Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpasından və sərhədlərimizin işğaldan azad olunmasından sonra bu ərazilərdə sərhəd mühafizə infrastrukturun yaradılması istiqamətində tədbirlər davam etdirilir.
Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, yanvarın 18-də DSX Sərhəd Qoşunlarının “Qubadlı” əlahiddə sərhəd diviziyasının yeni qərargah binası istifadəyə verilib.
Mərasimdə DSX rəisinin müavini – Sərhəd Qoşunlarının Komandanı general-leytenant Araz Məmmədov yeni qərargah binasının açılışa hazır olması barədə Dövlət Sərhəd Xidmətinin rəisinə məruzə edib. General-polkovnik Elçin Quliyev əlamətdar hadisə münasibətilə şəxsi heyəti təbrik edib.
Tədbirdə çıxış edənlər Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin tapşırığına uyğun olaraq, azad edilmiş ərazilərimizdə zəruri sərhəd müdafiə və mühafizə infrastrukturunun yaradıldığını, hərbi qulluqçuların xidməti şəraitinin və sosial təminatının yaxşılaşdırılması üzrə ardıcıl tədbirlərin həyata keçirildiyini qeyd ediblər. Ötən il Cəbrayıl, Zəngilan, Qubadlı və Laçın rayonlarının ərazisində 19 yeni hərbi hissənin, 100-dən artıq sərhəd-döyüş məntəqəsinin xidməti-döyüş fəaliyyətinə başladığı bildirilib.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin ötən il işğaldan azad edilmiş ərazilərdə Dövlət Sərhəd Xidmətinin 4 yeni hərbi hissəsinə gəlişinin sərhəd mühafizəsi məsələlərinə göstərilən ali etimadın və dövləti qayğının növbəti ifadəsi olduğu, sərhədçiləri xidməti uğurlara ruhlandırdığı xüsusi vurğulanıb. Vətən müharibəsində döyüş tapşırıqlarını uğurla icra edərək qəhrəmanlıq salnamələri yazmış sərhədçilərin düşmən tapdağından azad olunmuş müqəddəs sərhədlərimizin toxunulmazlığının təmin edilməsi vəzifəsini bu gün də şərəflə yerinə yetirdikləri qeyd olunub.
Yeni qərargah binasının rəmzi açılışını bildirən lentin kəsilməsindən sonra burada yaradılmış şəraitə baxış keçirilib. Binada şəxsi heyətin yüksək səviyyədə xidmət aparması üçün lazımi şəraitlə təmin edilmiş iş otaqları, konfrans zalı, növbətçi otaq mövcuddur. Bina daimi su və elektrik enerjisi, istilik sistemi ilə təchiz olunub. Ərazidə abadlıq işləri görülüb, asfalt örtüyü salınıb, ağaclar əkilib. İnzibati binanın qarşısında Dövlət Sərhəd Xidmətinin Vətən müharibəsində həlak olmuş hərbi qulluqçularının xatirəsinə həsr olunan abidə ucaldılıb.
Mərasim iştirakçıları abidənin önünə gül dəstələri qoyublar.
DSX-nin sıralarında Vətən müharibəsində iştirak edərək şücaət göstərmiş, hərbi xidmətlərini layiqincə başa vuraraq Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin ehtiyatına buraxılan müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarının azad olunmasında fərqləndiklərinə görə Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev tərəfindən təltif edildikləri medallar onlara təqdim olunub.
Sonra tərxis edilən hərbi qulluqçuların təntənəli yola salınması təşkil edilib, onlarla xatirə fotoşəkilləri çəkdirilib. Şəxsi heyət DSX-nin hərbi orkestrinin ifasında “Cəngi” musiqisinin sədaları altında xüsusi ayrılmış avtobuslarla yaşadıqları bölgələrə yola salınıblar.