Təcavüzkar Ermənistan Respublikasının beynəlxalq müstəvidə ifşa olunması üçün Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən kompleks tədbirlərin həyata keçirilməsi davam etdirilir. Həyata keçirilən bu tədbirlərin davamı kimi, Baş Prokurorluğun mətbuat xidməti tərəfindən Azərbaycan, rus və ingilis dillərində videoçarx hazırlanıb.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, videoçarxda təxribatçı Ermənistan silahlı qüvvələrinin ordumuza və dinc əhaliyə qarşı törətdiyi cinayətlər barədə informasiyalar yer alıb.
Qeyd olunub ki, azərbaycanlı dinc əhalinin sıx yaşadığı rayon və şəhərlərin ərazisinə 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Ermənistan silahlı qüvvələri tərəfindən vurulan zərbələr nəticəsində 30 minə yaxın mərmi və 227 raket atılıb. Vurğulanıb ki, mülki şəxslərin çoxsaylı əmlakına Ermənistanın silahlı birləşmələri tərəfindən ciddi ziyan vurulub, evlər, çoxmənzilli yaşayış binaları, qeyri-yaşayış sahələri dağıdılıb.
Həmçinin qeyd olunub ki, sentyabrın 27-dən noyabrın 10-dək Ermənistan silahlı birləşmələrinin dinc əhalini atəşə tutması nəticəsində 12-si azyaşlı və 27-si qadın olmaqla 93 nəfər qətlə yetirilib, 50-si azyaşlı və 101-i qadın olmaqla 407 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
#DontBelieveArmenia
#StopArmenianTerror
#ArmeniaisAgressor.