Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 7-də Bolqarıstanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Ruslan Stoyanovun etimadnaməsini qəbul edib.
AZƏRTAC xəbər verir ki, səfir Ruslan Stoyanov etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.
Ölkələrimizin yaxın və strateji tərəfdaş olduğunu vurğulayan dövlətimizin başçısı ikitərəfli münasibətlərimizin bundan sonra da inkişaf edəcəyinə əminliyini bildirdi. Prezident İlham Əliyev yüksəksəviyyəli qarşılıqlı səfərlərin əhəmiyyətinə toxunaraq vurğuladı ki, dostluq əlaqələrini nümayiş etdirən bu səfərlər zamanı ikitərəfli gündəlikdə duran çox mühüm məsələlərlə bağlı qərarlar qəbul olunub.
Dövlətimizin başçısı hazırkı əməkdaşlığımızın əsas mövzularından birinin enerji sahəsinə aid olduğunu deyərək, Cənub Qaz Dəhlizi layihəsinin önəminə toxundu, enerji təhlükəsizliyinin təmin edilməsi məsələsində ölkələrimizin uzun illər bundan sonra da yaxın tərəfdaş olacaqlarına ümidvarlığını bildirdi. Prezident İlham Əliyev, eyni zamanda, birgə layihələrin həyata keçirilməsinin Bolqarıstana Azərbaycan qazı üçün tranzit ölkəyə çevrilmək imkanı yaratdığını qeyd etdi.
Azərbaycan Prezidenti enerji sahəsi ilə yanaşı, digər sahələrdə də əməkdaşlığın inkişafı üçün potensialın olduğunu bildirdi, ticarət dövriyyəsinin artırılması üçün səylərin göstərilməsinin vacibliyini vurğuladı.
Ölkələrimiz arasında qarşılıqlı siyasi fəaliyyətin yaxşı səviyyədə olduğunu bildirən dövlətimizin başçısı Azərbaycan-Avropa İttifaqı və Azərbaycan-NATO əməkdaşlığında Bolqarıstanın rolunu qeyd etdi.
Azərbaycan Prezidenti səfirə fəaliyyətində uğurlar arzuladı.
Ruslan Stoyanov, ilk növbədə, Bolqarıstan Prezidenti Rumen Radevin salamlarını dövlətimizin başçısına çatdırdı.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Rumen Radevə çatdırmağı xahiş etdi.
Azərbaycanın Bolqarıstan üçün strateji tərəfdaş ölkə olduğunu vurğulayan səfir dövlətlərimiz arasında mövcud olan qarşılıqlı etimadın və yüksəksəviyyəli görüşlərin strateji tərəfdaşlığımızın göstəricisi olduğunu dedi. Ruslan Stoyanov vurğuladı ki, Azərbaycan-Bolqarıstan münasibətləri yalnız strateji xarakter daşımır, onlar həm də dost münasibətləridir. Səfir Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun istismara verilməsinin əhəmiyyətinə də toxundu.