
Göygöldə “Qərbi Azərbaycan irsi – Tarixi köklərə qayıdış” festivalı keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, festival Göygöl rayonunun Yeni Zod kəndində qurulan “Xan Yurdu” etno qəsəbəsində Qərbi Azərbaycan İcması və Göygöl Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə baş tutub.
Festival iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin rayon mərkəzində yerləşən abidəsini ziyarət edib, önünə tər gül dəstələri qoyublar.
Sonra stendlərə və səhnəciklərə baxış keçirilib.
Tədbir çərçivəsində çıxış edənlər Qərbi Azərbaycanın zəngin tarixi-mədəni irsinin qorunmasının və gələcək nəsillərə çatdırılmasının vacibliyini vurğulayıblar. Bildirilib ki, belə festivallar xalqımızın qədim köklərinə bağlılığını nümayiş etdirməklə yanaşı, milli yaddaşın yaşadılmasına, adət-ənənələrin təbliğinə və gənc nəslin tarixi həqiqətlər barədə məlumatlandırılmasına mühüm töhfə verir.
Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli bildirib ki, Göygöldə təşkil olunan festival milli mədəniyyətimizin, qədim adət-ənənələrimizin dirçəldilməsi və Azərbaycanın zəngin mədəni irsinin nümayişi baxımından mühüm əhəmiyyət kəsb edir.
İcma sədri vurğulayıb ki, tariximizin və milli-mənəvi dəyərlərimizin gənc nəslə aşılanması, həmçinin xalqımızın mədəni kimliyinin təbliği istiqamətində keçirilən bu cür tədbirlər vacibdir. Əziz Ələkbərli rəngarəngliyi ilə seçilən bu növ festivalların coğrafiyasının genişləndiriləcəyini və bundan sonra da ölkəmizin müxtəlif bölgələrində davamlı olaraq keçiriləcəyini diqqətə çatdırıb.
Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru, Qərbi Azərbaycan İcmasının Gəncə şəhəri üzrə nümayəndəsi Zəfər Qurbanov çıxışında festivalın ideoloji əhəmiyyətindən bəhs edib. Bildirib ki, bu cür genişmiqyaslı mədəni layihələrin reallaşdırılmasında əsas məqsəd Qərbi Azərbaycanın qədim irsini, mədəniyyətini və zəngin tarixini gələcək nəsillərə ötürmək, xüsusilə də gənclərin tarixi yaddaşını hər zaman canlı saxlamaqdır. “Bu gün hər birimizin qəlbi böyük bir tarixi qayıdışın ümidi və inamı ilə döyünür. Dövlət başçımız İlham Əliyevin rəhbərliyi ilə aparılan qətiyyətli mübarizə sayəsində bütün soydaşlarımızın yaxın zamanda öz doğma yurd-yuvalarına qovuşacağına, qədim torpaqlarımızda yenidən bərəkətli və firavan həyatın bərqərar olacağına inamımız tamdır”, – deyə o əlavə edib.
Tədbir digər çıxışlarla davam etdirilib.
















Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb
Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb
WUF13-ün rəsmi bağlanış mərasimi keçirilir
Prezident İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib










