Rusiya Kollektiv Təhlükəsizlik Müqaviləsi üzrə öhdəliklərini yerinə yetirərək Ermənistanın müdafiəsinə qalxa bilər, lakin bu öhdəliklər Dağlıq Qarabağa şamil edilmir.
AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə Kremlin mətbuat katibi Dmitri Peskov deyib.
O vurğulayıb: “Təhlükəsizliyin təmin edilməsi baxımından öhdəliklər belədir: əgər KTMT-nin üzvü olan ölkə hər hansı təcavüzə, kənardan hücuma məruz qalarsa, bu halda müqavilə iştirakçıları olan ölkələrin belə dövlətin müdafiəsinə qalxmaq öhdəlikləri var”.
Rusiya Federasiyasının hansı halda Dağlıq Qarabağda münaqişə zonasına hərbçilər göndərməyə hazır olması barədə sualın cavabında D.Peskov deyib ki, bu, KTMT çərçivəsində öhdəliklərdən irəli gəlir. Mətbuat katibi vurğulayıb: “Bu halda söhbət Ermənistandan gedir. RF Prezidenti Vladimir Putin bu iki məsələni dəqiq izah edib və onların arasında həddi göstərib, KTMT üzrə öhdəliklər Qarabağa şamil edilmir”. Onun sözlərinə görə, Ermənistan ərazisində hansısa döyüş əməliyyatları aparılması barədə məlumat təsdiqlənmir.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva