Muxtar respublikanın könüllü gənclərinin iştirakı ilə növbəti təmizlik aksiyası Babək rayonu ərazisində yerləşən Güznüt gölü ətrafında keçirilib.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, Gənclər və İdman, Ekologiya və Təbii Sərvətlər nazirlikləri, Gənclər Fondu və YAP Naxçıvan Muxtar Respublika Təşkilatının Gənclər Birliyi tərəfindən birgə təşkil olunan aksiya “Gənclər ətraf mühitin çirklənməsinə yox deyir!” devizi altında reallaşıb.
Əvvəlcə çıxış edən Gənclər və İdman Nazirliyinin əməkdaşı Valeh Mahmudov deyib ki, gənclərin bu cür nəcib və səmərəli fəaliyyəti cəmiyyət tərəfindən yüksək qiymətləndirilir. Muxtar respublikada ətraf mühitin mühafizəsinə göstərilən diqqət Naxçıvan şəhərində və bölgələrdə yaşıllıqların çoxalmasına, ərazilərin məişət tullantılarından təmizlənməsinə, gənclərin Naxçıvanın təbiəti haqqında ətraflı məlumat toplamasına və ona qayğıkeş münasibət göstərməsinə səbəb olub.
Çıxış edənlər muxtar respublikada təbiətin mühafizəsinə göstərilən dövlət qayğısı, bu sahədə gənclərin rolu və görülən işlər barədə danışıblar. Qeyd olunub ki, ətraf mühitin qorunması hər kəsin vətəndaşlıq borcudur.
Sonra aksiyaya start verilib. Zəruri sanitar ləvazimatlarla təmin olunan gənclər tullantıları sahələrdən toplayıb, ətrafda səliqə-sahman yaradıblar.