşayan gənc nəsil bir sıra ciddi çağırışlarla üzləşməkdədir. Bu çağırışlara milli və mədəni kimliyin zəiflədilməsi, tarixi yaddaşın məhv edilməsi, ana dillərində təhsil, yaradıcılıq və inkişaf imkanlarının məhdudlaşdırılması daxildir. Bununla yanaşı, məcburi miqrasiya, sosial bərabərsizlik, yoxsulluq, yüksək işsizlik səviyyəsi, keyfiyyətli təhsilə çıxış imkanlarının məhdudluğu həmin gəncləri siyasi qərarvermə proseslərindən kənarda saxlayır və ölkənin gələcək idarəçiliyindən məhrum edir. Üstəlik, təbii və iqtisadi resursların istismarı əhalinin normal yaşayışına, təhsilə və səhiyyəyə əlçatanlığına ciddi maneə törədir.
Keçmiş müstəmləkə ərazilərində yaşayan gənclər bu gün də müstəmləkəçiliyin yaratdığı tarixi, iqtisadi, sosial və ekoloji fəsadların ağır nəticələrini hiss etməkdədir. Xüsusilə həyata keçirilən nüvə sınaqlarının təsirləri gənc ailələrin sağlamlığına və gələcək nəsillərin rifahına mənfi təsir göstərməkdədir. Eyni zamanda, keçmiş müstəmləkə güclərinin reparasiya, mədəni irs və tarixi dəyərlərin restitusiyası, habelə qanunsuz istismardan əldə edilmiş gəlirlərin kompensasiyası məsələlərindən yayınması, Belçika və Niderland nümunəsində müşahidə edildiyi kimi, tarixi ədalətin bərpasını ləngidir.
Forum çərçivəsində bu və digər aktual məsələlər ətrafında geniş müzakirələrin aparılması nəzərdə tutulur.
















Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb
WUF13-ün rəsmi bağlanış mərasimi keçirilir
Prezident İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında WUF13-ün açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibə verib










