Moldova Azərbaycanın biznes dairələri ilə investisiya əməkdaşlığını gücləndirmək niyyətindədir.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanovla görüşdə Moldovanın Baş naziri Natalya Qavrilitsa söyləyib.
“Bütün çətinliklərə baxmayaraq, Moldova Respublikası xarici investorlar üçün sevimli yer olaraq qalır. Son vaxtlar Belçika, Niderland, Türkiyə, ABŞ, Almaniya, Litva, Böyük Britaniya kimi ölkələrdən investisiya layihələri cəlb edə bilmişik. Biz Azərbaycanın biznes dairələri ilə investisiya əməkdaşlığını gücləndirmək niyyətindəyik”, – deyə Nataliya Qavrilitsa bildirib.
Baş nazir, həmçinin Moldova Respublikasının enerji sahəsində əməkdaşlığın gücləndirilməsində maraqlı olduğunu, Azərbaycandan təbii qazın idxalı imkanlarının təhlil edildiyini bildirib.
Görüşdə Moldova ilə Azərbaycan arasında ticarət və investisiya əməkdaşlığının dərinləşdirilməsi perspektivləri də müzakirə edilib.
Tərəflər bu il oktyabrın 10-12-də Bakıda keçiriləcək ticari-iqtisadi əməkdaşlıq üzrə Moldova-Azərbaycan hökumətlərarası komissiyasının təşkili təşəbbüsünü yüksək qiymətləndiriblər. Həmin müddət ərzində ikitərəfli Sahibkarlar Forumu təşkil olunacaq və bu Forumda ölkəmizin investisiya imkanları təqdim ediləcək. Tədbirlər Baş nazir Nataliya Qavrilitsanın Bakıya səfərinə təsadüf etdiyi üçün səfərin təşkili ilə bağlı məsələlər də müzakirə olunub.
Qeyd edək ki, hazırda Moldova Respublikası Azərbaycanla müxtəlif sahələrdə əməkdaşlıqla bağlı 50-yə yaxın müqavilə imzalayıb.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kişineu