
Rəqəmsal dövrdə uşaqların qorunması artıq yalnız ailə məsələsi deyil, milli ictimai sağlamlıq və uşaq hüquqları məsələsidir.
Bunu AZƏRTAC-a açıqlamasında inkişaf və sosial pediatriya üzrə mütəxəssis, Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti dosent Nigar Bayramova deyib.
Mütəxəssisin sözlərinə görə, rəqəmsal texnologiyaların və sosial medianın sürətlə inkişaf etdiyi bir dövrdə uşaqların informasiya mühitinə çıxışı əvvəlki nəsillərlə müqayisədə xeyli genişlənib. İnternet və sosial platformalar təhsil, maarifləndirmə və sosial inteqrasiya üçün mühüm imkanlar yaratsa da, eyni zamanda, uşaqların psixi sağlamlığı, emosional rifahı və inkişafı üçün müəyyən risklər formalaşdırır: “İnkişaf və sosial pediatriya sahəsində çalışan mütəxəssis olaraq qeyd etmək istərdim ki, uşağın sağlamlığı yalnız fiziki sağlamlıq göstəriciləri ilə məhdudlaşmır. Uşağın emosional inkişafı, davranış xüsusiyyətləri, sosial münasibətləri, təhlükəsiz informasiya mühitində böyüməsi və psixoloji rifahı da onun sağlam inkişafının ayrılmaz tərkib hissəsidir.
Son illərdə aparılan beynəlxalq tədqiqatlar göstərir ki, uşaqların yaşlarına uyğun olmayan zorakılıq məzmununa, aqressiyanı təşviq edən materiallara, dezinformasiyaya, təhlükəli çağırışlara və manipulyativ rəqəmsal məzmunlara məruz qalması onların davranışına, emosional vəziyyətinə, özünəinamına və sosial münasibətlərinə mənfi təsir göstərə bilər. Xüsusilə, yeniyetmə yaşlarında sosial şəbəkələrdən nəzarətsiz istifadə təşviş pozuntuları, depressiv əlamətlər, yuxu problemləri və kiberzorakılıq riskinin artması ilə əlaqələndirilir.
Dünya təcrübəsi də bu istiqamətdə qabaqlayıcı tədbirlərin vacibliyini təsdiqləyir. Avropa İttifaqı ölkələrində uşaqların onlayn təhlükəsizliyinin təmin olunması məqsədilə rəqəmsal platformalara xüsusi öhdəliklər müəyyən edilib, yaşa uyğun məzmun siyasəti tətbiq olunub. Böyük Britaniyada qəbul edilmiş Onlayn Təhlükəsizlik Qanunu, Fransada və bir sıra digər Avropa ölkələrində valideyn nəzarəti mexanizmlərinin gücləndirilməsi, Avstraliya və bəzi Skandinaviya ölkələrində uşaqların rəqəmsal rifahının qorunmasına yönəlmiş proqramlar bu sahədə uğurlu nümunələr hesab olunur. Həmin təcrübələrin ümumi məqsədi uşaqları rəqəmsal mühitdən uzaqlaşdırmaq deyil, onların təhlükəsiz və sağlam informasiya mühitində inkişafını təmin etməkdir.
Hesab edirəm ki, ölkəmizdə müzakirə olunan “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanun layihəsinə təklif olunan dəyişikliklər də məhz bu yanaşmaya əsaslanmalıdır. Uşaqların informasiya əldə etmək hüququ qorunmaqla yanaşı, onların yaş xüsusiyyətlərinə uyğun olmayan və inkişafına zərər verə biləcək məzmunlardan müdafiəsi təmin edilməlidir. Bu, BMT-nin Uşaq Hüquqları Konvensiyasında təsbit olunmuş “uşağın üstün maraqları” prinsipinə də tam uyğundur.
Eyni zamanda, qeyd etmək vacibdir ki, uşaqların rəqəmsal təhlükəsizliyi yalnız qanunvericilik tədbirləri ilə məhdudlaşmamalıdır. Valideynlərin maarifləndirilməsi, məktəblərdə rəqəmsal savadlılığın artırılması, müəllimlərin və səhiyyə işçilərinin bu sahədə məlumatlandırılması, media platformalarının sosial məsuliyyətinin gücləndirilməsi və multidisiplinar əməkdaşlıq mühüm rol oynayır.
Uşaqlar cəmiyyətimizin gələcəyidir. Onların təhlükəsiz informasiya mühitində böyüməsi, sağlam psixososial inkişafı və rəqəmsal dünyanın imkanlarından risklər minimuma endirilərək faydalanması dövlətin, ailənin və cəmiyyətin ortaq məsuliyyətidir. “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Qanuna təklif olunan düzəlişlər və əlavələr müasir dövrdə uşaqların sağlam inkişafının təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb edən təşəbbüslərdən biridir. Bu baxımdan həmin dəyişiklikləri uşaqların hüquqlarının, sağlamlığının və rifahının qorunmasına xidmət edən mühüm addım kimi qiymətləndirirəm”.
Müxbir – Göyçək Mahmudlu
















Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb
Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb
WUF13-ün rəsmi bağlanış mərasimi keçirilir
Prezident İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib










