Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin saat 12:00-a olan məlumatına əsasən bəzi yerlərdə leysan xarakterli yağış yağıb. Yağıntılar Balakən-Şəki, Oğuz-Qəbələ bölgələrinin ərazilərində intensiv və güclü olub. Həmçinin Bakıda və Abşeron yarımadasında da gecə və səhər yağış yağıb.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev deyib.
A.Verdiyev bildirib ki, intensiv, leysan xarakterli yağışlarla əlaqədar Balakən-Şəki, Oğuz-Qəbələ bölgələrinin ərazilərindən axan bəzi çaylardan, o cümlədən Qabırrıçaydan qısamüddətli sel keçib: “Hazırda bölgələrdə qeyri-sabit hava şəraiti davam edir. Ayrı-ayrı yerlərdə leysan xarakterli yağış yağır. Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti müşahidə olunur. Axşama doğru və sentyabrın 10-u gündüzədək fasilələrlə yağış yağacağı, yarımadanın bəzi yerlərində leysan xarakterli, intensiv olacağı proqnozlaşdırılır. Sentyabrın 10-u səhərdən 11-i gündüzədək ölkə ərazisində küləkli hava şəraiti müşahidə olunacaq. Belə ki, şimal-qərb küləyi əsəcək, yarımadanın bəzi yerlərində arabir güclənəcək”.