Pozitiv əhval-ruhiyyəli insanlara biz yüksək dəyər veririk.
Düz edirik.
Belə insanlarımızın sayı azdlr.
Pozitiv xəbərləri də çox sevirik. Həm də ona görə ki, pozitiv xəbərlər də adətən çox olmur. Hər halda bizim almaq istədiyimiz qədər deyil belə xəbərlərin sayı və bu deyəsən bütün dövrlərdə belə olub.
Qeyd etməliyəm ki, pozitivlik artıq hamının zəhləsini tökmüş koronavirus testləri ortaya çıxana qədər birmənalı olaraq yaxşı nəsnə kimi qəbul edilirdi.
İndi vəziyyət bir qədər fərqlidir. Hesab edirəm ki, pozitivlik məsələsinə fərqli yanaşmanı davam etdirməliyik.
Məsələn, şərti olaraq “pozitiv politologiya” kimi adlandırılması mümkün olan fenomen heç də həmişə özünü doğrultmur. Doğrulda da bilməz. İcazənizlə, fikrimi izah edirəm.
Tutaq ki, dişiniz ağrıyır və siz üz tutmusunuz stomatoloqa. Stomatoloq dişlərinizi müayinə edir və deyir ki, sizin heç bir probleminiz yoxdur. Dişləriniz ağrımır və ağrımayacaq. Üstəlik, heç vaxt da ağrımayib dişləriniz.
Belə bir stomatoloqa güvənmək olarmı?
Daha bir misal. Televizora baxırsınız və görürsünüz ki, hansısa okeanoloq okeanlardan danışır. Və fərəhlə bildirir ki, bütün okeanlarda hər şey qaydasındadır. İşlər o qədər yaxşı gedir ki, hətta qurd quzu ilə, daha doğrusu köpək balıqları yeməli balıqlarla yola gedə bilir. Hər şey qaydasındadır. Narahat olmaq üçün heç bir əsas yoxdur.
Belə bir okeanoloq ciddi qəbul edilə bilərmi?
Yox.
Bəs hər şeyin həmişə tam qaydasında olduğunu deyən pozitiv ruhlu politoloqla qarşılaşmısınızsa? Onda nə edək?
Doğrudan da nə etmək olar?
Özünü politoloq kimi təqdim edən şəxs artıq ibtidai sinif şagirdlərinə belə məlum olan iki-üç tezisdən kənara çıxmadan üyüdüb-tökürsə ona qulaq asmağa dəyərmi?
Nə deyəcəyi, hansı nəticələrə gələcəyi əvvəlcədən məlum olan pozitiv politoloqa necə başa salmaq olar ki, onun çıxışı əksər hallarda boşluğa monoloqdan başqa bir şey deyil?
Nə edək?
Obyektivliyə can atan politoloqlara önəm verməliyik. Xoşbəxtlikdən, belə peşəkarlar da var. Doğrudur, onların sayının çox oldugunu deyə bilmərəm.
Onu da qeyd edim ki, təqribən “pozitiv politologiya” qədər faydasız olan “neqativ politologiya” da var…
Fuad Babayev