Cari ilin ilk üç rübü ərzində “Bakı-Tbilisi-Ceyhan” (BTC) üzrə əməliyyat xərclərinə təxminən 86 milyon dollar, əsaslı xərclərə isə 25 milyon dollar vəsait xərclənib.
AZƏRTAC BP-nin cari ilin üçüncü rübünün yekun hesabatına istinadən xəbər verir ki, 2006-cı ilin iyun ayında istismara veriləndən 2023-cü sentyabr ayının sonunadək 1768 kilometr uzunluğunda olan boru kəməri vasitəsilə ümumilikdə təqribən 554 milyon ton (4,2 milyard barel) xam neft nəql edilib və Ceyhanda 5482 tankerə yüklənərək dünya bazarlarına göndərilib. Bu, ötən ilin göstəricilərindən 30 milyon ton və ya 5,72 faiz çoxdur.
BTC-nin ümumilikdə 4 milyard barel neft ixracına nail olması əlamətdar bir uğur kimi cari ilin yanvarın 18-də qeyd edilib.
İlk üç rüb ərzində BTC vasitəsilə ixrac olunmuş təqribən 23 milyon ton (təxminən 171 milyon barel) xam neft və kondensat Ceyhan terminalında 238 tankerə yüklənib və yola salınıb.
Qeyd edək ki, hazırda BTC boru kəməri əsasən Azərbaycandan “Azəri-Çıraq-Günəşli” nefti və “Şahdəniz” kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə Xəzərin digər regional xam neft və kondensat həcmləri (Qazaxıstan və Türkmənistan) də nəql olunur.