Dünya fırlanır. Və dəyişir. Durmadan fırlanan və təqribən həmin sürətlə də dəyişən dünyada həmişə yeniliklərə ehtiyac duyulur. Heç olmasa sözdə. Odur ki, mənim dövriyyəyə yeni qarğışlar, bəli, bəli, qarğışlar buraxmaq istəyimi sadəcə olaraq zəmanə ilə ayaqlaşmaq cəhdi kimi dəyərləndirmənizi xahiş edirəm.
Əvvəlcə köhnə qarğışlarımıza nəzər salaq. Məsələn, Hacı Qara öz biznes partnyorlarının arxasınca söylənərək deyirdi: “Evin dağılsın çit satan! Qapın çırpılsın şilə verən!” – və nəhayət. – “ Çadra verən, səni görüm heç uğruna xeyir gəlməsin! Sağ-salamat satdığın malın qazancın yemiyəsən!” Kifayət qədər təsirli, reallaşacağı təqdirdə çox pis fəsadlar verə biləcək fikirlərdir. Və bu sözlər böyük Axundovun 1852-ci ildə qələmə aldığı komediyanın personajının dilindən səslənir. Təbii ki, Hacı Qaranın qarğışları yumşaq desək köhnəlib və bu günümüzlə tam səsləşmir.
Və yaxud Leonid Qaydayın 1968-ci ildə çəkdiyi “Brilyant əl” filminə nəzər salaq. Anatoli Papanovun qəhrəmanının “səni görüm təkcə məvaciblə dolanasan” qarğışı onda sovet azərbaycanlıları üçün təsirli olub. Amma bu gün həmin qarğışın da aktuallıq dərəcəsi azalıb və xalqımızın böyük hissəsi bunu təsdiqləyə bilər.
Əgər qarğışlar köhnəlibsə, onları yenilərilə əvəz etmək lazımdır. Özü də velosiped icad etmədən. Köhnə qarğışlara bir balaca əl gəzdirib yenidən xeyli müddət istifadə etmək olar.
Məsələn, Hacı Qaranın çit satanın evinin dağılması ilə bağlı səsləndirdiyi qarğışa zəruri əlavə edib onu maksimal dərəcədə müasirləşdirə bilərik. Deyək ki, bu formada: “Evini dağıdalar və sənə verilən kompensasiya ilə özünə təzə ev ala bilməyəsən!”
Etiraf edin ki, bu daha qüvvətli, bir növ adamın yeddi qatından keçən bir qarşışdır. Doğrudur, bir qədər uzundur. Amma bu da problem deyil. Məsələn belə də demək olar: “Evini dağıdalar və sən evsiz qalasan!” Onsuz da hamıya məlumdur ki, ilin-günün bu vaxtında evlər niyə dağılır və evi dağılan hansı səbəbdən təzə ev ala bilmir.
Beləliklə, xalğımızın əsrlərlə formalaşdırdığı qarğışlar xəzinəsi xeyli dərəcədə köhnəlsə də, bərpa edilib yenidən qədibilən insanlarımızın ixtiyarına verilə bilər. Qoy ürəkləri istəyən qədər istifadə etsinlər.
Fuad Babayev
Siyasi elmlər üzrə fəlsəfə doktoru, əməkdar jurnalist
6 fevral 2013-cü ildə www.avciya.az portalında dərc edilib