Faydalı olduğu açıq-aşkar sezilən azleks.az saytında Qulu Məhərrəmli və Rafiq İsmayılov tərəfindən tərtib edilmiş “Azərbaycan dilinin frazeologiya lügəti”nə istinadən bildirilir ki, “bas bayıra” ifadəsi “rədd ol”, “gözüm səni görməsin” mənasında əmr, təkid bildirən ifadədir.
Yaxşı ifadədir.
Bu ifadədən yeri gəldi-gəlmədi istifadə etmək mental-əxlaqi dəyərlərimizə və bəzi başqa məsələlərə elə də uygun gəlmir. Hərçənd ki, hamımız təsdiqləməyə hazırıq ki, çox tez-tez bu ifadəyə ehtiyac duyulur. Çeşidli səbəblərdən istifadə edə bilməsək də…
Bu ifadədən bol-bol istiadə edə bilməməyimizin səbəbləri hamımıza məlum olduğundan istəyirəm mətləbə keçim.
Hansı hallarda bu söz birləşməsinin yeri gəlir?
Doğrudan da, hansı hallarda “bas bayıra” ifadəsindən faydalanmaq istəyirik?
Bu halların sayı xüsusilə çox olduğundan mən yalnız bəzi situasiyalardan danışacagam. Bu situasiyalar nə zaman yaranır?
Öz uğursuzluqlarında özündən başqa hamını günahkar bilən adamın monoloqunu dinləmək məcburiyyəti yarananda.
Qolunu çirmələyib qatığın qara olduğunu sübut etmək qədər perspektivsiz işə girişən fərdlə təmas zamanı.
Xəyali pyedestalın üzərinə çıxıb ətrafdakıları oradan seyr edən canlını görəndə.
Həyatda olmadığına görə öz həqiqətlərini müdafiə edə bilməyən hansısa tarixi şəxsiyyəti təhqir edərək xal qazanmaq qərarına gəlmiş təftişçiyə təsadüf etdikdə.
Tutduğu vəzifənin ona sıravi vətəndaşlara etinasız yanaşmaq imkanı yaratdığına inanan hansısa ünsürün mövcudluğundan xəbər tutanda.
Və… auditoriyasını formalaşdırdığına və bu auditoriyanın gündən-günə genişləndiyinə şübhə etməyən adi adamın naqolay davranışının şahidi olanda.
Sonuncu məsələ barədə bir qədər ətraflı danışmaq lazımdır.
Deyək ki, müəyyən istedadı olan hər hansı şəxsin həm də bəxti gətirir. O məşhurlaşır. Diqqət mərkəzində olmağa adət edir. Bu onun özünə inamını əhəmiyyətli dərəcədə artırır. Ad və soyadının az qala mistik gücə malik olduğu barədə fərziyyələr irəli sürməyə başlayır. Bu işdə onun məşhurluq potensialından hansısa formada faydalananlar da əllərindən gəlməyənləri əsirgəmirlər. Nəticədə ortaya iyrənc mənzərə çıxır…
Özümə borc bilirəm ki, dilə yatımlı BB abbreviaturunun kifayət qədər tanınan azərbaycanlı aktyor, şoumen, həm də naşirin ad və soyadının baş hərfləri ilə üst-üstə düşməsinin sırf təsadüf kimi dəyərləndirilməli olduğunu xüsusi vurğulayım.
Fuad Babayev