Dünyada orta statistik azərbaycanlının heç zaman başa düşməyəcəyi hadisələr baş verir. Bu hadisələrin sayı həddən artıq çoxdur. Mən yalnız bir hadisədən danışacağam.
2012-ci ildə Tallin sakinləri arasında referendum keçirilib. Referenduma çıxarılmış sual sakinlərin 75 faizi tərəfindən müsbət cavablandırılıb. Sual şəhərdəki ictimai nəqliyyatdan istifadənin 2013-cü ilin əvvəlindən pulsuz edilməsi ilə bağlıymış.
Tallinlilər razılıq veriblər.
Düz 4 aydır ki, Tallin şəhərində ictimai nəqliyyat pulsuzdur.
Və bu addım nəticəsində 4 nəfərlik ailə ildə 600 avroya qənaət edə biləcək.
Özü də Tallində ictimai nəqliyyatdan hər gün təqribən 100 000 adam istifadə edir.
Mən belə bir addımın atılmasını da başa düşmürəm, bu addım atılmazdan əvvəl insanların rəyinin soruşulmasını da.
Hamımızın başa düşdüyü məsələlərə keçirəm.
Aprelin sonunda “APA-Ekonomiks” Nəqliyyat Nazirliyimizin Azərbaycan ərazisində şəhərdaxili və şəhərlərarası avtobus sərnişindaşımaları tariflərinin artırılması təklifi ilə Tarif Şurasına müraciət etməsi ilə bağlı xəbər yaydı. Nazir Ziya Məmmədov deyib ki, “hazırda avtobuslarla həm şəhərdaxili, həm də şəhərlərarası sərnişin daşımaları ilə özəl sektor məşğul olur və son zamanlar iş adamlarından mövcud gediş haqlarının onların çəkdiyi məsrəflərə uyğun olmaması, xərclərin artması barədə müraciətlər daxil olur. “
Əminlik hissi ilə deyirəm ki, iş adamlarının nazirliyə belə müraciətlər etmələrində qeyri-adi heç nə yoxdur…
Xəbər agentliklərimizin yaydıqları məlumatlardan bəzilərinə nəzər salaq.
17 aprel. Metronun “Koroğlu” stansiyasının yanında 189 saylı xətt avtobusu bir yük və üç minik avtomobili ilə toqquşub. 6 nəfər ağır yaralanıb.
18 aprel. “Sədərək” ticarət mərkəzi istiqamətində gedən 211 saylı xətt avtobusu idarəetməni itirərək aşıb. Nəticədə avtobusda olan sərnişinlərdən 15 nəfər xəsarət alıb.
Elə həmin gün Bayıl qəsəbəsində 88 və 147 saylı xətt avtobuslarının toqquşması nəticəsində 10 nəfər xəsarət alıb.
23 aprel. Biləcəridə 83 saylı avtobus 92 saylı avtobusa çırpılıb. Xəsarət alanlar var.
26 aprel. Balaxanı-Novxanı yolunda 123 saylı avtobusla yük maşını toqquşub. Yaralananlar var.
Aprelin sonunda da məlum olub ki, avtobuslarda gediş haqqını qaldırmaq lazımdır.
Bax bu bizim başa düşə biləcəyimiz məsələlərdəndir.
Fuad Babayev
Siyasi elmlər üzrə fəlsəfə doktoru, əməkdar jurnalist
1 may 2013-cü ildə www.avciya.az portalında dərc olunub