Yeddi gündür ki, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Qarabağ iqtisadi bölgəsində yaşayan erməni milliyyətindən olan sakinlərə ünvanlanan 40 ton un məmulatlarından ibarət humanitar yardım Ağdam-Xankəndi yolundadır.
Yardımın çatdırılması üçün görülən tədbirlər barədə AZƏRTAC-ın müxbirinə müsahibə verən Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAÇ) vitse-prezidenti Qafar Əsgərzadə deyib: “Neçə gündür ki, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin rəhbər heyəti, əməkdaşları və könüllüləri öz humanist missiyasını həyata keçirmək üçün iş başındadırlar. Məqsəd Qarabağ iqtisadi bölgəsində yaşayan erməni sakinlərə yardım göstərilməsindən ibarətdir. Bu missiyanı ölkəmizdə yerinə yetirən yeganə qurum Azərbaycan Qızıl Aypara Cəmiyyətidir və fədakar ayparaçılar neçə gündür ki, gözləyirlər. Qızıl Aypara Cəmiyyəti rəhbərliyinin ərazidə yerləşən Rusiya sülhməramlı qüvvələrinin komandanlığı ilə müəyyən dialoqları olub. Onlar yardımların ünvanına çatdırılması üçün vaxt istəyiblər. Biz həmin zamanı gözləyirik və güman edirəm ki, xeyirxah addımımız müsbət dəyərləndiriləcək və gətirdiyimiz karvan öz ünvanına çatdırılacaq. Bundan ötəri nə qədər vaxt lazım olsa, gözləyəcəyik və mobil dəstələr yükləri çatdırmaq üçün hazır vəziyyətdədirlər. İmkan yaradılacağı təqdirdə ayparaçılar operativ şəkildə yardımları ünvanına çatdıracaqlar.
Vitse-prezident fikrinə davam edərək deyib: “Unun keyfiyyəti ilə bağlı səslənən fikirlərə gəldikdə isə onu deyə bilərəm ki, gətirilən un məmulatları tam keyfiyyətlidir, onun keyfiyyət sertifikatı var, hər kisənin üstündə istehsal tarixinin avqustun 28-dən etibarən olduğu göstərilib və 12 ay saxlama müddəti var. Biz səbirlə qarşı tərəfdən məlumat gözləyirik. Məlumat gəldiyi təqdirdə dərhal onu həyata keçirəcəyik, çünki bu bizim insanlıq missiyamızdır. Ərazidə şərait yaradılandan sonra sakinləri ehtiyacı olan digər məhsullarla da təmin etməyə hazırıq. Həqiqətən də insanların yardıma ehtiyacı varsa, biz aparılan dəyərləndirmədən sonra hər bir kəsə dinindən, irqindən, siyasi əqidəsindən və etiqadından asılı olmayaraq həmin yardımları göstəririk. Güman edirəm ki, gətirdiyimiz un məmulatları tezliklə öz ünvanına çatdırılacaq”.