
Avqustun 26-da torpaqlarımızın işğaldan azad edilməsi uğrunda mübarizədə qəhrəmancasına həlak olmuş şəhidlərimizin övladları üçün Heydər Əliyev Fondunun təşkilatçılığı və “Dəniz Mall”un dəstəyi ilə tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, şəhidlərimizin bizə əmanəti olan övladları həmin məkanda təşkil edilən əyləncələrdən zövq alıb, müxtəlif oyun aparatlarında, kartinq, boulinq, leqo meydançası və digər əyləncə məkanlarında oynayıb, rəqslərə qoşulublar.
Uşaqlar bu günün təəssüratını birgə nahar süfrəsi arxasında paylaşıblar.
“Dəniz Mall”da keçirilən tədbirlə bağlı təəssüratlarını AZƏRTAC-la bölüşən şəhid Elnur Xəlilovun qızı Mələk Xəlilova burada çox əyləndiyini söyləyib. O, belə gözəl tədbirə qatıldığı üçün özünü çox sevincli hiss etdiyini deyib.
Şəhid Qara Balakişiyevin qızı Xədicə Balakişiyeva isə bildirib: “Bura mənim çox xoşuma gəldi. Dostlarımızla gözəl vaxt keçirdik. Maraqlı gün oldu. Buradakı attraksionlar çox əyləncəlidir”.
Bu gün çox sevincli olduğunu söyləyən şəhid Şəhriyar Quliyevin oğlu Camal Quluzadə isə qeyd edib: “Burada olan bütün uşaqlar kimi, mən də çox əyləndim, gözəl bir gün keçirdik. Dostlarımla birlikdə yaxşı istirahət etdik. Bu anları heç vaxt unutmayacağam. Hamıya təşəkkür edirəm”.
Tədbirlərin yekununda gözəl istirahət günündən xatirə olaraq hər bir uşağa Heydər Əliyev Fondunun hədiyyələri təqdim edilib.
Qeyd edək ki, Heydər Əliyev Fondunun gördüyü işlər sırasında valideyn himayəsindən məhrum, eləcə də xüsusi qayğıya ehtiyacı olan uşaqların, həmçinin şəhidlərimizin övladlarının diqqətdə saxlanılması, onların hərtərəfli qayğı ilə əhatə edilməsi xüsusi yer tutur. Fond uşaqlar üçün mütəmadi olaraq tədbirlər keçirir, onların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində səylərini əsirgəmir.
















Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb
Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb
WUF13-ün rəsmi bağlanış mərasimi keçirilir
Prezident İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib










