Azərbaycan torpaqlarının işğalı Ermənistanın planındadır və onlar bunu gizlətmirlər. Onların hərbi-siyasi rəhbərliyi Azərbaycanı yeni işğalla hədələməyə çalışırdı, yeni ərazilər uğrunda yeni işğal siyasəti – budur bu gün Ermənistan hərbi-siyasi rəhbərliyinin siyasəti.
Azərbaycanın Ermənistan ərazisində hərbi hədəfləri yoxdur.
AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev xalqa müraciətində səsləndirib.
Ermənistan silahlı qüvvələri bu gün cəbhə bölgəsində genişmiqyaslı hərbi təxribatlar törədib.
Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatı başlaması barədə qərar verilib.
Cəbhənin ən gərgin Tərtər-Ağdam və Füzuli-Cəbrayıl istiqamətlərində yerləşən ön xətt hərbi hissələri, raket və artilleriya bölmələri, cəbhə aviasiyası, zirehli texnika və digər qoşun növlərinin qarşılıqlı fəaliyyəti ilə Ermənistan silahlı qüvvələrinin atəş nöqtələri susdurulur və döyüş fəaliyyətinin qarşısı alınır.