
Hörmətli həmvətənlər!
Sizi müqəddəs Ramazan bayramı münasibətilə ürəkdən təbrik edir, ən səmimi arzu və diləklərimi yetirirəm.
Müqəddəs kitabımız Qurani-Kərimin nazil olduğu mübarək Ramazan ayı mənəviyyatı möhkəmləndirən, müsəlmanlar arasında dini-mənəvi birlik duyğusunu gücləndirən, hər bir şəxsin daxili kamilliyinin formalaşmasına xidmət edən aylardan biridir. Bu bayram insanları savab əməllərə dəvət edir, onları yer üzündə sülhün, əmin-amanlığın və qardaşlığın bərqərar olması naminə birgə səylər göstərməyə çağırır.
İslam dünyasının mədəni mərkəzlərindən biri kimi tanınmış Azərbaycanda dini və milli-mənəvi dəyərlərə hörmət həmişə xüsusi həssaslıqla qorunub saxlanılmışdır. Bu gün əsl tolerantlıq örnəyinə çevrilən ölkəmizdə ayrı-ayrı dinlər və təriqətlər arasında qarşılıqlı hörmətin inkişaf etdirilməsi dövlət siyasətinin əsas istiqamətlərindəndir.
Azərbaycanda müxtəlif milli və dini mərasimlər, o cümlədən, Ramazan bayramı hər il dövlət səviyyəsində təntənəli şəkildə qeyd olunur. Eyni zamanda məmnunluqla deyə bilərik ki, ölkəmizdə yaşayan bütün dinlərin nümayəndələri bəşəri hadisə olan Ramazan bayramına böyük sevgi ilə yanaşır, ölkəmizin multikultural ənənələrini ehtiramla qoruyurlar.
Əziz bacı və qardaşlarım!
İnsanlarda vəhdət və humanizm duyğularını, Allah və vətən sevgisini daha da gücləndirən Ramazan bayramı hər il olduğu kimi, bu il də bütün xalqımız tərəfindən böyük ruh yüksəkliyi və könül xoşluğu ilə qeyd edilir. Bu əziz bayram günlərində sizi və ölkəmizdən kənarda yaşayan soydaşlarımızı bir daha təbrik edir, hər birinizə firavanlıq, ailələrinizə xoşbəxtlik, süfrələrinizə bərəkət arzulayıram.
Ramazan bayramınız mübarək olsun!
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 4 iyul 2016-cı il.
AZƏRTAC
















Prezident İlham Əliyev Qazaxıstana dövlət səfəri ilə bağlı paylaşım edib VİDEO
Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO
Prezident İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib VIDEO
Prezident İlham Əliyev Düşənbədə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxış edib
Prezident İlham Əliyev Düşənbədə MDB dövlət başçılarının qeyri-rəsmi şam yeməyində iştirak edib VİDEO









