Azərbaycanın Malayziyadakı səfirliyi mədəni irs sahəsində nüfuzlu qurumlardan olan Malayziya İrs Təşkilatında (Badan Warisan Malaysia) “Azərbaycanın mədəni irsi” mövzusunda tədbir təşkil edib.
Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, tədbirin əsas məqsədi Malayziya ictimaiyyətini Azərbaycanın zəngin mədəni irsi ilə tanış etmək, həmçinin hazırki Ermənistan ərazisində və Azərbaycanın 30 il ərzində işğal altında qalan torpaqlarında xalqımıza məxsus mədəni irsin məqsədyönlü və sistemli şəkildə məhv edilməsi barədə məlumatlılığın artırılması olub.
Tədbirdə elm adamları, QHT rəhbərləri və təmsilçiləri, jurnalistlər, Malayziya İrs Təşkilatının rəhbərliyi və üzvləri, eləcə də mədəniyyət sahəsi ilə maraqlanan ictimaiyyət nümayəndələri iştirak ediblər. Azərbaycan səfiri İrfan Davudov Azərbaycanın tarixindən, zəngin mədəni irsindən, etnik və dini tolerantlıq xüsusiyyətlərindən, mədəniyyətlərin kəsişməsindəki coğrafi və mənəvi rolundan bəhs edib, mədəni irsin qorunması məsələsinin dövlət başçısının diqqət mərkəzində olduğunu bildirib. O, tarixi Azərbaycan torpaqlarında Ermənistan dövlətinin yaradılması, eləcə də 1990-cı illərin əvvəllərindən etibarən Ermənistanın işğalçılıq siyasəti nəticəsində Azərbaycanın mədəni irsinə vurulmuş zərərdən, məqsədyönlü etnik təmizləmə siyasətindən ətraflı söz açıb.
Azərbaycanın Mədəniyyət Nazirliyinin hazırladığı videoçarxın nümayişindən sonra səfirliyin müşaviri E.Salmanov xalqımızın mədəni dəyərlərindən, Azərbaycan dövlətinin mədəni və dini abidələrin qorunması istiqamətindəki fəaliyyətindən, işğal illərində mədəni irsin qorunması ilə bağlı müvafiq beynəlxalq normaların Ermənistan tərəfindən pozulmasından, işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq, o cümlədən mədəni irsin bərpası istiqamətində həyata keçirilən tədbirlərdən bəhs edib.
Sonda Mədəniyyət Nazirliyinin Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhəri ilə bağlı hazırladığı videoçarx nümayiş etdirilib. Tədbir çərçivəsində ölkəmizin mədəni, tarixi və dini abidələrinin şəkillərindən ibarət sərgi də təşkil olunub.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin