Bugünkü tədbiri digərlərindən fərqləndirən onun Zəfər Qurultayı olması, Şuşada keçirilməsidir. Dünya Azərbaycanlılarının V Qurultayında iştirak etdiyim üçün digər soydaşlarım kimi, mən də çox qürurluyam.
Bu sözləri AZƏRTAC-a açıqlamasında “Ana Vətən” Avropa Azərbaycanlı Qadınlar Assosiasiyasının sədri Mayisə Ağamirzəyeva söyləyib.
O deyib: “Bizim diaspor təşkilatı olaraq fəaliyyətimiz Qarabağ həqiqətlərini Niderland ictimaiyyətinə, bu ölkənin yerli qurumlarına çatdırmaqdan ibarətdir. Bu gün Prezident İlham Əliyevin Qurultayda qeyd etdiyi kimi, bizim informasiya mübarizəmiz davam edir. Artıq bizim Zəfərimizi hər kəs qəbul edir, Azərbaycan Ordusunun gücünü bilir”.
M.Ağamirzəyeva deyib ki, bu Qurultay yeni reallıqlar şəraitində Azərbaycan diasporunun fəaliyyəti üçün yol xəritəsi oldu. Biz diaspor təşkilatı olaraq indiyədək bir çox işlərə imza atmışıq. 44 günlük Vətən müharibəsi zamanı informasiya mübarizəmizi daha da fəallaşdırmışdıq. Bu işimizi pandemiya şəraitində də davam etdirdik. Buradan döndükdən sonra yeni layihələr işləyib hazırlayacaq, fəaliyyətimizi yeni dövrün tələblərinə uyğun formada quracağıq.